BAKI, 17 fevral. TELEQRAF

Ədalət Partiyasının sədri İlyas İsmayılovun müalicəsi hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır-stabil olaraq qalır.

Bu sözləri Teleqraf-a açıqlamasında Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.

Baş həkim bildirib ki, İ.İsmayılovun səhhətində ciddi bir dəyişiklik yoxdur: "Eyni şəkildə reanimasiya şöbəsində müalicəsi davam edir".

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun iki aya yaxındır Mərkəzi Klinikada müalicə alır.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.