“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın bir araya gəlib müzakirələr aparmasına əslində ehtiyac var. Müharibə çoxdandır başa çatıb və gələcək üçün görüləsi işlər çoxdur. Biri elə üçtərəfli razılaşmanın tam olaraq həyata keçirilməsidir. Bu mənada belə bir görüş çox yaxşı fürsət olardı”.

Bu sözləri Teleqraf.com-a politoloq Əli Abbasov Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın mümkün görüşü haqda danışarkən bildirib.

Professorun fikrincə, belə bir görüş lazımdır, amma Rusiya və ya ATƏT-in Minsk Qrupu arzu edər ki, görüş onlar tərəfindən təşkil edilsin. Onun sözlərinə görə, əslində ən yaxşı format bu siyasətçilərin neytral bir dövlətdə ikilikdə görüşməsidir: “Kənar təsir olmadan görüşün daha effektiv və məhsuldar ola biləcəyini ehtimal edirəm”.

Əli Abbasov bildirir ki, tərəflərin görüşü baş tutsa müzakirə ediləcək məsələlər çoxdur: “Yəni gündəlik zəngin ola bilər. Əvvəla nəzərə almalıyıq ki, üçtərəfli 10 noyabr sazişində bir çox məqamlar tam həyata keçirilməyib. Bu məsələni tərəflər müzakirə edə bilər.

İkincisi ümumiyyətlə sərhədlərdən tutmuş ölkələrin bir-birini tanımasına qədər çoxsaylı müzakirə mövzusu ola biləcək məsələlər var ki, onların danışılması müsbət olardı. Həmçinin bizim nəzarətimizdə olan ərazilərin minalanmış hissələrinin xərtləri, eləcədə bizim əlimizdə olan ermənilər məsələsi də diqqət mərkəzinə gətirilə bilər. Yəni müzakirə olunacaq kifayət qədər məsələlər var.

Ancaq bir görüşlə bütün məsələlərin də həll olunacağına ümid etmək doğru olmazdı. Belə təmaslar olmalıdır ki, problemlər tədricən çözülsün. İndi tərəflər görüşə hazır olduqlarını elan ediblər. Qalır görüşün hazırlanması üçün texniki məsələləri həll etmək. Bütün hallarda ehtimal olunan budur ki, görüş vasitəçi vasitəsilə baş tuta bilər”.