BAKI, 18 aprel. TELEQRAF

Avropa İttifaqının Mərkəzi Asiya dövlətləri ilə Səmərqənddə ilk dəfə iclası keçirilib. İclasın nəticəsi olaraq Orta Asiyaya 12 milyard avro investisiya vəd edən anlaşmaya imza atılıb. Bunun müqabilində Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan Cənubi Kipr Respublikasını rəsmən tanıyan ölkələrin sırasına qoşulub. Bu türk dövlətlərinin Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü olduğunu nəzərə alsaq, atılan addım heç də birmənalı qarşılanmayıb. Hesab edilir ki, bu Türkiyənin Şimali Kipr Türk Dövləti ilə bağlı sərgiləmiş olduğu mövqeylə uzlaşmayan yanaşmadır.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı baş verənlərin böyük narahatlıqla qarşılandığını deyib.

O, sovet işğalı dövründə Oljas Süleymanov, Çingiz Aytmatov kimi milli mübarizə və milli ideya adamları yetişdirən bir bölgənin ziyalılarının bütün geosiyasi reallıqlara qarşı milli iradə ifadə etməli olduğunu söyləyib: “Ona görə də bəzi türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətinə münasibəti türk ziyalıları tərəfindən narahatlıqla qarşılanıb. Orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın Şimali Türkiyə Cümhuriyyətini tanımayacaqlarını bəyan etmələri böyük kədərdir. Əslində, Mərkəzi Asiya ölkələrinin heç biri indiyə qədər Şimali Kipri rəsmən tanımayıblar. Yəni praktikada heç bir diplomatik vəziyyət dəyişmir. Ancaq bunun sənədlərlə təsdiqlənməsi Türkiyə və bütün türk dünyası üçün diplomatik baxımdan arzuolunmaz bir hadisə idi”.

Deputat Azərbaycanın təbii olaraq Türkiyənin Şimali Kipr siyasətini dəstəklədiyini və beynəlxalq platformalarda bu məsələyə səssiz qalmadığını bildirib: "Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Dövlətimizin ifadə etdiyi bu milli qətiyyət Türkiyədə və Kiprdə böyük ruh yüksəkliyi ilə qarşılanmaqla yanaşı, Azərbaycan adından hamımızda qürur hissi yaradıb”.

Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, Avropa İttifaqının Mərkəzi Asiya dövlətləri ilə Səmərqənddə keçirdiyi ilk iclas və bu çərçivədə Orta Asiyaya 12 milyard avro dəyərində investisiya vəd edən anlaşmanın imzalanması regional əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilə bilər: “Bu diplomatik prosesin paralel olaraq Türkiyənin milli maraqları ilə ziddiyyət təşkil edən siyasi nəticələr doğurması narahatlıqla qarşılanmaya bilməz. Qırğızıstan, Özbəkistan və Qazaxıstanın Cənubi Kipr Respublikasını tanıması, eləcə də bəzi türk dövlətlərinin Kiprin yunan tərəfi ilə diplomatik münasibətlər qurması, Türk Dövlətləri Təşkilatının (TDT) əsas dəyərlərinə - qarşılıqlı dəstək, strateji həmrəylik və ortaq maraqlara sadiqlik prinsiplərinə zərbə vuran bir inkişaf kimi qiymətləndirilir”.

Deputat bildirib ki, Kipr məsələsi tarixi və siyasi proses olmaqla yanaşı, həm də mənəvi bir məsələdir: “Çünki Kipr Azadlıq Hərəkatının başlama səbəbi Yunanıstan və yerli yunan xalqının türk əhaliyə qarşı adada keçirdiyi etnik təmizləmə və diskriminasiya tədbirləri olub. Bu kontekstdə, TDT daxilində diplomatik əlaqələrin genişləndirilməsi və beynəlxalq əməkdaşlıq təqdirəlayiq olsa da, bu addımlar ortaq mövqelərlə, koordinasiyalı siyasətlə və qarşılıqlı maraqların qorunması ilə uzlaşmır. Türk birliyinin davamlılığı yalnız mədəni və iqtisadi sahədə deyil, həm də siyasi dəstək və geosiyasi ortaq vizyonla mümkündür. Bu baxımdan, üzv ölkələrin bir-birinin həssas məsələlərinə anlayış və ehtiramla yanaşması vacibdir”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu qərarın türk dünyasında narahatlıqla qarşılandığını dilə gətirib.

Deputatın fikrincə, bu doğru addım olmadığına görə birmənalı qarşılanmadı: “Burada əsas məsuliyyət Avropa strukturlarının üzərinə düşür. Onlar məhz bu prosesə yol açıblar. Düşünürlər ki, bu cür addımlarla türk birliyini pozacaqlar. Amma bu mümkün olmayacaq. Türk dövlətləri tərəfindən verilən qərar anlaşılmazlıq kimi də qəbul olunur. Bu zamanla aradan qalxacaq. Kimsə sevinməsin ki, türk birliyini poza bildi”.

Ceyhun Məmmədov Azərbaycanın bu məsələdə mövqeyinin hər kəsə bəlli olduğunu söyləyib: “Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda bu məsələyə toxunub. Əsas hədəfimiz türk birliyi, Turandır. Bu birliyin daha da möhkəmlənməsinə çalışmaq lazımdır. Türk dövlətlərinin nicatı birliyimizin möhkəmlənməsindədir. Gələcək fəaliyyətlərində türk dövlətləri bu mövqeni nəzərə alacaqlar”.

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Razi Nurullayevin fikrincə, türk dövlətləri daxilində parçalanmanın olması mümkün deyil.

Deputat hər bir ölkənin mövqeyi və milli maraqlarından irəli gələn çağırışların olmasına diqqət çəkib: “Türk Dövlətləri Təşkilatı mövcuddur. Amma təşkilat xaricdən olan təhdidləri və iqtisadi maraqları qarşılayacaq gücdə deyil. Bu mənada türk dövlətləri tərəfindən verilmiş qərara heç də birmənalı yanaşmaq lazım deyil. Onların da Avropa strukturlarından kredit və dəstək almaq istəklərinin olması normaldır. Ümumilikdə bu məsələlərin fərqli təzdə təbliğinə imkan verməmək üçün məsələhətləşmələrə ehtiyac var”.

Razi Nurullayev TDT-də zaman-zaman Şimali Kiprlə bağlı müəyyən müzakirələrin aparıldığını da bildirib: “Bu məsələdə vahid fikir olmalıdır. Fərqli yanaşmalar birliyə xələl gətirə bilər. Ola bilsin ki, dövlət rəhbərləri arasında müəyyən məsləhətləşmələr aparılacaq”.

Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, bu xoşagəlməz haldır.

Deputatın fikrincə, belə bir reallıq varsa, burada Azərbaycanın mövqeyindən çıxış etmək lazımdır: “Ölkəmiz bu məsələdə prinsipial, qardaşlıq dəyərlərinə sadiq davranış sərgiləyib. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı bir daha öz xarakterini ortaya qoyub. Çünki elə məsələlər var ki, orada bəlli üstünlük və maddi problemi həll etmək olar. Amma onun gələcəyini düşünmək lazımdır. Sabah hər hansı problem olduqda onlar hansı üzlə Türkiyəyə müraciət edə bilərlər? Ona görə də biz Azərbaycan tərəfi olaraq özümüzə cavabdehik. Başqa ölkələrin dövlət maraqları bunu tələb edibsə, belə bir addım atıblarsa, bunun məsuliyyətini ya indi, ya da tarix qarşısında özləri verməli olacaqlar”.

Fazil Mustafa Azərbaycanın bu sınaqdan uğurla çıxdığını deyib: “Ölkəmiz Türkiyə ilə qardaşlıq prinspinə davam etdi və Şimali Kipr Türk Cümhuriyyətinin də tanınması istiqamətində addımları daha da intensivləşdirdi. Bu mənada başqalarını qınamaq, ağıl öyrətmək mövqeyindən çıxış edilməməlidir. Özümüzə uyğun olan əxlaq sərgilənib. Türkiyəyə də qardaşlıq prinsipinə nə qədər sadiq olduğumuzu göstərmişik”.

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, atılan son addımlarla bağlı dəqiq proqnoz vermək çətindir.

Deputat bu qərarın arxasında hansı niyyətin olduğunu bilmək üçün zamana ehtiyac duyulduğunu söyləyib: “Bu qəti şəkildə türk birliyinə ziyan vurmayacaq. Türk Dövlətləri Təşkilatına üzv olan Orta Asiyadakı qardaş türk dövlətləri heç vaxt türk birliyinə, xüsusən də Türkiyəyə qarşı mövqe sərgiləməzlər. Ola bilsin, atılan bu addım gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin də tanınması və orada da səfirliyin açılması üçün zəmin yarada bilər. Orta Asiyada yerləşən türk dövlətləri Avropa ilə münasibətlərini yaxşı səviyyədə saxlamaq, Rusiyadan asılılığı balanslaşdırmaq üçün də belə bir qərar vermiş olarlar. Çünki burada daha çox iqtisadi maraqlar ön plana keçir”.

Naqif Həmzəyev Azərbaycan dövlətinin bu məsələdə mövqeyinin qəti olduğunu vurğulayıb: “Rəsmi Bakının qardaş Türkiyə və Şimali Kipr Türk Dövlətinə qarşı mövqeyi dəyişməzdir. Azərbaycan ŞKTD-nin tanınmasına ən böyük dəstək verən dövlətlərdən biridir. TDT-nin müşahidəçi üzvü olan Şimali Kiprin dövlət kimi tanınmasında da türk dövlətlərinin yaxından iştirakına əminlik böyükdür”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə qardaş türk dövlətlərinin bu addımının təəssüflə qarşılandığını söyləyib.

Onun fikrincə, bu dövlətlər nə zamansa Kipr məsələsində öz mövqelərinə dəqiqlik gətirəcəklər: “Azərbaycan Türkiyə ilə birlikdə Şimali Kipr türklərinin yanındadır. Qardaşlarımızın təhlükəsizliyinin qorunması, suveren hüquqlarının qəbul edilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatarı ötən il ölkəmizdə qəbul etməsi, bu il Antalya Diplomatiya Forumunda ilk növbədə onunla görüşməsi onu göstərdi ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyib”.

Deputat hesab edir ki, Şimali Kipr məsələsi Azərbaycan üçün qırmızı xətt təşkil edir: “Bu məsələdə ölkəmiz qətiyyətini ortaya qoyub. Dünyaya sübut edilib ki, hər zaman qardaş-qardaşın yanındadır. Heç bir təzyiqə, maddi həvəsləndirməyə baxmayaraq, bu belədir. Pul, mövqe qazanmaq olar, amma qardaş itirmək çox ağır məsələdir. Azərbaycan buna getməyəcək. Dövlətimiz hər zaman qardaş Türkiyənin yanındadır. Şimali kipr türkləri anlayışı Azərbaycan və Türkiyə, habelə türk dünyası üçün vacib məsələdir”.

Qeyd edək ki, ötən həftə Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin iştirakı ilə Özbəkistanda (Səmərqənddə) keçirilən Aİ-Mərkəzi Asiya Sammitində bu ittifaqla Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında 12 milyard avro dəyərində müqavilə imzalanıb. Razılaşma çərçivəsində bu ölkələr BMT-nin 541 və 550 saylı qətnamələrini dəstəkləyib və Cənubi Kipri (yunan tərəfi) Şimali Kipr Türk Cümhuriyyətinə qarşı “Kiprin yeganə qanuni hökuməti” kimi tanımağa qərar veriblər.

BMT Təhlükəsizlik Şurasının 4-cü maddəsi çərçivəsində alınan qərarla türk dövlətləri Türkiyəni Kiprdə “işğalçı güc” olaraq rəsmən qəbul etmiş sayılırlar.