BAKI, 12 iyun. TELEQRAF

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli sərəncamın icrası ilə bağlı yeni fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, 2025-ci il iyulun 1-dən sosial müavinət və təqaüdlərin məbləğləri artırılır.

Yeni fərmanla aşağıdakı əsas dəyişikliklər qüvvəyə minəcək:

Əlilliyi olan şəxslərə sosial müavinətlər 180–300 manat arasında müəyyən olunub.

Şəhid ailələri, 20 Yanvar və müharibə əlilləri üçün Prezident təqaüdləri 400–700 manat arasında artırılıb.

Vətən Müharibəsi Qəhrəmanlarına təqaüd 2200 manat, Milli Qəhrəmanlara isə 2000 manat müəyyən edilib.

Aztəminatlı ailələrə, qəyyumlara, övladlığa götürənlərə və çoxuşaqlı analara verilən müavinətlər də artırılaraq 140–650 manat aralığında təyin olunub.

Yeni doğulmuş uşağa və dəfn xərcləri üçün verilən vəsait 600 manata çatdırılıb.

Prezidentin fərdi təqaüdü 1700 manat məbləğində olacaq.

Bundan başqa, şəhid ailəsi üçün 700 manat müavinət təyin olunub.

Fərmana əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilib.

Həmçinin orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat təyin edilib.

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat. - müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat müəyyən edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.