“Dünən mən də Şuşaya getmişdim. Sizə deyim ki, Qarabağın heç bir hissəsində olmamışdım. Bu səbəbdən də mənim üçün bu səfər xüsusi əhəmiyyət daşıyırdı. Nəhayətdə gedib Qarabağı gördüm. Ələlxüsus Şuşa şəhərini”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri təəssüratlarını bölüşərkən bildirib ki, ermənilər Şuşaya münasibətdə işğal edilən digər tarixi torpaqlarımızla fərqli münasibət bəsləyiblər:
"Əgər Füzuli şəhərində ermənilər evləri son kərbicə qədər söküblərsə, Şuşada sovet dövründə tikilən binaların hamısı olduğu kimi qalıb. Bəli, Şuşada da Azərbaycan xalqının tarixi yadigarlarına qarşı amansız davranış ortaya qoyublar. Lakin SSRİ zamanı tikilən binalar qalıb. Görünür hansı rayonlarımızı vəhşicəsinə dağıdıblarsa, öz beynlərində bu ərazini Azərbaycana qaytaracaqlarına əmin olublar. Bu səbəbdən də mümkün qədər dağıdıblar, daşı-daş üstündə qoymayıblar. Amma Şuşaya münasibətdə belə davranış olmayıb. Düşünürəm ki, onlar "status" kimi məqama diqqət ediblər, düşünüblər ki, Şuşada hətta azərbayanlılar yaşasa belə hansısa "statusu" olan Qarabağın tərkibində olacaq. Sözsüz ki, Şuşada azərbaycanlıların yaxşı yaşaması üçün də ciddi addım atmayıb, iş görməyiblər. Ermənilər 30 il ərzində burada nə inşaat işi aparıb, nə də olanları qoruyub saxlaya bilib. Baxımsızlıq olub”.
Sərdar Cəlaloğlu qeyd edib ki, Şuşaya baxdıqda onun gözləri önündə sovet zamanı Azərbaycanın digər şəhər və rayonları canlanıb:
“Şuşa inkişaf baxımından Azərbaycandan geridə qalıb. Azərbaycanın istənilən şəhəri son 30 ildə inkişaf edib, amma Şuşa yerində sayıb. Şuşa mənə öz valideynlərindən kənar düşən və son 30 ilini yad əllərdə böyüyən insan təsiri bağışladı”.
Partiya sədri Şuşa şəhərinin işğaldan azad edilməsini böyük hərbi uğur adlandırıb. Bildirib ki, bu qədim mədəniyyət mərkəzinin qısa müddət ərzində ölkəmizin ən gözəl şəhərinə çevriləcəyinə şübhə yoxdur.