BAKI, 18 fevral. TELEQRAF

Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Maliyyə Nazirliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı Teleqraf-a danışan Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq hökumətlər arasında danışıqlar gedir.

"Bu istehsal deyil, yığılmadır. Ehtiyat hissələri xaricdən gətirilir və ölkəmizdə yığılır. Bildiyimiz kimi, Azərbaycanın ictimai nəqliyyat sistemi o qədər də yaxşı vəziyyətdə deyil. Bunu aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır. Avtobusların kənarda yığılması və ölkəmizə gətirilməsi vaxt itkisidir. Bu səbəbdən onların gətirilib ölkəmizdə yığılması daha məqsədəuyğundur", - deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, elektrikli avtobusların istifadəsinə keçid həmçinin ətraf mühitin qorunması üçün də əlverişlidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, elektriklə işləyən avtobusların istehsal və istismar xərclərinin ənənəvi avtobuslardan daha baha olacağı gözlənilir:

"Sərnişindaşıma sosial məsələdir. Düşünürəm ki, bunu əsas gətirərək gediş haqlarının artırılmasına yol verilməməlidir".