BAKI, 23 aprel. TELEQRAF
"Azərbaycan son illər siyasi və iqtisadi sahədə əldə etdiyi uğurlar fonunda beynəlxalq platformalarda öz fikirlərini çəkinmədən səsləndirir. Beləliklə Azərbaycan reallıqları dünyaya çatdırılır. Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın yanındayıq və bütün sahələrdə dəstəkləyirik".
Bunu Teleqraf-a açıqlamasında Yunus Əmrə İnstitutunun sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Azərbaycan fəal strateji siyasət yürüdür. Tarixi, mədəniyyəti və siyasəti ilə bölgəsinin ən önəmli dövlətlərindən birinə çevrilib. Dövlətlər torpaq sahəsinə, əhalisinə və ya iqtisadiyyatına görə böyük və ya kiçik kimi təsnif edilə bilməz. Əslində dünya siyasətində rol oynayan dövlətlər böyük sayılır. Azərbaycan öz enerji resurslarından düzgün və səmərəli istifadə etməklə Avropada nüfuza yiyələnib. O, Avropanı və onun güc mərkəzlərini rasional siyasətlə tarazlaşdırır. Avropanın xəstə ideyalarının Azərbaycana nüfuz eləməsinin qarşısını alır və bu işdə çox uğurludur.
Avropa onsuz da məkrli və ikiüzlü siyasət yürüdür, amma Azərbaycanın qüdrətindən xəbərdardır. Zəif Azərbaycan istəmir, ancaq öz nəzarətində olan Azərbaycanın tərəfdarıdır. Təbii ki, Azərbaycan hər bir ölkə ilə olduğu kimi, kontinental Avropa ölkələri ilə də yaxşı münasibətlər quracaq. Yalnız öz milli siyasətinə, Azərbaycan xalqının gələcəyinə, suverenliyinə uyğun olan siyasətlə...
Əgər Avropa bərabərhüquqlu və qarşılıqlıq hörmətə əsaslanan siyasət aparsa, başqasının daxili işlərinə qarışmasa, ermənipərəst davranmasa, sülhü səmimi şəkildə dəstəkləsə, Azərbaycan bunu görməzdən gəlməyəcək. Azərbaycan dünya diplomatiyası tarixində bərabərlik, qarşılıqlı hörmət və xoşməramlı siyasət yürüdən nadir sivil dövlətlərdən biridir. Bunu bilənlər bilir", - S.Karakılıç bildirib.