Prezident İlham Əliyevin rəhbərliyi ilə iyulun 15-də keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə müstəqillik tariximizdə ən böyük və genişmiqyaslı iqtisadi, siyasi yüksəlişin əldə olunduğunun sübutu idi. Müşavirədə çıxışı zamanı dövlət başçısı bəzi məqamlara xüsusilə diqqət çəkdi. Ölkəmizin artan beynəlxaq nüfuzu ilə yanaşı, geopolitik vəziyyət, Ermənistanla sülh prosesinə və eləcə də artan iqtisadi, siyasi, hərbi gücümüzü xüsusilə vurğuladı. Bu baxımdan cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr uğurla icra edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Prezidentin müşavirədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı söylədiyi fikirlər qarşı tərəf üçün önəmli mesajlar idi:

“Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilib. Bu müsbət addım kimi qiymətləndirilir. Sözsüz ki, bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meyilli deyil. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Lakin, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından 1 il 8 ay keçməsinə baxmayaraq, real nəticə hələ də yoxdur. Yaxşı olar ki, Ermənistan tərəfi Prezident İlham Əliyevin sözlərini düzgün qiymətləndirsin və tezliklə sülh müqaviləsinin imzalanması üçün lazımi addımları atsın. Birmənalı olaraq, Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, prosesdən yayınmağa çalışmağın onlara heç bir faydası yoxdur və bu hərəkətlər nəticəni sadəcə müəyyən zaman çərçivəsində ləngitməkdən başqa heç nə edə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu reallığı beynəlxalq arenada aparıcı güc mərkəzlərinə qəbul etdirib. Bununla da status məsələsi tarixdə qalıb. Artıq Azərbaycan şərtləri diqtə edən tərəfdir. Ermənistan bu reallığı dərk etməli və taleyi ilə barışmalıdır. Yox, əgər barışmasa, o zaman Dəmir Yumruğun yeni zərbəsi ilə üzləşməli olacaq”.

Millət vəkili hesab edir ki, əgər “status” məsələsi çox uzanarsa, Azərbaycan da haqlı olaraq Zəngəzurun statusunu tələb edə bilər:

“Prezident də çıxışında bu məqamı xüsusilə qeyd edərək bildirib: "Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur”. Belə mənfi məqamlardan biri də təqaüdə göndərilmiş Minsk qrupunu yenidən fəallaşdırmağa çalışmalarıdır. 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Minsk qrupu həmsədrləri arasında yumşaq dillə desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Belə olan halda bu ölmüş təsisatın adını halladırmaq prosesdən yayınmağa çalışmaqdan başqa bir cəhd deyil. Onu da deməliyik ki, bu uğursuz cəhdlərin nəticəsində zərər çəkən yenə də Ermənistan tərəfi olacaqdır. Azərbaycan şərtləri diqtə edən tərəf kimi qətiyyətli mövqe nümayiş etdirməyə davam edir və bundan sonra da belə olacaq”.

Deputat Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə də diqqət çəkib:

“Qürurverici haldır ki, geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, həmçinin, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Şəhərləri, kəndləri yenidən qururuq. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimiz bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Fəxrlə deyə bilərik ki, ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütün bunlara paralel olaraq əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün addımlar atılır, sosial məsələlər həll edilir. Sadəcə bir misalı demək kifayətdir. Bu il orta aylıq əmək haqqı təxminən 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Vətəndaşlarımızın həyat standartlarının daha da yüksəldilməsi üçün dövlət hər zaman bütün addımları atıb, bundan sonra da atmağa davam edəcək. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.