“Toğrul müəllimin verdiyi mesajlar çox pozitiv, optimal və potensial mesajlar idi. Toğrul müəllim, özünə qarşı hücumu və təhqirləri böyük məharətlə dəf etdi, hücumu yatızdırandan sonra əks-hücuma keçə bildi. Zalda əyləşən və onunla bir səhnədə döyüşənləri susdura bildi. Məncə, Toğrul müəllim həm də yaranan münasibətləri yoluna qoymaq üçün birgə komissiyanın yaradılması kimi təklifləri irəli sürməsi Rusiya cəmiyyəti üçün maraqlı və məqbul oldu. Sonda da proqramda iştirak edən Federasiya Şurasının Müdafiə Məsələləri komitəsi sədrinin birinci müavini Toğrul müəllimə təşəkkür edib, çıxandan sonra dostcasına ayrılıb. Məncə, bu, bir türk insanının Moskvada nailiyyəti idi”.

Bunu qəzetimizə müsahibəsində tarix elmləri namizədi, siyasi şərhçi Rafiq İsmayıl bildirib. Müsahibəni təqdim edirik:

- Rafiq müəllim, Türkiyə-Rusiya münasibətlərində yaranan indiki gərgin münasibətləri necə şərh edirsiniz?
- Türkiyə-Rusiya münasibətlərində kifayət qədər gərginlik yaşanır. Buna səbəb bir neçə gün əvvəl Rusiyanın bombardmançı təyyarəsinin Türkiyənin hava məkanını pozması, xəbərdarlıqlar edilməsinə baxmayaraq davam etməsi və nəticədə Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulmasıdır. Buna qədər də rus təyyarələri Türkiyənin hava məkanını pozurdu. Dəfələrlə bu haqda Rusiyaya xəbərdarlıq edilib, diplomatik kanallarla məlumat verilib. Rusiya da qeyd edirdi ki, nəzərə alınacaq. Lakin nəzərə alınmadı və nəticədə təyyarə hava məkanını pozduğu üçün vuruldu. Rusiya da gözləmədiyi situasiya ilə üzləşdi. Rusiya düşünürdü ki, qüdrətli dövlətdir, nüvə silahına malikdir və kimsə cürət edib onun təyyarəsini vurmaz. Lakin insident baş verdi. Türkiyənin bu addımı Rusiyaya zərbə oldu. Odur ki, Rusiya birinci gündən radikal xətt seçdi, verilən izahatları yetərli saymadı. Nəticədə də münasibətlər kifayət qədər gərginləşdi. Putin Türkiyəyə barmaq silkələdi, iqtisadi sanksiyalara əl qoyacağını elan etdi və hazırda bu iş aparılır. İqtisadi cəhətdən bəlli layihələr dayandırıldı, Rusiyada fəaliyyət göstərən türk iş adamlarının fəaliyyətləri məhdudlaşdırıldı, Türkiyəyə turist axınını qarşısı alındı. İqtisadi əlaqələr əslində çoxşaxəli deyil. Konkret olaraq qaz, neft, atom elektrik stansiyasının tikilməsidir. Türkiyə isə Rusiya bazarında tekstil malları göndərir. Bu, Rusiya bazarının təxminən 70 faizini əhatə edir. Eyni zamanda Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşınır. Bütün bunlara qadağa qoyuldu. Eləcə də, Rusiyada türk tələbələrə qarşı müəyyən addımlar atıldı. Təbii ki, Türkiyə bütün bu addımlara çox soyuqqanlı yanaşır, arzu edərdim ki, bu təmkinli yanaşma davam etsin. Yəni Türkiyənin qapıları Rusiyaya açıqdır. Rusiya isə qapılarını türklərin üzərinə bağlayır. Hazırda gərgin münasibətlər bundan ibarətdir.

- Bundan qazanan kim, itirən kim olacaq?
- Təbiidir ki, oturuşmuş əlaqələr sisteminə zərbə vurulması hər iki dövlət üçün çətinliklər yaradacaq. Bu, reallıqdır. Amma nəzərə alsaq ki, Rusiyanın Türkiyəyə ixracı təqribən 27 milyard, Türkiyənin Rusiyaya ixracı 5 milyard dollar təşkil edir. Bu məbləğləri müqayisə edəndə münasibətlərin pisləşməsindən uduzan dövlət müəyyən edilə bilər. Belə bir fikir yarana bilər ki, Rusiyaya Türkiyəyə neft və qazın verilməsini dayandıra, Ankaraya ciddi problem yarada bilər. Ancaq maraqlıdır ki, Moskva Türkiyəyə qarşı iqtisadi əlaqələrin bütün sahələrinə sanksiya tətbiq etsə də, neft-qaz sahəsi bundan kənarda qalıb. Rəqəmləri müqayisə edəndə görünür ki, Rusiya daha çox uduzacaq. Artıq Türkiyənin Rusiyaya ixrac etdiyi meyvə-tərəvəz məhsullarını Səudiyyə Ərəbistanı və Qətər almağa hazır olduğunu bəyan edib. Yaxud, Rusiyaya idxal olunan meyvə tərəvəz Azərbaycandan keçməklə Özbəkistan yolu ilə Orta Asiyaya istiqamətlənməsi müşahidə olunur. Eləcə də, neft məhsulunu Əlcəzairdən, İraqdan və İrandan almaqla bağlı razılıq əldə edilib. Yəni Türkiyə bu məsələdə daha az uduzur, sadəcə maşın karvanının istiqaməti dəyişir. Lakin Türkiyəyə Rusiyanın 30 milyarda qədər kapital qoyuluşu var. İndi Ankara bundan imtina etsə, nə olacaq? Atom Elektrik Stansiyasını yaponlar da tikə bilər. Fikrimcə, rus siyasi rəhbərliyinin münasibətləri gərginləşdirməsi, bəzi sanksiyaları tətbiq etməsi nəticəsində indiki durum yaranıb. Həm də Rusiyanın televiziya və internet resurslarına inansaq, Rusiyada yaşayan əhalisinin böyük hissəsi bu durumdan narazı və narahatdır. İqtisadçılar da qeyd edir ki, uduzan rus iş adamları, rus iqtisadiyyatıdır.

- Münasibətlərdəki bu gərgin situasiyanın gələcək inkişaf perspektivlərini necə görürsünüz?
- Hazırda Rusiya hakimiyyəti münasibətlərin yaxşılaşmasına müqavimət göstərir. Hesab edirəm ki, yaxın gələcəkdə Putin və onun komandası bu vəziyyəti dəyişməyə maraq göstərəcəklər. Böyük ehtimalla Parisdə olan beynəlxalq toplantıda bu məsələyə müəyyən qədər toxunulacaq. Ehtimal olunur ki, Putinlə Ərdoğanın görüşü baş tutsun. Ən azından ayaqüstə bu görüş ola bilər. Böyük dövlətlər, eləcə də Rusiya və Türkiyəyə dost olan ölkələr də münasibətlərin pisləşmə istiqamətində inkişafında maraqlı deyillər. Əksinə, hamı istəyir ki, münasibətlər normallaşsın. Məncə, Rusiyanın dostları da onu indi yeritdiyi siyasi kursdan çəkindirməyə çalışacaq.

- Bəzi mütəxəssislər bu iki ölkə arasında müharibənin ola biləcəyini, bunun da üçüncü dünya müharibəsinə çevrilmək ehtimalından danışırlar...
- Bu barədə fikir yürüdənləri iki hissəyə bölmək lazımdır. Bunun birinci hissəsi əsasən cahillərdir. Onlar prosesləri, dünyanın indiki duruşundan və hərbi gücündən xəbərsiz adamlardır. Və ya Rusiya tərəfindən çıxış edərək Türkiyəyə “xox” gəlmək istəyənlərdir. Bu fikirlərin arxasında həqiqət olmayan boş sözlərdir. Bizim mətbuatda da belə yazılar gedir. Yeri gəlmişkən, bəziləri hətta televiziyada bu haqda danışırlar. Bu, onlara yaraşan ifadələr deyil. Məncə, ikinci qrup insanlar dünyanın gedişatını dərk etməkdə çətinliklər çəkirlər.

- Bu fikirlər həm də narahatlıq konteksində qeyd olunur...
- Müharibə olmayacaq. Bu, birmənalıdır. Mənim adımdan bu fikri net formada yazın. Gəlin təsəvvür edək ki, Rusiya ilə Türkiyə nə üstündə müharibə edəcək? Türkiyə Rusiyanın təyyarəsini vurub. Uzaqbaşı Rusiyada Türkiyənin bir təyyarəsini vuracaq. Sonra?

- Bu ölkələr Suriya hava məkanında, ərazilərində üz-üzə gələ bilərmi?
- Hazırda Rusiya Suriya üzərində müəyyən əməliyyatlar keçirir, bəlli əraziləri bombalayır. Amma Türkiyənin də silahları bu qayda ilə öz işindədir. Suriya hava məkanında Rusiya ilə Türkiyə üz-üzə gəlməyəcək. Çünki Suriya fəzasında təkcə ruslar və türklər uçmur. Burada həm də NATO ölkələri uçur. Səhv etmirəmsə, 14 ölkə təyyarəsi Suriya üzərində uçuş həyata keçirir. Əlbəttə, təsadüfi toqquşma ola bilər. Hətta Türkiyənin deyil, Rusiya ilə Amerikanın təyyarələri də üz-üzə gələ, toqquşma ola bilər. İndi Rusiya tərəfi Suriyaya S-300 kompleksi yerləşdirib, S-400 kompleksini yerləşdirəcəyini bildirib. Bu kompleks kimi vuracaq? Siz mətbuat nümayəndəsi olaraq düşünün, bu silahla kimi vuracaqlar? Və ya kimi vura bilərlər? Türkiyənin Qara dənizdəki hərbi dəniz donanması Rusiyadan qat-qat üstündür. Türkiyənin 500 minlik quru qoşunu var ki, NATO-nun vuran əli hesab olunur. Türkiyənin qırıcı və bombardmançı təyyarələri öz çevikliyinə, uçuş peşəkarlığına və bütün göstəricilərinə görə öndədir. Türkiyəyə bir barmaq uzadılsa, avtomatik NATO ölkələri hərəkətə gəlməlidir. Yəni bizim bildiyimiz və bilmədiyimiz məqamlar var. Odur ki, bu iki ölkənin müharibə edəcəyi haqqında fikirlər ciddi əsaslara söykənmir. Məsələn, bəzən deyirlər ki, Rusiya İstanbula bir atom bombası atsa, NATO Türkiyəni müdafiə etməz. Belə də yanaşma olarmı? Türkiyə NATO-nun bərabərhüquqlu və ən güclü üzvüdür. Əgər NATO-da bir neçə ölkə varsa, Türkiyə üçüncü böyük dövlətdən sonra dördüncü yerdə durur. Şəxsən hesab etmirəm ki, Türkiyəyə bomba atılsa ABŞ, Böyük Britaniya və ya Almaniya buna biganə qalsın. Bütün bunları bir kənara qoyuram. Türkiyənin özündə ABŞ-ın hərbi bazası var və burada istənilən növdə silah-sursat var. Bütün bunları məlumat üçün qeyd etdim. Bir daha vurğulayıram ki, müharibə başlana bilməz və müharibə situasiyası yoxdur. Hazırda tərəflər arasında ciddi küskünlük var. Mən barışın olacağına inanıram.

- Rafiq bəy, Toğrul İsmayılın Rusiyanın NTV proqramında tok-şouda çıxışı ciddi müzakirə olunur. Yəqin ki, Siz də verilişə baxmısınız. Maraqlıdır, rəyiniz necədir?
- Toğrul İsmayıl mənim oğlumdur. Onun haqqında yüksək fikirlər söyləməyim təvazökarlıqdan uzaq olacaq. Amma həqiqət budur ki, Toğrul müəllim həmin gün az qala milli qəhrəmana çevrildi. Bildiyim qədər, sosial şəbəkədə bir gənc ailə Toğrula yazıb ki, bizim oğlumuz doğulub və sizin şərəfinizə ona Toğrul adını vermişik.

- Siz təcrübəli şəxsiniz, 1970-ci ildən bu yana mərhum Əbülfəz Elçibəylə birgə yol qət etmisiniz. Toğrul İsmayılın çıxışı rus cəmiyyəti üçün maraqlı oldumu?
- Əlbəttə, maraqlı oldu. Çünki Toğrul müəllimin verdiyi mesajlar çox pozitiv, optimal və potensial mesajlar idi. Toğrul müəllim, özünə qarşı hücumu və təhqirləri böyük məharətlə dəf etdi, hücumu yatızdırandan sonra əks-hücuma keçə bildi. Zalda əyləşən və onunla bir səhnədə döyüşənləri susdura bildi. Məncə, Toğrul müəllim həm də yaranan münasibətləri yoluna qoymaq üçün birgə komissiyanın yaradılması kimi təklifləri irəli sürməsi Rusiya cəmiyyəti üçün maraqlı və məqbul oldu. Sonda da proqramda iştirak edən Federasiya Şurasının Müdafiə Məsələləri komitəsi sədrinin birinci müavini Toğrul müəllimə təşəkkür edib, çıxandan sonra dostcasına ayrılıb. Məncə, bu, bir türk insanının Moskvada nailiyyəti idi.

- Belə görünür ki, Toğrul bəy debatlarda Sizdən də güclü rəqib təsiri bağışlayır...
- İndi mən bir qədər yaşlaşmışam. Toğrul yaşda olanda mən də belə təsir bağışlayırdım. Ola bilsin ki, gen öz sözünü deyir. Həm də, Toğrul müəllim başqa cür ola bilməz. O, Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib, Əbülfəz Elçibəy məktəbinin yetirməsidir.

Nemət