BAKI, 25 iyun. TELEQRAF
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.
Əvvəlcə Müdafiə Nazirliyinin hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncamla, polkovniklər İdris Məhərrəmova, Vasif Xəlilova, Elnur Kazımova və Elgün Əliyevə general-mayor ali hərbi rütbəsi verilib.