BAKI, 23 may. TELEQRAF

Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti keçirilib. Tədbirdə 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib.

Bu barədə Teleqraf-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.

Tədbir “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunub. İştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.

Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən bu təşkilatın həqiqi üzvüdür. 2008-ci ildən etibarən mütəmadi olaraq təşkil olunan bu sammit qlobal nəqliyyat siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır.