Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-da erməni tərəfinin təxribatlarından sonra yaranan mənzərə diqqət çəkir. Məlum hay-küydən sonra proseslərin gedişi necədir?

- Hazırda AŞPA-nın iclasında Rusiya və Belarusdan başqa Avropanın bütün ölkələri təmsil olunur. Ona görə də artıq bütün Avropa Ermənistanın destruktiv mövqeyini və iki stulda oturmaq niyyətini açıq şəkildə dərk edir və başa düşür. Çünki Azərbaycan elə bir reallıq yaradıb ki, bu zaman keçdikcə daha geniş və əhatəli qəbul olunacaq. Xüsusilə Azərbaycan və bizim ətrafımızda olan dövlətlər Avropanın özündə bu reallıq daha qabarıq görünür. Bunun səbəbi odur ki, bu gün Avropanın özü illər boyu Azərbaycanın dediyi problemlərdən ciddi şəkildə əziyyət çəkir. Məhz Avropa ikili standartlarla yanaşmaya meyilli olduğuna görə bunun acı nəticlərini görməkdədir. Ona görə də Avropa Şurasında olanlar Azərbaycanın mövqeyini dəstəkləməyə, məhz bu konteksdə qəbul etməyə məhkumdurlar.

- Buna əsas səbəblərdən biri də Azərbaycanın təkliflərinin daim sülhyönümlü olması ilə bağlıdır...

- Biz bölgə üçün sülh təklif edirik. Azərbaycan son 30 ilə yaxın müddətdə sülh, sabitlik, inkişaf, beynəlxalq qanunun tələblərinə riayət edilməsi haqqında danışırdı. Ancaq paradoksal vəziyyət o idi ki, bunu Avropa müdafiə etmirdi. O dövrdə də, biz öz yerləşdiyimiz regionda bunu müdafiə edirdik. Məhz bunun nəticəsində bu dəyərlər demək olar ki, ikinci nəfəs alır. Ona görə də, ermənilərin bu gün keçmişdən, olmayan Minsk qrupundan danışması belə qəbul edilmir.

- Konkret olaraq bizə dəstək olan ölkələrin əsas tezisi nədən ibarət oldu?

- Ötən gün AŞPA-da İtaliyanın xarici işlər naziri çıxış etdi və o da artıq Brüssel prosesi haqqında danışdı. Minsk qrupu barədə fikirlər səsləndirmədi. Əksinə regionda sülhün bərqərar olması üçün faktiki olaraq Azərbaycanın təklifi etdiyi Avropanın, xüsusən də Şarl Mişelin dəstəklədiyi bəyanatdan çıxarılan məsələlərdən bəhs edildi. Burada tək İtaliyanın xarici işlər naziri deyil digərləri də bizə açıq dəstək nümayiş etdirdi.

- Bəs Ermənistanın təxribatının əsas mahiyyətinə münasibət necə oldu?

- AŞPA-nın ilk iclaslarının birinci və ikinci günlərində ermənilərin təxribatları baş tutmadı. Çünki onlar çalışırdılar ki, ümumiyyətlə yenidən prosesi pozsunlar. Məqsəd Azərbaycana qarşı hansısa ittihamlar səsləndirmək idi. Amma həmin iclaslardan sonra hətta ölkəmizə heç vaxt dəstək verməyən AŞPA təmsilçiləri belə bizə yaxınlaşıb Azərbaycanın mövqeyindən danışmağa başladılar. Bu da onunla bağlı idi ki, biz Ermənistanla sülh müqaviləsinin bağlanmasını istəyirik. Ölkə olaraq yenidən müharibə istəmirik. Biz də Azərbaycan nümayəndə heyəti olaraq AŞPA iclaslarına da sülh haqqında danışmağa gəlmişik. Ermənistan isə yenidən təxribatlardan bəhs edir.

- Azərbaycanın AŞPA gündəliyindəki tezisi nədən ibarət oldu?

- Ölkə olaraq bizim gündəliyimizdə gələcək, Brüssel gündəlikləri olduğu halda ermənilər keçmişdən, Minsk qrupundan, olmayan konfilikt barədə fikirlər səsləndirdilər. Azərbaycanın isə real təklifi odur ki, artıq konfilikt bitib və bundan sonra ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Amma çox təəssüf ki, erməni tərəfi yenə də öz ampulasından çıxmaq istəmir. Dövlətlərin ərazi bütövlüyünün tanınması ilə bağlı məsələləri belə gündəmdən çıxarmağa çalışırlar. Azərbaycanın Prezidentinin bununla bağlı mövqeyi odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də onların ərazi bütövlüyünü tanımayacayıq.

Bunun nəticəsinin nə olacağını isə hər kəs çox gözəl başa düşür. Ona görə də indi AŞPA gündəliyində də tamamilə başqa bir mənzərə var. Azərbaycan nümayəndə heyətinin hər bir üzvü burada öz fikrini açıq şəkildə ifadə edir. Tərəflər isə bu fikirlərə çox böyük diqqət və maraqla yanaşır. Sözsüz ki, biz bundan sonra da öz üzərimizə düşən missiyaya uyğun olaraq işlərimizi davam etdirəcəyik.