BAKI, 25 mart. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı İrəvanın yanaşmaları fərqlidir. Onlar iddia edirlər ki, bu məsələlər diplomatik danışıqların mövzusudur. Bunu hansı məntiqlə izah etmək olar?

- Ermənistan tərəfi əgər real sülh istəsə, idi bu mövzuya əlavə şərhlər verilməzdi. Onlar müharibənin nəticələri əsasında deyil, real sülh istəsəydilər, 5 il ərzində problemlər yaranmazdı. Əslində isə, onlar məcburiyyətdən hər addımda geriyə çəkilərək, digər məsələləri gündəmə gətirmək fəlsəfəsini özlərində saxlayırlar. Sözsüz ki, bunu hər kəs yaxşı başa düşür. Yaranın üstünü qapatmaqla iş bitmir, onu müalicə etmək lazımdır. Erməni tərəfi isə hər şeyi ört-basdır edib özləri üçün hansısa imkanları saxlamaq iddiası ilə yaşayır. Bu isə qəbuledilməz məsələdir. Amma bütün bunlara baxmayaraq Azərbaycanın qətiyyətli mövqeyi, israrlı olaraq zəruri məsələləri gündəmə gətirməsi fonunda qarşı tərəfin başqa seçimi qalmır. Çünki Azərbaycanın yaratmış olduğu yeni reallığı nəzərə almadan hansısa addımı atmaq qeyri-mümkündür.

- Bəzən birtərəfli qaydada sülhün əldə olunması anlayışı ortaya atılır. Bu hansı məqsədə xidmət edir?

- Regionda Azərbaycansız birtərəfli qaydada sülh yaratmaq mümkün deyil. Sülhlə bağlı Bakının tələbləri obyektivdir. Ona görə də Ermənistan tərəfi yeni reallığı başa düşərək imkan daxilində hansısa formada öz iddialarını da həyata keçirməyi düşünür. Onlar iddia edir ki, “biz sülh istiqamətində gedirik”. Burada heç də konüllü şəkildə deyil, məhz reallığın yaratdığı tələblər əsasında hadisələr inkişaf edir. Sözsüz ki, bu heç də asan bir proses deyil. Amma qarşı tərəf birmənalı olaraq dərk etməlidir ki, Azərbaycan öz maraqlarını naminə getdiyi yoldan dönməyəcək. İndiki halda Ermənistan tərəfindən sülhə istiqamətlənən açıqlamaların verilməsi də onların buna məcbur olduğunu göstərir.

- Ermənistan parlamentinin Xarici əlaqələr daimi komitəsinin sədri Sərkis Xandanyanın sizə müraciəti nə ilə bağlı idi?

- O, Azərbaycan Milli Məclisinin komitə sədri kimi mənimlə görüşmək, sülh haqqında danışmaq istədiyini bildirmişdi. Mən ona cavab verdim ki, populizm hər bir siyasətçi üçün çox cəlbedici, lakin son dərəcə zərərli və hətta təhlükəlidir. Bu siyasətçi üçün ciddi problemlər yarada bilər. Çünki səni seçən, sayan, hakimiyyətə gətirən insanlara yalnız onların xoşuna gələn məsələləri deyil, o cümlədən reallığı əks etdirən məsələləri danışmaqda özündə cürət tapmalısan. Siyasətçi bu cürəti özündə tapa bilmirsə, onun sonu çox pis olur. Görünür, indiki halda Ermənistan tərəfi populizmdən faydalanmağa çalışır. Bu cəhdlərdən də biri Ermənistan parlamentinin komitə sədrinin mənə müraciəti idi.

- Harada görüşməyi təklif edirdi?

- Onu bilmirəm. Bunu özündən soruşmaq lazımdır.

- Siz cavabınızda konkret hansı məsələləri vurğuladınız?

- Bildirdik ki, komitə sədri kimi söhbət, çağırış etməkdənsə, məni görüşə dəvət etməkdənsə, gəl birlikdə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət edək. Əgər o, konkret addım atmağımızı istəyirsə, bu ilk görüləsi işlərdən biri olmalıdır. Eyni zamanda ona dedik ki, siz gedib parlamentinizdə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələni gündəmə gətirin.

- Düşünürsüz ki, bunlar olduqdan sonra Azərbaycan və Ermənistan deputatları bir-birinin çağırışına müsbət yanaşa bilərlər?

- Sözsüz ki, sadalanan məsələlər öz həllini tapdıqdan sonra niyə də görüşməyək. Əksinə, görüşüb, danışmaq lazımdır. Bu da ancaq görüş naminə olmamalıdır. Bu ancaq konkret iş üçün olmalıdır. Siyasətçini populistdən fərqləndirən də məhz budur. Ermənistanda isə səmimi siyasət yürüdən adamlar yoxdur.