Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin İdarə heyətinin üzvü Əntiqə Qurbanova ilə müsahibəni təqdim edirik:

- Nardaranda baş verən hadisələrlə bağlı mövqeyiniz necədir?
- Son hadisələr gözlənilməz deyildi. Çox üzücü hadisələr oldu. Nardaran kəndində dini fanatizmlə məşğul olan adamlar var. Təbii ki, bu fikrimi bütövlükdə Nardaran camaatına aid etmirəm. Bu hadisənin ardınca Gəncədə də dini radikalların hücumu oldu. Bu addımlar ondan xəbər verir ki, onlar dövlətin qanunlarına əməl etmək istəmirlər. 1993-cü ildən bu yana tolerantlıq, multikultural dəyərlər, məzhəblərarası münasibətlərin qorunub saxlanması üçün işlər görülür. “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, müəyyən vaxtlarda müsbət mənada əlavə və dəyişikliklər olunub. İcmalarla işləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. O cümlədən Qafqaz Müsəlmanları İdarəsinə lazımından çox səlahiyyətlər verilib ki, dini zümrə ilə yaxından maraqlansın. Həmçinin Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan Suriya, İraq, Əfqanıstan olmayacaq, bizim öz dini siyasətimiz, modelimiz var.

- Bu sahədə radikalizmin qarşısını almaq üçün nə etmək lazımdır?
- 1995-ci ildə belə bir vəziyyət yarandı ki, ölkəyə missionerlər gəlməyə başladı və insanlar kütləvi şəkildə dinlərini dəyişməyə başlamışdı. Həmin vaxt Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin nəzdində “İslam və demokratiya”, “Din və maarifçilik” mərkəzləri yaratdıq. O dövrdə rayonlara, eləcə də, Bakı kəndlərindəki orta məktəblərə gedirdik və orada maarifləndirmə işi aparırdıq. Biz deyirik ki, din dövlətdən ayrıdır, amma dindar dövlətdən ayrı deyil ki? Biz desək də, deməsək də, əksər dindarların təhsili aşağı olur. İbadətə toplaşan bir sıra dindarların hamısı öz hüquqlarını bilmir. Əgər bilsəydilər, Tale Bağırzadə kimilərinin qarşısında oturub onların xurafat yayan moizələrinə qulaq asmazdılar. Onlar öz hüquqlarını bilsəydilər, istəyərdilərmi ki, silahlansınlar? Haradan bilirdilər ki, axtarış olacaq? O məlumat onlara haradan ötürülmüşdü ki, onlar elə bil hazır vəziyyətdə polisləri gözləyərək dayanmışdılar. Radikal dindarlar həmişə belə tədbirlər keçirəndə hazırlıqlı olurlar. Guya ki, bunlar dinin təəssübkeşləridir, cihada hazırdırlar, lazım gələndə canlarını verərlər. Amma çox təəssüf ki, radikal dindarların liderlərinin birinin öldüyünü görən olubmu? Hələ sovet vaxtından Nardaran kəndi müəyyən təsirlərə məruz qalan bir kənd olub. Nardaranda və başqa kəndlərdə baxaq görək 4-cü sinifdən sonra neçə qız orta məktəbdə oxuyur. Buna niyə göz yumuruq, niyə qızların təhsil almasına mane olurlar? Təşkilat olaraq, hər zaman maliyyəni sona saxlamışıq və bu sahədə aparılacaq layihələrə dəstək vermişik. Belə ki, rayonlara maarifləndirmə işinə gedəndə donorumuzun razılığının olub-olmamasından asılı olmayaraq, mütləq tədbirimizin bir hissəsi insanların təməl hüquqlarına, milli-mənəvi dəyərlərə həsr edilib. Biz İslamın dəyərli prinsiplərini illərlə layihələrimiz və layihələrimizdən kənar çatdırmışıq. Görün təhsilsizlik hansı həddə çatıb ki, Nardaranda evində atışma olan qadın “polisləri bizimkilər yox, özgələr vurub” deyib. Yəni, “sizinkilər”, “bizimkilər” ifadələri işlədilir. Dini savadı olanlar bilir ki, bu gün Azərbaycanda konstitusiyaya, mövcud qanunvericiliyə uyğun təbliğat aparmaq lazımdır.

- Maarifçilik işini Nardaranda necə aparmaq olar?
- Bizim təşkilat 2000-ci illərdə orta məktəblərdə təlimlər aparıb. Bu təlimlərin də çox gözəl nəticələri olmuşdu. İndi deyirlər ki, o kəndə girmək olmur. Niyə olmur? Olur, sadəcə bu istiqamətdə düzgün işlər aparılmalıdır. Dünənə qədər heç kim mənəvi dəyərlərdən danışmırdı, amma hadisədən sonra telekanallar bu mövzulardan danışır. Hər hansı radikalizmə meylli olan insanlar üçün yeganə yol maarifləndirmədir. Eyni zamanda dindarlar arasında maarifləndirmə işləri aparmalıdır. Özüm “Montin” ərazisində yaşayıram və burda da həmin dini radikallardan var idi. Onlarla çox rahat danışıqlar aparıldı və həmin dindarlara izah edildi ki, dindarın vəzifəsi mövcud ayinləri yerinə yetirməkdir. Eyni zamanda dindarın əsas vəzifəsi odur ki, ölkənin qorunmasına xidmət edə və ilaxır. O cümlədən başqa ölkələrin də təsirləri olmamış deyil. Çünki internet saytlar var ki, baxırsan İran, digər müsəlman ölkələrinin saytlarına bənzəyir. Lakin burada gedən materiallar Azərbaycan dilindədir. Bizim insanlar niyə başqa ölkələrin təbliğatını aparmalıdır? Mən o insana əsl dindar deyərəm ki, öz ölkəsinə sədaqətli olsun, qanunlarına əməl eləsin.

BƏXTİYAR