
Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanunda qeyd edilib ki, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:
Mühafizə avtomobili ilə:
1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
Mühafizə və müşayiət avtomobili ilə:
1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;
3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;
5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
***
Prezident İlham Əliyev "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna yeni - Sosial xarakterli fövqəladə mühit rejimi" (I-I) fəsli əlavə edilib.
Sənəddə qeyd edilib ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.
Sosial xarakterli fövqəladə mühit rejimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir.
Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq müddəti bu rejimin tətbiqinə əsas olmuş fövqəladə halların aradan qaldırılması müddətindən artıq ola bilməz.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər aşağıdakılardır:
1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
2. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, digər normativ hüquqi aktlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.
3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət etməli, onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməli və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım göstərməlidirlər.
5. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq hüququ vardır.
6. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.