Rusiya əslində geri çəkilməyib. Çünki o belə xırda məsələlərə görə geri çəkilən deyil. Sadəcə olaraq Rusiyanın Kreml qüllələri arasında siyasi anlaşılmazlıq var. O sadəcə sayını itirməkdə olduğu müttəfiqləri ilə kəskin münasibətlər yaşayır. Hərə öz korporativ siyasi maraqlarını güdür. Artak Beqlaryan isə görmə qabiliyyəti olmayan bir şəxsdir. Onun fiziki qüsuru mənəvi və fərdi davranış qaydalarına da təsir edib. O nə siyasətçi, nə də ki, başqa bir şeydir. Belə bir adamın “RİA Novosti” də geniş bir platforma alması və olmayan “Dağlıq Qarabağın”, olmayan naziri kimi təqdim edilməsi ən azı tragikomediyadır.

Bunu Teleqraf.com-a Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda Fərrux kəndi ilə bağlı açıqlamasını şərh edən jurnalist Elçin Alıoğlu deyib.

Onun fikrincə, bu məsələ o vaxt ciddi olardı ki, “RİA Novosti” bunu üst özülün içərisində qəlib formasına salardı: “Amma bu da olmadı. “RİA Novosti” sadəcə Kremldəki ermənipərəst dairələrin, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxmasına nəyin bahasına olursa-olsun yol verməmək istəyir. Bunun üçün Azərbaycan ərazisində yaşayan ermənilərdən Azərbaycana qarşı istifadə etmək cəhdləri var. Eyni zamanda bu Azərbaycanla Ermənistan arasında proseslərin həllinə yol verməmək, yekun sülh müqaviləsinin imzalanmasına hər vəchlə maneə olmaq istəyən qüvvələrin sifarişidir. “RİA Novosti” də bunu icra etdi. Bu “işdə” Marqarita Sominyanın “rolu” danılmazdır”.

Jurnalistə görə, Rusiya hal-hazırda bütün vasitələrdən istifadə edərək Cənubi Qafqazda sülhün və stabilliyin Moskvadan yan keçməklə təminatına maneə olmağa çalışır: “Kreml həmçinin Avropa İttifaqının Cənubi Qafqazdakı situasiya ilə bağlı təşəbbüslərinə və fəaliyyətinə maneə olmaq istəyir. İndi isə biz Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun küçə jarqonlarından istifadə etdiyini görürük. Onun hər açıqlaması az qala qalmaqal yaradır. O indi heç kəsi bəyənmir, öz aləmində aforizmlərdən, tendensiyalardan danışır. Artıq siyasi konpilemantarlıqdan çoxdan keçərək Rusiya XİN-nin konpitensiyalarını artırmaq istəyi var. Bu isə mümkün olan şey deyil. Çünki S.Lavrovun İrəvandakı açıqlaması diplomatiyadan kənar olmaqla yanaşı, coğrafi bilgilərdən uzaq idi.. Fərrux və Pirlər kəndini Ermənistan Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinə şamil etmək üçün xüsusi bir “istedad” lazım idi. Analogiya aparsaq bu Kuril adaları məsələsinin Şri-Lankadakı təhlükəsizlik məsələsinə impelimentasiyasıdır. Ona görə də, S.Lavrovu xüsusi olaraq “təbrik etmək” olar. Çünki o dünya siyasətində belə absurd bənzətmə edib. Amma bununla belə Rusiya XİN geri çəkilmədi. Onlar sadəcə olaraq məsələni ört-basdır etməklə işini bitmiş saydı. Rusiya XİN-nin bundan sonra da Azərbaycan və Ermənistana münasibətlərinin dəyişəcəyinə ümid yoxdur”.

Elçin Alıoğlu hesab edir ki, hazırkı mərhələdə Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyənlər var: “Rusiya prezidenti Vladimir Putinə Cənubi Qafqazda xüsusilə də Azərbaycanla münasibətlərin şərinləşməsi lazım deyil. Rusiya dövləti qəti olaraq belə bir halın olmasında maraqlı deyil. V.Putinin bəyanatları Qərbə yönəlib. Onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq Kremldəki bəlli qüvvələr nəyin bahasına olur-olsun Azərbaycan-Ermənistan münasibətlərinin gərgiləşməsinə çalışır”.