Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycanı üz-üzə gətirməyə çalışır. Sizcə Paşinyan “Qarabağ yükü”ndən xilas olmaq istəyini bu plan üzərindən necə reallaşdıra bilər?
- Nikol Paşinyan dolaşıq fikirləri, bəyanatları ilə nəyəsə nail olmaq istəyir. Onun məqsədi mümkün qədər proseslərdən özünün sığortalanmasına nail olmaqdır. Amma Nikol Paşinyan və onun komandasının son dövrlər Rusiyaya qarşı olan münasibəti və davranışları qarşı tərəfdən sözsüz ki, cavabsız qalmayacaq. Rusiya Paşinyan və onun komandasına qarşı müəyyən cəza tədbirlərini görə, bilər. Çünki Ermənistanda indiki halda belə kifayət qədər Rusiyapərəst qüvvələr mövcuddur. Digər tərəfdən Qarabağa qanunsuz olaraq göndərilən Ruben Vardanyan da əslində Paşinyana qarşı növbəti bir həmlədir. Vardanyan da ona verilən təlimatlara uyğun olaraq ora Paşinyan tərəfdarlarını prosesdən uzaqlaşdırır. Amma bütün bunların fonunda Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq üçün Paşinyan tərəfindən atılan addımlar heç bir təsirə malik deyil. Çünki bu gün Azərbaycan-Rusiya münbasibətləri yüksək səviyyədə qorunub saxlanılır. İndiki halda isə Azərbaycandan Rusiyaya qarşı elə bir ciddi narazılıq yoxdur.
- Erməni tərəfinin iddiasına görə guya azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirməklə əslində rus sülhməramlılarına və Rusiyaya qarşı çıxır. Bu, nə dərəcədə məntiqli yanaşmadır?
- Əslində isə bunun həqiqət olmadığını indi hər kəs görür. Azərbaycanlı fəallar sadəcə olaraq həmin yolda dinc aksiya keçirir və tələblərlə çıxış edir. Burada yol humanitar məqsədlər üçün tam açıqdır. Gün ərzində rus sülhməramlılarına məxsus avtomobil kolonları hər iki tərəfə heç bir maneə olmadan hərəkət edir. Fakt odur ki, Xankəndidə və digər ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar üçün yanacaq və digər hümanitar məqsədli yüklər daşınır. Azərbaycan tərəfinin də buna heç bir etirazı yoxdur. Sadəcə olaraq azərbaycanlı fəallar orada xalqımıza məxsus olan təbii ehtiyatların talanmasına etiraz edir.
- Rusiya ilə olmasa da İranla Azərbaycan arasında kifayətə qədər ciddi bir narazılıq yarandı. Burada Ermənistan tərəfinin oynadığı rol nə dərəcədə təsirli idi?
- Fakt odur ki, Ermənistan tərəfi Azərbaycanla İran arasında mümkün gərginliyin yaranmasına nail oldu. İranla Ermənistan arasında olanlar, Azərbaycanla sərhəd bölgəsində tez-tələsik konsulluq binasının açılması, Təbrizdə erməni konsulluğunu açmaq kimi cəhdlər bunun bariz nümunəsidir. Erməni tərəfinin də niyyəti məhz bu idi. Çünki onlar çalışırlar ki, Azərbaycanı başqa-başqa dövlətlərlə üz-üzə qoymaqla mümkün bir gərginliyin yaranmasına nail olsunlar. Amma Azərbaycanın həyata keçirdiyi düzgün siyasət onların bu niyyətlərinin gerçəkləşməsinə əngəl törədir.
- Yenidən müharibənin başlaması ehtimalını necə dəyərləndirirsiniz? Regionda kiçik problemləri qabartmaqla Vardanyan üzərindən oynanılan oyunlar nəyə hesablanıb? Bunu bir növ prosesi uzatmaq üçün vaxt qazanmaq cəhdi kimi da başa düşmək olarmı?
- Azərbaycan müharibə tərəfdarı olmadığını bəyan edib. Amma buna baxmayaraq ölkəmizi müharibəyə təhrik etmək niyyətində olan qüvvələr və dövlətlər var. Ermənistan bu məsələdə xüsusi ilə seçilir. Bütün bunların fonunda Azərbaycanın niyyəti məsələlərin dinc yolla həllinə nail olmaqdır. Qarabağda hələ də qalmaqda olan separatçıların ərazidən qısa zamanda çıxarılması, orada olan silahlı birləşmələrin bölgəni tərk etməsi başlıca amil kimi önə çıxır. Sadəcə olaraq Ermənitsan rəhbərliyinin ötən ilin sonunda və bu ilin əvvəllərində səsləndirmiş olduğu fikirlər onların sülhdən uzaq, müharibə tərəfdarı olduqlarını sübut edir. Bu gün Ermənistan, İrandan, Hindistandan və digər ölkələrdən müxtəlif silahlar almaqla məşğuldur. Bəzi ölkələr onlara pulsuz silahlar verməyə hazırlaşır.
- Belə olduğu halda sülhə dair ümidlər qalırmı?
- Özünü hələ də Azərbaycan ərazisində “dövlət” kimi qələmə verən separatçılar və onların davranışları fonunda yenidən gərginliyin olacağı ehtimallarını gücləndirir. Azərbaycan Qarabağdakı separatçıların və Ermənistan rəhbərliyinin bu kimi çağırışları qarşısında müharibəyə hər an hazır olduğunu bəyan edir. Azərbaycan qısa antiterror əməliyyatları icra etməklə ərazilərini separatçılardan, qanunsuz silahlı birləşmələrdən təmizləməyə nail olacaq. Görünən odur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibədən özləri üçün yaxşı dərs almayıblar. Bütün hallarda yeni müharibə Azərbaycanın istəyi ilə baş verməyəcək. Bu Azərbaycan ərazisində olan qanunsuz hərəkətlərə son qoymaq üçün atılan beynəlxalq hüquqa əsaslanan bir addım olacaq. Ona görə də, bütün bu amillər sülhə olan inamı azaldır. Çünki qarşı tərəf sülh üçün heç bir addım atmır. Verilən ziddiyyətli bəyanatlar məhz sülhə başlıca zərbə kimi qiymətləndirilir.