Sabunların, kremlərin tərkibindəki kimyəvi maddələr, əlimizi yuduğumuz suyun tərkibindəki xlor, hətta soyuq hava belə, əl dərisinin korlanmasına səbəb olur. Payız və qış aylarında əlin dərisi quruyur, çatlayır və tədbir görmədikdə daha böyük problemlərə gətirib çıxarır.
Estetik müdaxilə ilə üzdəki və bədənin digər hissələrindəki qüsurları aradan qaldırmaq mümkün olsa da, qocalmış, ləkəli əl dərisini gənc göstərən çarə yoxdur. Odur ki, mütəxəssislər 20 yaşdan etibarən əl dərisinə xüsusi qulluq tələb olunduğunu bildirirlər.
Əl dərisi üçün ən yaxşı qulluq vasitəsi ev şəraitində, təbii məhsullardan hazırlanan maskalardır.
Publika.az əllərinin qayğısına qalmaq istəyənlər üçün asan hazırlanan maska reseptlərini təqdim edir:
Kartof maskası:
İki ədəd kartofu qaynadın. Kartofları əzib püre halına gətirin. Üzərinə bir az limon şirəsi, zeytun yağı və ya qatıq əlavə edib yaxşıca qarışdırın. Maskanı əllərinizə çəkib masaj edin. Daha sonra ilıq su ilə təmizləyin.
Bal maskası:
Bu maska dəridəki kiçik yaraların tez sağalmasını təmin edir.
Bir xörək qaşığı zeytun yağını bal ilə qarışdırın. İstəsəniz, maskaya yumurta sarısı da əlavə edə bilərsiniz. Maskanı çəkib, 20 dəqiqə gözləyin. Əlinizi ilıq su ilə təmizləyin.
Qeyd edək ki, əllərinizin daim gözəl görünməsi üçün bu maskaları həftədə ən az 1 dəfə çəkməli, bununla yanaşı, aşağıdakı məsləhətlərə də əməl etməlisiniz:
*Gün ərzində 2-3 dəfə vazelin və ya təbii inqrediyentlərdən hazırlanan əl kremindən istifadə edin.
*Ev işləri görərkən əllərinizə əlcək keçirin.
*Əllərinizi həddən artıq soyuq və ya isti su ilə yumayın.