BAKI, 21 aprel. TELEQRAF

Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) aparatında tədbir keçirilib.

Bu barədə Teleqraf-a DSX-dən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan uğurlardan, o cümlədən sərhəd mühafizəsi sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunmasının ölkənin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyinin qorunması baxımından strateji əhəmiyyət daşıdığını, sərhəd təhlükəsizliyinin mühafizəsinin ümumilikdə ölkə təhlükəsizliyinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələri xüsusi vurğulanıb.

Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, gələcəkdə də dövlət sərhədinin qorunması uğrunda əzmlə xidmət edəcəklərinə, Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.