Aprelin 6-da Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə baş tutan görüş ölkəmizin növbəti diplomatik nailiyyətidir. 4 saat yarım davam edən danışıqları qiymətləndirən Şarl Mişel jurnalislətlərə müsahibə verərkən, bütövlükdə perspektivli və nəticə əsaslı görüş olduğunu bildirdi. Avropa İttifaqı üçün Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf olduqca mühümdür. Digər tərəfdən isə, Azərbaycan və Ermənistan liderləri post-müharibə dövründə yaranmış vəziyyətin ədalətli və hərtərəfli həllinə önəm verən Avropa İttifaqının qərəzsiz vasitəçilik missiyasına etimad göstərir. Avropa İttifaqının prezidenti Ş.Mişelin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşü və əldə olunmuş tarixi razılaşma “Brüssel formatı” nın möhkəmlənməsində mühüm rol oynadı.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Ş.Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir:

“Brüssel formatı” çərçivəsində ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bakı ilə Brüssel arasında növbəti məsləhətləşmələr, əldə olunan intensiv əməkdaşlıq Aİ-nin vasitəçilik missiyasının imkanlarını daha da genişləndirdi. Bu görüşü dəyərləndirlən Ş.Mişel də Brüsseldə keçirilən ilk görüşdə tərəflərin bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa doğru addım atdıqlarını bildirdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, nə qədər çətin olsa da, səhifəni çevirməyə və sülh danışıqlarına hazırdır. Buna əyani sübut isə Azərbaycan tərəfindən sülh müqaviləsinin hazırlanması ilə bağlı təkliflərini hazırlanması və qarşı tərəfə təqdim etməsidir. Lakin biz Ermənistandan müvafiq addımları müşahidə etmirik. Onlar bir çox hallarda ziddiyyətli açıqlamalar verir, bir tərəfdən danışıqlara hazır olduqlarını deyir, digər tərəfdən isə sülhə maneə yaradan bəyanatlar verir. Təəssüf ki, aprelin 6-da axşam saatlarında Brüsseldə artıq danışıqlar aparılarkən Ermənistan Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub. Bu və bundan əvvəlki oxşar hadisələr bir daha göstərir ki, revanşist qüvvələr və onların havadarları hələ də fikirləşirlər ki, nə isə edə bilərlər. Lakin reallıq tamam başqadır. Onlar bu reallığı qəbul etməli və öz terrorçu və qanunsuz hərbi dəstələrini bizim ərazilərimizdən çıxarmalıdır”.

Millət vəkili bildirib ki, bu reallıq Brüssel görüşündə bir daha müşahidə edildi və uzun sürən danışıqların nəticələri Aİ rəhbərinin Bəyanatında öz əksini tapdı:

“Azərbaycan və Ermənistan yekun sülh sazişinin bağlanması üçün danışıqlara başlayır. Hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinə danışıqlara hazırlığa başlamaq tapşırıldı. Əlbəttə ki, bu, Azərbaycan Prezidentinin sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifinin qəbul edilməsində sonra mümkün olub. Yəni xarici işlər nazirləri fəaliyyətlərini bu sənədin əsasında quracaqlar. Burada əsas prinsipial məsələ Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığıdır. Eyni zamanda, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi artıq yeni müstəviyə keçir. Dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən yaradılan gərginliyin azaldılması üçün ciddi şans var. Ən əsası isə belə işlər mövcud sərhədlərin tanınması və ərazi iddialarının rədd edilməsi istiqamətində mühüm addımdır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. Həmçinin, Avropa İttifaqı minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərəcəkdir. Bu təkcə ölkəmizə edilən humanitar yardım deyil, həm də İrəvana artırılan siyasi və diplomatik təzyiqdir”.

Hicran Hüseynova vuruğulayıb ki, Azərbaycan öz hədəflərinə addım-adım nail olmaqdadır:

“Prezident İlham Əliyev bu görüşdə də Azərbaycanın suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsiplərini növbəti dəfə rəsmiləşdirdi. Belə ki, qəbul olunmuş yekun sənəddə, yəni Bəyanatda nə Azərbaycan Prezidentinin ləğv etdiyi “Dağlıq Qarabağ” adlanan ərazi-inzibati vahid, nə də siyasi-hüquqi statusunu itirmiş bədnam ATƏT-in Minsk qrupunun adı çəkilmir. Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan “Brüssel formatı” bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin inamlı rəhbərliyi, müdrik və çevik diplomatiyası regionun sülhə və daha yaxşı gələcəyinə töhfə verir”.