Vyanada evsizlər bələdçi olmaq imkanı qazanıblar. Bu ideya "Shades Toura Vienna" layihəsinin əsasında dayanır.
Layihə çərçivəsində evsizlər təlim keçib şəhərdə ekskursiyalar keçirərək, küçələrdəki insanların necə yaşadığını göstərə bilərlər. Avstriyadakı 12 min evsizdən 7 mini Vyanada yaşayır. İş adamı Perrin Şober bu layihənin onların əmək bazarına girişini sadələşdirmək məqsədilə başlayıb. 2 saat yarımlıq ekskursiya proqramı 3 yeri əhatə edir. Bələdçi evsizin fövqəladə hallarda gecələyə biləcəyi yeri, mətbəxini və sosial yardım verilən məntəqəni göstərir. 10 insandan ibarət qrup üçün qiymət 150 avrodur. Bu pullar layihənin əsas maliyyə mənbəyidir, hədəf auditoriyası isə məktəblilər, universitet və kilsə qruplarıdır.
Şoberin sözlərinə görə, proqramın hədəfi - küçədə yaşamağın nə demək olduğunu göstərmək, insanları qorxu və xürafatdan azad etməkdir. "Bələdçinin şəxsi hekayəsi ekskursiyanın mərkəzində olmayacaq, çünki bu, ona qarşı haqsızlıq olar. Əsas olan gələcək, şəhər və onun sakinlərinin evsizlərə ayaq üstə durmağa necə kömək edə bilmələridir" deyə, Şober bildirib.
Hazırda artıq 4 insan bu proqram üzrə təlim alıb.