BAKI, 21 aprel. TELEQRAF

Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunur.

Teleqraf xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda baş tutan beynəlxalq konfransda çıxışında deyib.

O, həmçinin bildirib ki, Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər:

"Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək, dünyanın bütün məsələləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll ediləcəkdir. Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq, türklər, təhlükəsiz gələcəyin- yeni yüz ilin qurucularıdır!"