BAKI, 26 noyabr. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” (ADY) cari ilin 10 ayında Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib, onların 119-u tranzit qatarıdır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə ADY-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.
Onun sözlərinə görə, Avrasiyanın mərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzit marşrutu kimi Orta Dəhlizin əhəmiyyəti böyükdür.
O həmçinin qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində lider mövqelər qazanmasını təmin edib:
"Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiyanı birləşdirən etibarlı körpü rolunu oynayır. Bakı–Tbilisi–Qars xəttinin modernizasiyasından sonra onun buraxıcı qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona yüksəldilib. Ümumilikdə, “Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılması məqsədilə infrastrukturun inkişafını davam etdirir. Bu çərçivədə, əsas Şərq–Qərb magistralı sayılan Bakı–Böyük Kəsik xəttində dəyişən cərəyana keçid işləri uğurla aparılır".