BAKI, 1 aprel. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gündən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb. İlk dəfə olaraq bu marşrut üzrə iş günləri, şənbə və bazar günləri olmaqla qatarların ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Bundan əvvəlki qrafik iş və qeyri-iş günlərini əhatə edirdi.

Teleqraf xəbər verir ki, bu barədə ADY sədrinin müşaviri Arif Ağayev bildirib.

Onun sözlərinə görə, şənbə və bazar günləri üçün ayrı qrafiklərin tərtib olunması daha çox tələbatın olması ilə əlaqədardır:

"Yeni hərəkət cədvəlləri hazırlanarkən sərnişin tələbatı ADY-nin qatar parkının imkanları daxilində maksimum nəzərə alınıb. Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb".

Arif Ağayevin sözlərinə görə, iş günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı isə 42-dən 56-ya çatdırılıb. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Eyni zamanda, Sumqayıt–Xırdalan–Bakı istiqamətində səhər reysləri optimallaşdırılıb:

"Belə ki, bu vaxtadək saat 07:20-də Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib. Bu, evdən işə gedən və işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Optimallaşdırma çərçivəsində həftənin şənbə və bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Yeni cədvələ əsasən, şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı 20-dən 36-ya çatdırılıb. Bazar günləri isə Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı 20-dən 28-ə qədər artırılıb", -deyə sədrin müşaviri bildirib.