BAKI, 25 mart. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə edilsə də, digər mövzular açıq qalıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları, ATƏT-in Minsk Qrupunun ləğvi ilə yanaşı, digər həlli vacib olan məsələlər var. Rəsmi Bakı, həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların (Qərbi azərbaycanlılar), 4 minə yaxın itkin Azərbaycan vətəndaşının taleyi haqqında məlumat verilməsini, dəqiq mina xəritələrinin təqdim edilməsini istəyir.

Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova sülh prosesini sərh edərkən deyib.

O, Ermənistanın digər məsələlərlə yanaşı, mina xəritələrini verməkdən imtina etməsi, itkin düşmüş azərbaycanlılarla bağlı həqiqətləri gizlətməsini beynəlxalq imiclə bağlı olduğunu söyləyib: “Ermənistan Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıtmasına qarşı çıxır. Bunu az qala ərazi iddiası kimi səciyyələndirir. Nəticədə sülh prosesi uzanır. Vaxtın uzanması isə əlavə çətinliklər, problemlər yaradır və artan iddialar, irəli sürülən şərtlər prosesi mürəkkəbləşdirir”.

Politoloqun fikrincə, Ermənistana Qərbdən verilən dəstək onun sülh masasına oturmasını əngəlləyir: “Bu heç də iki ölkə arasındakı fikir ayrılığı ilə bağlı deyil. İddia edilir ki, Azərbaycan əlavə şərtlər irəli sürür və. s. Bunlar məntiqsizdir. Rəsmi Bakı haqlı olaraq gələcək təhdidlərə qarşı zəmanət formalaşdırmağa çalışır”.

“Münaqişə dövründə tərəflərin danışıqlar masasına oturmasına nail olmayan Minsk Qrupuna isə ehtiyac qalmayıb. İrəvan Bakının təklifinə qoşulub, bu qurumun ləğvi ilə bağlı bəyanat verməlidir”, - o əlavə edib.

Politoloq Oqtay Qasımov isə hesab edir ki, qısa zamanda yekun razılaşmanın imzalanması mümkün olmayacaq.

Onun fikrincə, Ermənistan sazişə əngəl olan maneələri aradan qaldırmalıdır: “Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olan Ermənistan ilk növbədə bu məsələni həll etməli və Minsk Qrupunun ləğvi ilə bağlı Bakının birgə müraciət təklifinə müsbət yanaşmalıdır. 1992-ci ilin martın 24-də təsis edilən Minsk Qrupu 33 ildə Azərbaycan ərazilərinin işğalını legitimləşdirməklə məşğul olub. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etdikdən sonra Minsk Qrupunun varlığına ehtiyac qalmayıb. İrəvan isə bu məsələni sülh müqaviləsindən sonraya saxlamağa çalışır. Konstitusiya dəyişikliyini də 2027-ci ilə qədər uzatmaq niyyətləri var”.

Politoloq bildirib ki, Ermənistanın sülhlə bağlı canfəşanlığı özü haqqında müsbət obraz yaratmağa hesablanıb: “Bununla Azərbaycana beynəlxalq təzyiqləri artırmaqla natamam sülh sənədinin imzalanmasına çalışırlar. Sözsüz ki, Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Yekun sülh sazişi üçün fundamental məsələlər həll olunmalıdır. Şərti sərhəddən üçüncü tərəfin yəni, Avropa İttifaqının kəşfiyyatçılardan ibarət “missiyası”nın çıxarılması təmin edilməlidir. Azərbaycan həmçinin qarşılıqlı olaraq beynəlxalq iddialardan geri çəkilməsini təklif edib. Regional kommunikasiyaların açılmaması da sülh prosesinə maneə yaradır. Erməni tərəfi isə Zəngəzur dəhlizinin açılması əvəzinə “sülh kəsişməsi” adlandırılan absurd iddiaları ortaya atır. Ağbənd qəsəbəsindən başlamaqla Mehridən keçməklə Naxçıvana gedən dəhliz əvəzinə Gorus-Qarakilsə üzərindən keçid təklif edilir”, - o əlavə edib.