Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Avropa Birliyi ilə Azərbaycan arasında yeni müstəvidə münasibətlərin formalaşması müşahidə edilir. Ənənəvi yanaşmalardan fərqli olaraq Azərbaycana dəyişən bu münasibətin kökünda hansı amillər dayanır?
- Avropa-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Əminik ki, bu, münasibətlərin ilkin mərhələsidir. Artıq tərəflər arasında mühüm bir Memorandum imzalanıb. Eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq müqavilə artıq münasibətlərin yeni bir mərhələsi hesab olunur. Azərbaycan qazının 2027-ci ilə qədər ixrac həcminin 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Əslində bu münasibətlər indi öz həllini tapır ki, gələcək əlaqələrin inkişafında daha yüksək nəticələr əldə edilsin.
- Bundan sonrakı hədəflərdə əlaqələrin inkişafını nədə görürsünüz?
- Bu günə qədər də Azərbaycan Avropa Birliyi ilə münasibətləri yüksək səviyyədə təşkil edib. İndiki mərhələdə Avropa Komissiyanın sədri Ursula von der Leyen və Aİ-nin enerji üzrə komissarı Kadri Simsonun Aİ ilə Azərbaycan arasında mövcud əməkdaşlığı daha da gücləndirmək üçün Azərbaycana səfəri xüsusi önəm kəsb edir. Brüsseldə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü mühüm və yaddanqalan məqamlardandır. Azərbaycan hər zaman özünün siyasi, iqtisadi maraqlarını Avropa ilə birbaşa bağlayıb. Çünki ölkəmizin beynəlxalq siyasəti çoxtərəflidir.
- Sizcə, Avropa Birliyi Azərbaycanın xarici siyasətində nə dərəcədə təsirli yer tutur?
- İndiki dövrdə bu münasibətlər yeni bir mərhələyə yüksəlib. Buna da iki mühüm amil təsir edir. İlk növbədə Azərbaycanın regionda yaratdığı yeni reallıqdır. Bu yeni reallıq daha çox müsbət effektə malik olacaq. Çox şaxəli, geniş təsirli əlaqələri bundan sonra ən yüksək səviyyədə biruzə verən reallıq kimi açılacaq. Çünki Azərbaycan torpaqlarını işğaldan azad edib. Bununla da ölkəmiz haqqın-ədalətin bərpasına nail olub. Azərbaycan XX əsrin sonunda baş vermiş və dünyanın cavab verə bilmədiyi suallara birbaşa cavab verib. Dövlətimiz nümayiş etdirib ki, separatizmlə, terrorizmlə oynamaq olmaz. Həmçinin bu qüvvələrlə heç bir danışıqlar mümkün olan bir hal deyil. Bu istiqamətdə ancaq siyasi və hərbi yollardan istifadə edilməlidir ki, mövcud bəladan, xəstəlikdən xilas olmaq mümkün olsun. Ona görə də, Azərbaycan yaratmış olduğu reallıqla dünya üçün də bir gündən formalaşdırıb. Bu da dünya üçün vacib və əhəmiyyətlidir. Bu baxımdan da dünya ölkələri təbii olaraq Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu xüsusda Avropa Birliyi də Azərbaycanla münasibətlərin yeni situasiyada inkişafına böyük maraq göstərir.
- Avropa birliyinin içərisində Azərbaycanın yaratmış olduğu reallığa münasibət necədir?
- Bəli, məhz ikinci mühüm faktor Avropa Birliyinin içərisində olan məsələlərdir. Çünki biz Qafqazda yaranmış yeni reallıqdan bəhs edirik. Eyni zamanda Avropa Birliyinin daxilində olan böhran da yeni bir “reallıq” yaradıb. Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı başqa bir “realıq” da var. Buna paralel Avropanın Rusiyaya qarşı tətbiq etdiyi “sanksiyaların” yaratdığı ayrı bir “reallıq” mövcuddur. Çünki Avropanın illər boyu Rusiya ilə qurmuş olduğu iqtisadi-siyasi əlaqələrin özü indi ayrıca bir böhran yaradıb. Uzun illərdir ki, Avropa daxilində “meydan oxuyan”, ikili standarların yaratdığı ayrıca bir “böhran” da davam edir. İndi sanki bütün bu faktlar üs-üstə düşüb. Başqa-başqa qruplar elə böhran yaradıb ki, Avropanın düşünən insanları indi bundan əziyyət çəkirlər. Məhz çıxış yolunu da Azərbaycanla əlaqələri genişləndirməkdə görürlər.
- Avropa Birliyi və Avropa Parlamenti bir çox hallarda birlikdə təhlil edilir. İki strukturun Azərbaycana münasibətindəki fərqləri necə izah etmək olar?
- Burada Avropa Parlamenti indiki mərhələdə daha çox ikili standartlarla çıxış edir. Çünki AP görünür daha çox bu “xəstəliyə” tutulub. Bu baxımdan mart ayında “erməni mədəni abidələri” ilə bağlı çıxardıqları “qətnamə” bunun bariz nümunəsidir. Əslində bu “yanaşma” Avropa Parlamentində olan dərin böhranın göstəricisidir. Amma bunun fonunda Avropa Birliyi daxilində düşünən insanlar, beyin mərkəzləri var. Onlar başa düşür ki, bu gün Avropa üçün elə bir tərəfdaş, partnyor lazımdır ki, bu əlaqələr iş prinsipində özünü göstərsin. Azərbaycan isə özünün 30 illik müstəqillik dövründə sabitliyi, səmimi münasibəti, açıq siyasəti, düzgün tərəfdaşlığı həmişə üstün tutub. Heç kəs də deyə bilməz ki, Azərbaycan öz mövqeyindən çəkinib. Dövlət başçısının vurğuladığı kimi “bizim sözümüz, imzamız qədər güclüdür”. Bu mənada Azərbaycanla Avropa Birliyi arasında əlaqələri qurmaq çox vacibdir. Maraqlısı isə odur ki, Avropada bunu hər zaman biliblər. Amma erməni lobbisi, ikili standartların olması sanki Avropanı Azərbaycanla səmimi münasibətlərdən çəkindirib. İndi isə özləri çətin və mürəkkəb bir vəziyyətə düşüblər. Artıq anlayıblar ki, separatçılarla, ikili standartlarla uzağa getmək mümkün deyil. Ona görə də, biz indi tamamilə çətin və çıxılmaz bir duruma düşmüş Avropanı görməkdəyik.