Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Bakının Nardaran qəsəbəsində baş verən məlum olaylarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Millət vəkili öncə Nardarandakı əməliyyatla bağlı polisi qınayanlara cavab verdi.

- Nardaranda baş verən əməliyyatda heç bir halda polisi qınamaq olmaz. Polis bəlli şəxsləri həbs etmək üçün ora gedib. Ora toplaşan insanlardan biri qəfil qumbara atıb və polislər həlak olub. Heç kəs deməsin ki, Nardaranda insanlar dini inanclarını yerinə yetirmək üçün bir yerə toplanıblar və polis onlara mane olub. Əməliyyatın hansı məlumatlar əsasında keçirildiyini deyə bilmərəm. Bu, məxfi məlumatlardır. Sonradan məlum olub ki, oradakı insanlarda silah olub. Vaxtında o silahlar vətəndaşlardan yığışdırılmalıydı. Təəssüf ki, itkilər oldu. Həyatını itirən polislər, Nardaran sakinləri Azərbaycan vətəndaşlarıdır. Yaxşı olardı ki, əməliyyat itkisiz olaydı.

- Bəzi müxalifət liderlərinin baş verən olayda radikal dindarların müdafiəsinə qalxmasını necə izah etmək olar?
- Azərbaycanda bəzi siyasətçilər bu məsələdə ikiüzlü siyasət nümayiş etdirirlər. Onlar xaricdən idarə olunan qüvvələrin dəstəyini itirməmək üçün belə addım atırlar. Təbii ki, Nardaranda çox vicdanlı adamlar var. Amma burada ideoloji baxımdan zəhərləndirilmiş insanlar var ki, onlardan öz siyasi məqsədlərimiz üçün istifadə haqqında düşünməməliyik. Biz onları ideoloji asılılıqdan xilas etməliyik. Dövlət heç kəsin dini inancına, rituallarına toxunmur. Heç kəsə deyən yoxdur ki, niyə namaz qılırsan? Amma kimlərsə küçədə ibadət edib, dini çıxışlar etməklə özlərini reklam edirlər, xaricdəki dəstəkçilərinə mesaj göndərirlər, bu, təqdir və müdafiə oluna bilməz. Belələri xarici ölkənin bayraqlarına bürünməklə, özlərini əcnəbi ruhanilər kimi aparmaqla əslində dövlətə meydan oxuduqlarnı nümayiş etdirirlər.

- AXCP sədri Əli Kərimli həbs edilən Tale Bağırzadənin müdafiəsinə qalxaraq bildirib ki, o, heç vaxt istintaqdan yayınmayıb. Yəni polis idarəsinə dəvət edilsəydi, gələrdi. Doğrudanmı, Tale Bağırzadə qanuna tabe olan şəxsdir?
- Tale Bağırzadə özünü qanuna tabe olan birisi kimi aparsa da, onun ətrafı fərqli mövqe sərgiləyirdi. Tale Bağırzadəni həbs edəndə ətrafı idarənin qarşısına toplaşıb kimlərəsə güc nümayişi etdirirdi. O, Nardaran sakini deyil. Amma kimlərinsə göstərişi ilə qonaq sifətində Nardarana gəlib insanları təlimatlandırıb. Sən düz-əməlli adamsansa, həbsdən çıxandan sonra get otur, İsmayıllıdakı evində ibadətinlə məşğul ol. "Müsəlman birliyi" adında təşkilat yaradıb ölkəni "hüseynçilər və yezidçilər" kimi iki yerə bölmüsən.

- Müxalifət hər narazılıq edən qüvvəni dəstəkləməlidirmi? Yaxud narazılıq edən bütün qüvvələr haqlıdırlarmı?
- Bəzi müxalifət partiyalarının etiraza qalxan hər kəsi müdafiə etməsi onların prinsipsizliyindən xəbər verir. Ona görə də heç bir uğur əldə edə bilmirlər. Düşünürlər ki, Nardaran camaatı ayağa qalxdı, bundan necə istifadə etsinlər? Nardaranda sağlam düşüncəli insanlara qarşı hansısa addım atılıbsa, bəli, onu müdafiə edə bilərsən. Söhbət ölkədə iğtişaş yaratmaq istəyən hansısa qüvvədən gedirsə, həmin qüvvə Nardaranın təhrif olunmuş ideologiyaya inanan sakinlərində istifadə edirsə, onları niyə müdafiə etməlisən? Həmin qüvvələr sabah sənin özünə qarşı təhlükə mənbəyi olacaq. Teokratik ölkə istəyənlər İranın təcrübəsinə baxsınlar. İran inqilabından qabaq - 1978-ci ildə bir neçə siyasi partiya var idi. 1982-ci ildə onlardan heç biri qalmadı. Müxalifət liderləri, nümayəndələri din, rejim əleyhinə çıxmaq adı altında edam edildilər, sürgün olundular. Anlamırlar ki, müdafiə etdikləri radikalların quracaqları dövlətdə, cəmiyyətdə ilk cəzalananlardan biri onların özü olacaq. Baxacaqar ki, namaz qıla bilmirsən, özünü vurmursan, başını yarmırsan, arxandan bir təpik vuracaqlar. Bu mənada müxalifətdə də siyasi cəhalət hökm sürür.

- Tale Bağırzadə Gəncədə Aşura mərasimindəki çıxışında "Sizi qanımızda boğarıq" deyərək dövlət nümayəndələrini təhdid etmişdi. Nə üçün bu ifadəsinə görə, o, sorğu-sual edilmədi?
- Dövlət düşünürdü ki, Tale Bağırzadə həbsdən yeni çıxıb, islah olunar və s. Amma sonrakı davranışları göstərdi ki, nəinki islah olunmayıb, əksinə daha da radikallaşıb. O, din-dövlət münasibətlərinə xələl gətirən, təriqətlərarası uçurumu dərinləşdirən fəaliyyətilə diqqət çəkdi. Gizlin fəaliyyət göstərirdi, saxlamaq çətinləşmişdi. Getdi Nardarana, orada tutuldu. Yoxsa hökumətin Naradran əhalisi ilə nə işi var idi? Qaz və işıq pulunun ödənilməsinə görə dövlət onlara xeyli güzəştə gedib. Nardaranda kifayət qədər dövlətçiliyə bağlı, sağlam düşüncəli insanlar var. Amma cinaytəkar qruplaşmanı dəstəkləyən insanlar da var. Bu halda dövlət nə etməli idi? Onları başlı-başlına buraxmalı idi? Dövlət çox doğru olaraq cinayətkar qruplaşma və onları dəstəkləyənlərə qarşı sərt tədbirlər gördü.

- Hələ sovet dövründə Nardarandakı dini cahillik mərkəzi komitəni narahat edib. Nə üçün ötən müddət ərzində həmin qəsəbədə islahatlar aparılmayıb?
- İslahatlar üçün vəsait ayrılıb, amma məmurlar buna riayət etməyiblər. "MTN hadisələri" göstərdi ki, dövlətin bəzi təhlükəsizlik orqanlarının özü ən böyük təhlükə mənbəyidir. Pul, şəxsi mənafelər yuxarı başa keçəndə Nardarandakı problemlər, milli təhlükəsizlik arxa plana keçir. Nardaranda qızların oğlanlarla birgə təhsilinə icazə verilmirsə, qızlar üçün ayrıca məktəb açın. Təki onlar dünyəvi təhsil alsınlar. 10 mindən çox sakini olan Nardaranda ciddi iş, təhsil problemi var. Bu günə qədər orada bələdiyyə seçkiləri keçirilməyib. Bu məsələləri nardaranlıları qınamaqla həll etmək olmaz. Dövlət orada xeyli işlər görməlidir. Nardaranda kifayət qədər işıqlı, sağlam düşüncəli insanlar var, onlarla işləmək lazımdır. Kənd yeri elədir ki, insanlar ictimai qınağa tuş gəlməmək üçün islahatlar aparmağa, yeniliklər etməyə həvəs göstərmirlər. Hesab edirəm ki, övladını təhsildən yayındıran valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu tək Nardarana aid deyil. İstər Mədinədə, istər Qumda, istərsə də Suriyada təhsil alsın, təfəkkürcə cahil olan şəxs cəmiyyət üçün təhlükədir və onu dəyişdirmək çətin olur.

Ruslan Xəlil