TBİLİSİ, 10 aprel. TELEQRAF
Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı intensiv işlər aparılır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən “BusinessPressNews” nəşrinə bildirilib.
Qeyd olunub ki, bu prosesə dəmir yolu administrasiyaları, eləcə də məsələ ilə bağlı hər iki ölkənin aidiyyəti qurumları arasında danışıqlar və texniki detalların dəqiqləşdirilməsi daxildir.
“Tərəflər intensiv işləyir və hərəkətin bərpasının konkret tarixi daha sonra açıqlanacaq”, - qurumdan bildirilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə “Azərbaycan Dəmir Yolları”na aid qatarın Tbilisidə dəmir yolu vağzalında görünməsini əks etdirən fotoşəkil yayılıb. Həmin qatarın dəmiryol xətlərinin diaqnostikasını aparan qatar olduğu məlum olub.
Bundan öncə Gürcüstan tərəfi Bakı və Tbilisi arasında dəmir yolu vasitəsilə sərnişin daşımalarının mayın 1-dən bərpa olunacağını bildirib.