BAKI, 9 aprel. TELEQRAF

İran prezidentinin Azərbaycana səfəri zamanı Zəngəzur dəhlizinin gündəmdə olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan 7-ci ADA Siyasi Forumun brifinqində bildirib.

Çağrı Erhan Zəngəzur dəhlizinin hələ də açılmamasında Ermənistanı günahlandırıb: "Səbəblərdən biri Ermənistanın qeyri-konstruktiv mövqeyi və tənbəlliyidir. Lakin hər kəs yaxşı anlayır ki, bu dəhliz gec-tez açılacaq. Bu, artıq zaman məsələsidir. Hətta son vaxtlar bu məsələ beynəlxalq səviyyədə də geniş şəkildə müzakirə olunur. Xüsusilə İran prezidentinin Azərbaycana səfəri zamanı bu mövzunun gündəmdə olacağı gözlənilir. Bu, bölgənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir məsələdir.

Baş müşavir dəhlizin faydasından da danışıb: "Azərbaycan bu məsələdə haqlı tərəf olaraq öz mövqeyini açıq şəkildə ortaya qoyur və prinsipial şəkildə müdafiə edir. Regionun inkişafı və kommunikasiyaların bərpası üçün Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu, nəinki Azərbaycan üçün, həm də bütün bölgə ölkələri üçün faydalı olacaq".