“Mən Suriyada dörd dəfə olmuşam. Eləcə də, Türkiyənin Suriya ilə sərhəd rayonu olan Xatay vilayətində də olmuşam. Türkmənlərlə də söhbət etmişəm. Türkmənlər Azərbaycana daha yaxındır. Bir müsəlman, Azərbaycan türkü kimi türkmənlərin bombalanması, vurulması mənə də xoş gəlmir. Yəni bu, hamının ürəyini ağrıdan məsələdir. Ancaq hesab edirəm ki, Rusiya sıradan bir dövlət deyil. Kimlərsə istəyir ki, III dünya müharibəsi müsəlman dövlətlərinin ərazisindən başlasın”.

Bunu «Gündəlik Teleqraf” qəzetinə müsahibəsində Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib. Müsahibəni təqdim edirik:

- Tahir bəy, beşinci çağırış Milli Məclisin ilk iclasında iştirak etdiniz. Təəssüratınız necədir?
- 20 illik fasilədən sonra yenidən deputatlıq fəaliyyətinə başladığım üçün təəssüratım çox zəngindir. Deputatlıq xalqın seçdiyi bir vəzifə olduğuna görə məsuliyyəti böyükdür. Həm də şərəfli bir işdir. Milli Məclisin açılışında cənab Prezident çox gözəl çıxış etdi. Dağlıq Qarabağ məsələsi, ölkədəki sabitlik haqda danışdı. Elə bir məsələ olmadı ki, cənab Prezident ona toxunmasın. Bu nitq Milli Məclisin, deputatların görəcəyi işə tövsiyə xarakterli çıxış idi. Mən seçkilərin nəticəsindən, parlamentin tərkibindən razıyam. Bu, o deməkdir ki, bu tərkibdə Azərbaycan sabitliyə nail olub. Parlamentdə həmin tərkibin qalması uyğundur və həm də Azərbaycanda sabitliyin, inkişafın davam etməsinə işarədir. Parlamentin komitə sədrlərinin bəziləri dəyişdi, yeni komitələr də yaradıldı. Açığı, mən səmimi ortam gördüm. Milli Məclisin sədr aparatının əməkdaşları var idi. Onlarla 20 il əvvəl işləmişdik. Səmimi görüşdük, səmimilik yarandı. Xoş təəssürat altındayam və razı qalmışam.

- Milli Məclisdə bəzi deputatlar var ki, onlarla siyasi mövqeləriniz fərqli olub. Onlarla birgə işləmək, görüşmək, səmimi münasibətlər qurmaq çətin olmayacaq ki?
- Buna normal yanaşmaq lazımdır. Radikal üsullarla bir-birimizdə eyib axtarmaq vaxtı deyil. Keçmişdə ayrı-ayrı şəxslərlə münasibətlərdə sərinlik olub. Məsələn, biz “Demokratik” Blokda təmsil olunurduq, başqaları partokrat idi. İndi bu zaman ötüb keçib. Hazırda ən zəruri olan ölkədə sabitliyin təmin olunması üçün birgə çalışmaqdır. Bir məsələni qeyd edim. Cənab Prezidentin tövsiyəsi əsasında “Təhlükəsizlik və müdafiə” komitəsinin adı dəyişdi və ora “korrupsiyaya qarşı” ifadəsi əlavə edildi. Bu göstərir ki, dövlət səviyyəsində korrupsiyaya, inhisarçılığa qarşı müharibə elan edilib. Prezident çıxışı zamanı bildirdi ki, aparılan mübarizə, islahatlar sistemli xarakterlidir. Yəni bu proses davam edəcək, dərinləşəcək. Mən də bir deputat olaraq bunu arzu edirəm. Hiss edirəm ki, xalqımıza da xoş gəlir ki, zəli kimi xalqın malını soranlar zərərsizləşdirilir. Onlar bilməli idilər ki, haqq-hesab vaxtı da olacaq. Xalqın və dövlətin malını yeyənlərin sonda bir hesabat məqamı da olur. Bu mənada Milli Məclis dövlət ali icra hakimiyyəti ilə birləşməlidir, Azərbaycanda qanunvericilik, islahatlar səviyyəsində ortam yaradılmalıdır. Bu ortam ölkədə sabitliyin qorunması ilə inkişafa səbəb olsun, xalqımızın vəziyyəti yaxşılaşsın. Bu mənada parlamentdə kimləsə konfliktə girmək arzusunda deyiləm, başqalarından da bunu gözləmirəm. Biz hamımız əl-ələ verərək bu istiqamətdə addım atmalıyıq. Arzu etməzdim ki, 20 il əvvəl olduğu kimi qarşıdurmada olum, daima gərginlik olsun.

- Milli Məclisin hansı komitəsində təmsil olunacaqsınız?
- Mənə təklif edildi. Hazırda müzakirə mövzusudur və müəyyən edilməyib. Hələlik komitə sədrləri seçilib, tərkib yenicə formalaşır. Mən də hüquqşünasam, yəqin ki, komitələrin birində təmsil olunacağam.

- Parlamentin ilk iclasından təəssüratınız gözəldir. Maraqlıdır, parlament rəhbərliyi seçilərkən hansı namizədlərə səs vermisiniz?
- Mən gizlətmirəm. Oqtay Əsədovun lehinə səs verdim. Çünki bu komanda, parlamentin rəhbərliyi Prezidentin sabitlik kursunu müdafiə edib, köməklik göstərib. Ölkəmizdə də sabitlik hökm sürür. Sosial şəbəkələrdə diqqət etdim, bəziləri yazır ki, Tahir Kərimli sabitlik məsələsini çox vurğulayır. Bir şeyi nəzərə almaq lazımdır. Əgər ölkədə sabitlik yoxdursa, həmin ölkənin nə iqtidarı, nə müxalifəti, nə də demokratiyası var. Sabitlik olmayan ölkədə yol çəkilməyəcək, infrastruktur yaradılmayacaq. Əksinə, qeyri-sabitlik mövcud olanları da dağıdacaq, məhv edəcək. Odur ki, mən sabitliyə bu qədər önəm verirəm. Milli Məclisin köhnə komandasının yenidən rəhbərlikdə qalmasını ona görə dəstəkləyirəm ki, bu komanda Prezidentə dəstək olub. Milli Məclis hüquqi-inzibati institut və konstitusion sistemin tərkibi kimi sabitliyə köməklik edib. Həm də ölkə əhalisinin spektrini xeyli dərəcədə əhatə edən bir rəhbərlikdir. Yəni bu cəmiyyətdə bir barış və konsensus yarada biləcək haldır. Odur ki, mən seçkilərin nəticəsindən razıyam.

- Parlament seçkilərindən sonra rayona getmisiniz?
- Xeyr. Seçkidən sonra rayona getməmişəm. Səbəb odur ki, xəstəm var. Ancaq təbii ki, planlaşdırmışam və rayon rəhbərliyi ilə danışmışıq. Qısa müddətdən sonra rayona gedib geniş görüş keçirəcəyəm. Bizim seçildiyimiz rayonla münasibətlərimiz hər zaman yüksək səviyyədə olacaq.

- Hazırda Rusiya-Türkiyə münasibətləri son illərin ən kritik münasibətləri hesab olunur. Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə hava məkanını pozması və bu səbəbdən də vurulması iki ölkə arasında münasibətləri mürəkkəbləşdirib. Bu məsələ hazırda dünya mediasında ciddi müzakirə mövzusudur. Sizin şərhiniz necədir?
- Mən Suriyada dörd dəfə olmuşam. Eləcə də, Türkiyənin Suriya ilə sərhəd rayonu olan Xatay vilayətində də olmuşam. Türkmənlərlə də söhbət etmişəm. Türkmənlər Azərbaycana daha yaxındır. Bir müsəlman, Azərbaycan türkü kimi türkmənlərin bombalanması, vurulması mənə də xoş gəlmir. Yəni bu, hamının ürəyini ağrıdan məsələdir. Ancaq hesab edirəm ki, Rusiya sıradan bir dövlət deyil. Kimlərsə istəyir ki, III dünya müharibəsi müsəlman dövlətlərinin ərazisindən başlasın. Müsəlmanlar Suriyada, Liviyada, İraqda, Əfqanıstanda əzilir, öldürülür. İndi Türkiyəni də bu siyahıya qoşmaq istəyirlər. Sivilizasiya dağılır, insanlarımız ölür, iqtisadiyyat məhv olur. Odur ki, fikrimcə, Türkiyə bir qədər ehtiyatlı mövqe tutmalı idi.

- Ehtiyatlı mövqe deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Hadisədən dərhal sonra bəzi Qərb dairələri Türkiyəni müdafiə edən mövqe sərgilədilər. Bu, nəyi göstərir? Rusiya da açıq formada Türkiyəni hədələdi. Heç nədən konflikt yarandı, problemlər kəskinləşdi. Türkiyədə ballistik raket zərbələrinə düçar olsa, ölən, yaralanan kim olacaq? Sem dayı okeanın o tayında əyləşib, nə vecinədir ki, Türkiyənin başına nə gələcək. Ona görə bir qədər dözümlü olmaq lazımdır. Məsələn, Türkiyənin hava məkanını dəfələrlə Suriyaya məxsus təyyarələr pozub. Yalnız bir dəfə xəbərdarlıq atəşi açılıb, qalan hallarda xəbərdarlıq olunub. İndi Rusiyanın təyyarəsidir, xəbərdarlıq edilib. Mən baxıram ki, sosial şəbəkələrdə bizim qardaşlarımız bir emosiya içindədir. Düşünmürlər ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi və ya pozulması bizim əleyhimizə olan durum yaradır. Azərbaycan özü bundan əziyyət çəkərdi. Azərbaycanın özünə lazımdır ki, Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma olsun. Çünki Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın işlərinin bir qədər də irəli getməsinə səbəb ola bilər. Ona görə də, düşünürəm ki, Türkiyə tərəfi təyyarə məsələsində bir qədər tələsik qərar verib. Ancaq bütün hallarda bu hadisə baş verib. İndi mümkün qədər təmkin və soyuqqanlı mövqe nümayiş etdirmək lazımdır. Arzu edirəm ki, hər iki tərəf məsələyə maksimum soyuqqanlı yanaşsın.

- Bundan sonra iki dövlət arasında münasibətlərin inkişaf trayektoriyası necə ola bilər?
- Görürsünüz ki, Jirinovski tipli siyasətçilər Rusiyada radikal çağırışlar edir, Türkiyəni vurmaq lazım olduğunu ifadə edir. Digər siyasətçilər də buna oxşar mövqe göstərir. Türkiyə ilə münasibətlərin kəsilməsi təklifi ilə çıxış edən siyasətçilər də var. Türkiyənin özündə də aqressiya nümayiş etdirənlər var. Şəxsən mən belə mövqeləri ziyanlı hesab edirəm. Açıq deyim ki, Türkiyənin özü Rusiyadan çox faydalanırdı. Təsəvvür edin ki, milyonlarla insan turizm ölkəsi olaraq Türkiyəni seçirdi. Yüz minlərlə türk insanı Rusiyada tikinti sektorunda çalışırdı. İki dövlət arasında atom elektrik stansiyasının tikilişi məsələsi var idi. Qarşılıqlı ticarət dövriyyəsini 100 milyarda çatdırmaqla bağlı addımlar müşahidə olunurdu. Əlbəttə, nə qədər deməsək də, Cənub Axını bizə rəqib idi və bunu demək problem deyil. Lakin bütün hallarda Rusiya ilə münasibətləri pozmaq olmaz. Kimsə hesab edirsə ki, Rusiya artıq zəifləyib, inkişafdan qalıb, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Rusiya Amerika ilə birlikdə dünyadakı nüvə ehtiyatının 92 faizinə sahibdir. Yerdə qalan 200-dən çox dövlət isə bunun 8 faizini bölüşür. Elə etməyək ki, bu şapalaq bizə dəysin. Çünki bu iki dövlət bizim qonşumuzdur, güclü ölkələrdir. Onların münasibətlərinin pozulması bizə ciddi zərər olacaq. Ümid edirik ki, Rusiya-Türkiyə münasibətlərində ağıllı başlar qalib gələcək. Azərbaycan rəhbərliyində elə insanlar olacaq ki, Rusiya-Türkiyə münasibətlərinin daha da sağlamlaşmasına cəhdlər göstərsin. Burada söhbət Azərbaycana dost olan iki dövlət arasında münasibətlərin pozulmasından gedir. Biz də çalışmalıyıq ki, bu iki ölkə arasında olan soyuq münasibətlər aradan qaldırılsın.

Nemət