BAKI, 20 aprel. TELEQRAF

İrlandiya hakimiyyəti Ukraynadan olan qaçqınların yerləşdirilməsi proqramını bir il ərzində mərhələli şəkildə dayandırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, "The Times" qəzetinin məlumatına görə, Dublin hökuməti iki variantı nəzərdən keçirir: ya proqramı tam ləğv etmək, ya da dəstəyi yalnız münaqişədən ən çox zərər çəkmiş bölgələrdən gələn şəxslərlə məhdudlaşdırmaq.

İrlandiyanın ədliyyə, daxili işlər və miqrasiya üzrə nazir müavini Colm Brophy bildirib ki, hökumət mövcud vəziyyətə son qoymaq niyyətindədir. Onun sözlərinə görə, ölkəyə ilk gələn təxminən 16 min nəfər uzun müddətdir dövlət hesabına təmin olunur və bu praktika digər Avropa İttifaqı ölkələrində geniş tətbiq edilmir.

Qeyd olunub ki, proqramın dayandırılması ilə bağlı qərarın 12 ay ərzində icrası planlaşdırılır və qaçqınların ölkəni tərk etməsi gözlənilir.

Bununla yanaşı, geri qayıtmaq istəyənlərə maliyyə dəstəyi təklif olunacaq. Hazırda könüllü qayıdış üçün bir nəfərə 2,5 min avro, ailəyə isə 10 min avroya qədər vəsait ayrılması mümkündür.

Məlumata görə, 2022-ci ilin fevralından bu yana Ukrayna münaqişəsindən qaçan 125 mindən çox şəxs İrlandiyada müvəqqəti müdafiə statusu alıb. Dövlət ödənişləri əvvəlcə aylıq 400 avro olsa da, sonradan artırılaraq 800 avroya çatdırılıb, hazırda isə 600 avro təşkil edir və yenidən 400 avroya endirilməsi planlaşdırılır.