BAKI, 9 iyun. TELEQRAF

BAKI, 9 iyun. Teleqraf

"Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 170-dən çox qurum (istiqamət) üzrə 33,3 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 86,3%-ni təşkil edir. Təhlillər (apardığımız üzləşdirmələr) bəzi hallarda kənarlaşmaların olduğunu göstərib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış xərc məbləğləri 600,0 mln. manatdan çoxdur (məxfi sahələr nəzərə alınmadan): Qeyd edək ki, bu (yəni bank qalığının kassa icrasına aid edilməsi) “Büdcə sistemi haqqında” Qanunun “dövlət büdcəsinin kassa icrası” anlayışı ilə uyğunsuzluq yaradır. Eyni zamanda, bu məsələ büdcənin kassa icrası səviyyəsinə də təsir göstərməkdədir.

2025-ci ilin dövlət büdcəsindən Strategiya xərcləri ilə bağlı təqdim edilmiş hesabatlılıq əvvəlki illərə nisbətən təkmilləşdirilmiş, Strategiya tədbirlərinin prioritetlər üzrə bölgüsü ilə yanaşı, eyni zamanda icraçı qurumlar (təşkilatlar) üzrə bölgüsü də təqdim edilib.

Əvvəlki illərdən fərqli olaraq hesabat ili üzrə təqdim edilmiş məlumatlarda strategiya üzrə həm digər tədbirlərin, həm də 4-cü prioritet istisna olmaqla investisiya yönümlü tədbirlərin maliyyələşdirilməsi xərcləri və bəndləri ayrıca göstərilib.

Dövlət büdcəsinin icrasına dair hesabatlarda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün yönəldilmiş vəsaitlərin məbləği 5,9 mlrd. manat göstərilmişdir. Bu istiqamətdə apardığımız təhlillərin bəzi nəticələrini səsləndirmək istərdim:

- Strategiya xərcləri barədə məlumatlar layihə və icra sənədləşməsinə fərqli yanaşma əsasında daxil edilmiş, bu isə proqnoz və icra üzrə qiymətləndirmələrin aparılmasına təsir etmiş;
- Bəzi hallarda Strategiyanın tədbirləri arasında hesabat ili üçün icra müddəti bitmiş tədbirlər və ya Strategiyada birbaşa nəzərdə tutulmayan tədbir maliyyələşdirilib.
- Bəzi hallarda Strategiyanın bəzi əhəmiyyətli fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda həmin istiqamətlər üzrə Strategiyada maliyyə tutumu əks etdirilməyib.

Ümumən yekunlaşdırsaq – Makro və fiskal göstəricilərin 2022-2025-ci illər üzrə dinamikasının təhlili Strategiya tədbirlərində nəzərə tutulmuş orta illik hədəflərin hesabat tarixinə tam və ya qismən yerinə yetirildiyini göstərib”.

Palata sədri hesab edir ki, son illərin dinamikasında diqqət çəkən məqam büdcə gəlirlərinin hər il proqnozu üstələməsi, xərclərin isə proqnozdan az icra edilməsidir:

“Bu tendensiya 2025-ci ilin dövlət büdcəsi üzrə də müşahidə edilmiş, nəticədə 3,1 mlrd. manat defisit proqnozuna qarşı 580,0 mln. manat profisit qeydə alınıb.

Gəlirlərin proqnozdan yüksək icrası fonunda xərclərin proqnozdan aşağı icrası, bununla da profisitin əldə olunması fiskal dayanıqlılıq baxımından müsbət qiymətləndirilsə də, beynəlxalq fiskal idarəetmə təcrübəsinə görə büdcə xərclərinin planlaşdırılan səviyyədən əhəmiyyətli dərəcədə (5,0%-dən çox) aşağı icrası büdcə planlaşdırmasının qiymətləndirilməsi baxımından əlavə təhlil tələb edən məqamlardandır.

Ümumilikdə hesabat ilində icra edilməyən xərclərin məbləği 2,8 mlrd. manat təşkil etmişdir. Bu məbləğin təsnifatlar üzrə təhlilini aparmışıq. Təhlil göstərir ki, edilməyən xərclərdə inzibati təsnifat üzrə icra bölüşdürülməyən xərclərin, funksional təsnifat üzrə iqtisadi fəaliyyət bölməsinin, iqtisadi təsnifat üzrə qeyri-maliyyə aktivlərin payı üstünlük təşkil edir.

Bu il ilk dəfə olaraq qurumlar tərəfindən təqdim edilmiş məlumatların müvafiq informasiya sistemi üzrə yığılmasını və emalını həyata keçirməyə çalışmışıq. Məlumatların təhlili göstərir ki, iqtisadi təsnifatın malların satınalınması və qeyri-maliyyə aktivləri bölməsinin tərkibinin 64 istiqamət (paraqraf, maddə) üzrə ümumilikdə 927 halda icra 0 olmuş, 1101 halda isə 50%-ə kimi olub.

2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə dövlət büdcəsinin gəlirləri daha yüksək icra edilmiş, Qanun layihəsində nəzərdə tutulan mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 10 mənbə üzrə artıqlaması ilə, 9 mənbə üzrə kəsirlə, 2 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.

Hesabat ilində cəmi büdcədənkənar gəlirlər proqnozla müqayisədə az icra edilsə də, əvvəlki ilə nisbətən artmışdır. Bir mənbə istisna olmaqla, digər mənbələr üzrə gəlirlər proqnozla müqayisədə az icra edilmişdir. Qeyd edim ki, 2025-ci ildə daxil olmuş büdcədənkənar gəlirlərin 48,9%-i maliyyə sanksiyaları və inzibati cərimələr mənbəyindən daxil olmuş və bu mənbənin icrası 68,6% təşkil etmişdir. Müvafiq mədaxil mənbəyi üzrə aşağı icra ikili uçota yol verməmək məqsədilə sərbəst qalıqdan kəsirin maliyyələşdirilməsi vasitəsilə həmin mənbəyə yönəldilmiş vəsaitin büdcədənkənar gəlirlərdə əks etdirilməməsi ilə bağlı olub.

Xərclərin funksional təsnifatında əksər bölmələr üzrə əvvəlki illə müqayisədə artım qeydə alınmış, ən çox artım “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində qeydə alınmışdır. Bu bölmə üzrə xərclər 905,4 mln. manat (48,1%) artımının əsas səbəbi Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə xərclərin 1,1 mlrd. manat və yaxud 3,4 dəfə artması ilə bağlıdır".