BAKI, 14 aprel. TELEQRAF

Əlilliyi olan şəxslər əl işlərinin internet üzərindən satışına görə sosial vergi ödəməyəcəklər.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.