Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə artıq beynəlxalq idman arenasında layiqli yer tutur. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafında əvəzsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır". Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab Prezident İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir: “Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”.
Deputat bildirib ki, gələcəyimiz olan gənc nəslin sağlamlığı, fəal həyat tərzi keçirməsi bütün arzuların üstündə dayanır:
“Uşaq və yeniyetmələrin bu sahəyə fəal surətdə cəlb olunması istiqamətində mühüm işlər görülür. Cənab İlham Əliyevin uğurlu siyasətin sahədə bu gün respublikamızın hər yerində idmana böyük maraq və diqqət var. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyildir. Cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva idmana qayğı ilə yanaşmaları baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınırlar. Buna bariz nümunədir ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2024-cü il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır”.
Hicran Hüseynova vurğulayıb ki, idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər: “Cənab Prezidentin qeyd etdiyi kimi: “İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq” Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılır və var. Bölgələrdə 44 Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur. Və bu proses davam edəcəkdir. Xüsusi ilə, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilməsi qürur vericidir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Cənab Prezidentin əmirlərinə əsasən bütün şəhərlərin Baş planları təsdiq edilib, bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində idmanın əhəmiyyətini belə izah edirdi: “İdman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun”. Bəli idman həm sağlamlıq, həm də qələbəyə, ədalətli mübarizəyə çağırışıdır.