
BAKI, 27 fevral. TELEQRAF
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus qəzaya uğrayan sərnişin təyyarəsinin sağ qalan əməkdaşları “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına namizəd göstəriliblər.
Teleqraf xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında məlumat verib.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəlmişəm. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim edilib. Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq”, - Kadırov bildirib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.