BAKI, 19 fevral. TELEQRAF

“Azərbaycanla Gürcüstan arasında dəmiryolu vasitəsilə sərnişindaşıma məsələsi sadəcə müzakirə olunub. Bu yöndə hər hansı razılığa gəlinməyib".

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, hazırda beynəlxalq sərnişin daşımaları karantin səbəbindən dayandırılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də sosial şəbəkə paylaşımında məsələnin yalnız müzakirə mövzusu olduğunu bildirib.

"Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük. İki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmiryolu ilə sərnişin daşımalarını müzakirə etdik. Yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi apardıq”, - deyə nazir paylaşımında bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanın iqtisadiyyat naziri və davamlı inkişaf naziri Levan Davitaşvili Rəşad Nəbiyev ilə görüşdən sonra mediaya açıqlamasında iki ölkə arasında bu il mayın 1-dən dəmir yolu əlaqəsinin bərpası məsələsinin xüsusi diqqət mərkəzində olduğunu bildirib.

Bundan əvvəl Azərbaycan mediası Tbilisi ilə Bakı arasında sərnişin daşımalarının bərpası barədə məlumat yaymışdı. Hətta daşımaların İsveçrənin Stadler şirkətinin qatarları vasitəsilə həyata keçiriləcəyi də bildirilirdi.

Əlavə edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-da bitir. Həmin müddətdən sonra Nazirlər Kabinetinin hansı qərarı verəcəyi bəlli deyil.