Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən polis Mevlüt Mert Altıntaşla bağlı yeni görüntülər yayılıb. Teleqraf.com “Milliyet”ə istinadən xəbər verir ki, Mevlüt Mert Altıntaş sui-qəsddən 3 gün öncə Ankara Müasir Sənət Mərkəzində görüntülənib. Qatilin Ankara Müasir Sənət Mərkəzinə kəşf məqsədilə gəldiyi iddia olunur.
O, sərginin keçirildiyi salondan pilləkənlərə doğru gedən dəhlizdə müşahidə kameralarına yaxalanıb. Həmin görüntülərdə də Mevlüt Mertin üzərində dekabrın 19-da törətdiyi qətliam zamanı geyindiyi kimi ağ köynək, qara qalstuk və pencək olub.
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.