BAKI, 26 noyabr. TELEQRAF

"Şərq–Qərb istiqaməti üzrə, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu marşrut yalnız şimal-qərb xəttinin deyil, həm də “Şimal–Cənub” dəhlizinin mühüm elementidir".

Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

Rəşad Nəbiyev əlavə edib ki, hazırda illik 15 milyon tonadək yükötürmə qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə aparılır:

"Bu xətti 2026-cı ildə Ermənistan sərhədinədək çatdırmağı planlaşdırırıq. Paralel olaraq Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu xəttinin bərpası üzərində çalışır. Bu magistralın layihələndirilməsi mərhələsini tamamlayırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq".