Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Azərbaycanın sülh çağırışları cavabsız qaldı və ötən ilin 27 sentyabr tarixində müharibə başladı. Niyə sülh danışıqları nəticəsiz qaldı?

- Ötən ilin 27-i sentyabrına qədər də Azərbaycan bütün sahələrdə kifayət qədər güclü potensila malik idi. Həmin dövrdə artıq güclü Azərbaycan sülh naminə çalışırdı. Münaqişənin dinc vasitələrlə tənzimlənməsinə inam nümayiş olunurdu. Amma eyni zamanda 27 sentyabr 2020-ci ilə qədər də Azərbaycan dəfələrlə qeyd edib ki, münaqişənin danışıqlarla tənzimlənməsi nəticə verməsə öz torpaqlarını hərbi yolla işğaldan azad etmək gücündədir. Bunu Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan səsləndirib. Daxili auditoriyalarda da bu fikir dəfələrlə vurğulanıb. Amma Azərbaycanın bu mövqeyi bir çox hallarda yanlış başa düşülürdü. Buna baxmayaraq ölkəmiz son illər diplomatik qələbəsini təmin etmişdi. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT-nin qətnamələri, Avropa Şurasının qərarları, ATƏT-in sənədlərində Azərbaycanın haqlı mövqeyi ifadə olunmuşdu.

2014-cü ilin martında BMT Baş Assambleyasının ssesiyasinda Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə müzakirə olundu. Bu qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Həmin qətnamənin bəndlərinin birində göstərilirdi ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini hər hansı bir şərt irəli sürmədən tərk etməlidir. Bu 7 il öncə qəbul edilmiş bir sənəddir. Məhz bu faktlar onun göstərir ki, Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixinə qədər artıq özünün siyasi, diplomatik aktivinə obrazlı desək xal yığmağı bacarmışdı. Bununla yanaşı Azərbaycan münaqişənin dinc tənzimlənməsinə də sadiqlik nümayiş etdirib. Çünki Azərbaycan Cənubu Qafqaz regionunun təhlükəsizlik məhsuliyyətini öz üzərinə götürüb. Eyni zamanda sülh vəziyyətinin təmin olunması istiqamətində də hər zaman Azərbaycan öndə gedən dövlət olub. Bu gün də bu prinsip belədir.

- Beynəlxalq təşkilatlar nə üçün Azərbaycanın Ermənistanın işğal faktına son qoymaqla bağlı çağırışlarını cavabsız qoydu?

- Sadəcə olaraq Azərbaycanın mövqeləri bir çox hallarda yanlış başa düşülürdü. Ermənistan və onun havadarları elə hesab edirdi ki, Azərbaycan artıq işğal faktı barışıb və zaman udmaqla bunu leqallaşdırmaq düşüncələri hakim idi. Amma nə dərəcədə yanıldıqlarını elə 2020-ci ilin 27 sentyabrın ilk günündəcə görmüş oldular. Azərbaycan siyasi qələbəsinin çox böyük sürətlə hərbi qələbəyə transfer etməyi bacardı. Yəni ötən ilin döyüş əməliyyatları başlayana qədər də Azərbaycan diktə edən, güclü bir tərəf idi. Döyüş əməliyyatları başladıqdan sonra isə Azərbaycanın davranışları dəyişdi. İşğalçı Ermənistana dəfələrlə edilən xəbərdarlıq nəticəsiz qaldı. Bu cür çağırışlar Ermənistan üçün təsirli olmadı.

- Vətən müharibəsi Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatdı. Hazırkı mərhələdə Azərbaycanın tələbkar və diktə edən ritorikaları, açıqlamaları nəyə hesablanıb?

- Azərbaycan bu gün güclü tərəfdir. Dövlətimiz özünün siyasi, iqtisadi, hərbi imkanlarından istifadə edərək düşməni sülh sazişi bağlamağa məcbur edəcək. Bugünkü taktika məhz bundan ibarətdir. 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın şərtlərinə tam əməl olunmasını da Azərbaycan gerçəkləşdirməkdədir. Təxmini olaraq oxşar proseslər baş verir. 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını ardıcıl işğal etməyə başladığı vaxtda BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamə qəbul edildi. Həmin qətnamələri Azərbaycan ötən ilin 27-i sentyabr tarixindən etibarən necə özü icra etməyə başladı. 2020-ci il 10 noyabrda imzlanmış Bəyanatın şərtləri də Azərbaycanın təsiri altında reallaşacaq. Bütün bəndlər mütləq şəkildə icra olunacaq. Dövlət başçısı da açıq şəkildə bəyan etdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Azərbaycan Bəyanatın şərtlərinin icrasını da öz üzərinə götürüb. Təbii ki, bu müəyyən zaman tələb edir. Azərbaycanın indiki vəziyyətində bu zaman çox böyük olmayacaq. Ölkəmiz onun maraqlarına uyğun olan Bəyanatın şərtlərinə tam əməl olunmasını təmin edəcək. Dövlətimiz belə bir gücə və imkana malikdir.

- Ötən bir illik dövrdə regionda və beynəlxalq müstəvidə Azərbaycana qarşı yanaşmalarda hansı dəyişikliklər hiss edirsiz?

- Ötən bir il müddətində ölkəmiz güc mövqeyini daha da möhkəmləndirdi. Bu ilin 11 yanvarında Moskvada imzalanan növbəti sənəd də mahiyyət etibarı ilə proseslərin Azərbaycan tərəfindən idarə olunduğunu göstərdi. Bu bəyanatda yer alan müddəalar post-münaqişə bölgəsində iqtisadi və kommunikasiyalarınn açılması ilə bağlı idi. Azərbaycanın gördüyü əsas işlər də məhz bundan ibarətdir. Çox yaxın zamanlarda Azərbaycan Ermənistan sərhəddində delimitasiya və demarkasiya işlərinin başa çatmasına nail olunacaq. Bununla Ermənistanın sülh sazişi bağlamaqdan başqa yolu qalmayacaq. Bunu N.Paşinyanın ritorikasında da sezmək mümkündür. Erməni baş nazir intensiv şəkildə regionda kommunikasiyaların açılmasından, əməkdaşlıqdan danışır. Bu da onu göstərir ki, Ermənistan artıq reallığı dərk edir. Onlar artıq alternativ davranış imkanlarına malik olmadıqlarını bilir.