Xalqımızın yaddaşında və ürəyində əbədi yer alan qardaş Türkiyə dövlətinin başçısı hörmətli Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi olduqca ciddi və əhəmiyyətli tarixi bir hadisədir. Bu, bir daha Azərbaycanla Türkiyə qardaşlığının, dostluğunun əbədi olduğunu nümayiş etdirdi. Ərdoğan bu səfərində də ciddi məqamlara toxundu. İlk növbədə Ermənistana və onu himayə edən dövlətlərə, qüvvələrə xəbərdarlıq edildi. Vurğulandı ki, əgər Ermənistan Azərbaycanla münasibətlərini qaydaya salacaqsa, Türkiyə ilə mümkün olan əlaqələr qurula bilər.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib
Deputatın fikrincə, Ərdoğanın açıqlaması əslində çox ciddi bir mesaj idi: “Ermənistan normal dövlət kimi öz xalqına və regiona müsbət töhfə vermək istəyirsə, bu təklifləri dəyərləndirməlidir. Revanşist, faşist düşüncələrdən Azərbaycan və Türkiyəyə qarşı iddialarından tamamilə imtina etməklə buna nail olmaq olar. Eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Zəngəzur dəhlizinin açılmasına hər hansı maneəçilik yaratmamalıdır”.
Partiya sədri Türkiyə prezidentinin Zəngəzur dəhlizinin əhəmiyyəti barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Cənab Ərdoğan vurğuladı ki, Zəngəzur dəhlizi bizi İğdıra, Qarsa, İstanbula aparacaq. Rusiyanın da bu məsələdə öz maraqları var. Ona görə də, dəhlizin açılmasının zaman məsələsi olduğu artıq gündəmdədir. Bu mənada Ermənistan seçimini etməlidir. Nikol Paşinyanın pozitiv elementlerə əsaslanan fikriləri olsa da ermənilərin toplum kimi sözü ilə əməli üst-üstə düşmür. Amma buna baxmyaraq Azərbaycan tərəfindən bu istiqamətdə işlər gedir”.