BAKI, 10 iyun. TELEQRAF

Qaz nəqli sistem operatorunun (qazın nəqlini həyata keçirən hüquqi şəxs) vəzifələri müəyyənləşir.

Teleqraf xəbər verir ki, məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, qazın nəqli qaz nəqli sistem operatoru tərəfindən həyata keçirilir.

Qaz nəqli sistem operatoru qazın nəqlinə verilmiş icazə əsasında fəaliyyət göstərir.

Qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:

- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
- qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
- qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq, tənzimləyiciyə təqdim etmək;
- bu qanunun 15.3-cü maddəsi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və bu qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu qanunun 13.6-cı maddəsinin tələblərinə uyğun olaraq);
- nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- qazın idxalı üçün infrastruktur yaratmaq.