“Çox vaxt müsəlman xalqları beynəlxalq arenada çıxış etmirdi, daha çox öz problemləri ilə məşğul olurdu. Bu problemlərini həll edib-etməməsi başqa mövzudur. Ancaq indi vəziyyət dəyişib. İslam artıq beynəlxalq arenaya çıxır. Çoxları da bunu izləyir və bilir ki, bu elə-belə proses deyil. Nisbətən gənc din olan islam siyasi arenada öz yerini tutur. Təbii ki, bu zaman radikal metodlar da ortaya çıxır”.

Bunu Teleqraf.com-a müsahibəsində professor Əli Abbasov bildirib. Müsahibəni təqdim edirik:

- Parisdə baş verən terror aktı barədə nə düşünürsünüz, bu hadisədən sonra nələri pronozlaşdırmaq olar?
- Ümumiyyətlə, son illər dünyanın nizamı pozulub, qayda-qanuna riayət edən yoxdur. Sanki qanunlar ayaq altına atılıb. Terror aktının səbəbini burada axtarmaq lazımdır. Dünyada nizam-intizamın pozulması hazırda ən böyük problemdir. Dünyada ümumi fəaliyyətə nəzarət edəcək vahid bir nizamnamə yoxdur. Buna görə də dünyanın müxtəlif nöqtələrində çoxlu problem yaranır. Mən qlobal problemləri nəzərdə tuturam. Dünyada ikiqütblü sistem var idi və onlar bir-birinə nəzarət edirdi. İndi bu sistem dağılıb. Əvəzinə yeni sistem gəlməyib. Odur ki, dünyada bir zamanlar mövcud olan tarazlıq yoxa çıxıb.

- Yəni, SSRİ dağıldıqdan sonra dünyanın nizamı pozulub və son 24 ildə bu proses davam edir?
- Bir vaxtlar ikiqütblü dünya mövcud idi, tərəflər bir-birinə nəzarət edirdi, problem yaranan zaman beynəlxalq hüquqa istinad olunurdu. Beləcə, tarazlıq qorunurdu. İndi bütün bunlar yoxdur. İkiqütblülük ortadan çıxandan sonra onun yerini heç nə tutmayıb. Sanki bir boşluq var. Məsələn, o zaman Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzu və hadisələrə təsir imkanları daha güclü idi. İndi bu imkanlar və qayda-qanunlar yoxdur və ya istifadə olunmur. Əlbəttə, köhnə qanunlar yerində qalıb, lakin ondan bəhrələnmək istəyən yoxdur.

- Bu sürətlə dünya hara gedəcək?
- Yeni formada qayda-qanun əmələ gəlməli, tərəflər bunun əsasında fəaliyyətini qurmalı, dünyanın nizamı yaranmalıdır. Ya da, dünyanın nizam halına gəlməsi hansısa böyük müharibədən sonra baş verə bilər. Əslində, terror hadisələri də hansısa böyük müharibənin işartısı, mərhələsidir. Əgər belədirsə, hansısa bir gündə böyük müharibə baş verəcək. Görürsünüz, terror aktından sonra ilk dəfə Rusiya və ABŞ birləşərək İraq Şam İslam Dövlətinə qarşı çıxış edir. Vaxtilə beynəlxalq koalisiya Əfqanıstana hücum etmişdi. İndi Yaxın Şərqdə özünü İslam dövləti elan edən silahlı quruma qarşı hücum olacaq.

- Parisdə baş verən terror aktı Suriya problemi ilə bağlıdır?
- Konkret Suriya ilə bağlı deyil. Amma ümumi götürdükdə şübhəsiz ki, bu, nəinki Suriya, eləcə də, Yaxın Şərqdə gedən sosial-siyasi proseslərlə bağlıdır. Yaxın Şərqdə “yatan cəmiyyətləri” oyadıblar. Oyanan cəmiyyət də siyasi arenaya çıxanda onların içində ən radikallar qabaqda olur.

- Əl-Qaidanı, Hizbullahı, PKK-nı və digər terror qurumlarını hansısa böyük ölkələrin kəşfiyyat orqanları yaradıb. Bu, artıq sirr deyil. Sizcə, İraq Şam İslam Dövləti adlı terrorçu qurumu hansı kəşfiyyat yaradıb və məqsəd nədir?
- İŞİD ortaya qəfildən çıxmayıb. Beynəlxalq koalisiya İraqa qarşı müharibə elan etdi. Bu zaman hücumun nəticələri ilə razılaşmayanlar da oldu. Həmin maraqlı tərəf bu qüvvələri hazırlayaraq ortaya çıxarıb və indi də istifadə edir. Şübhəsiz ki, bu prosesdə beynəlxalq qüvvələr də yer alır. İnanmıram ki, bu, öz-özünə baş versin. Hətta İŞİD neft də satır. Ola bilsin ki, ilkin mərhələdə onlara hansısa qüvvələr kömək edibmiş. Amma sonradan İŞİD zəngin neft yataqlarını ələ keçirdi, indi nefti satıb özünü təmin edir. Hazırda beynəlxalq qüvvələrin müəyyən hissəsi çalışır ki, digər ölkələr İŞİD-dən neft almasın. Məncə də belə tələb qoyulmalıdır.

- İŞİD-i məhv etmək mümkündürmü?
- Təbii ki, mümkündür. İndi kimsə İŞİD-i şişirdib. Amma o problem deyil. Çünki konkret olaraq kimlərin İŞİD-ə kömək etdiyi, məqsədin nədən ibarət olduğu bilinir. Orada yalnız bir ciddi məsələ var. İŞİD-in üzərinə gediləcəksə, onlar da indi olduqları ərazidən çıxaraq dünyaya səpələnəcək. Bu da bir qədər təhlükəlidir.

- Paris terrorundan sonra Avropada müsəlmanlara qarşı hücum və basqılar olacaqmı?
- Artıq belə bir təcrübə var. 2001-ci ildə ABŞ-da terror baş verdi. Ondan dərhal sonra müsəlmanlara hücumlar oldu, onların təşkilatları nəzarət altına alındı. Amma Fransada prezident bəyan etdi ki, onlar islam dünyasına, sivilizasiyasına qarşı deyil, özlərini dinin tərəfdarı kimi çıxış edən terrorçularına qarşıdır. Çünki onlar ümumilikdə bəşəriyyətə qarşıdır. Ancaq təbii ki, Fransada məişət səviyyəsində nələrsə olacaq, amma konkret inanmıram ki, Fransa və digər ölkələr bundan müsəlmanlara və islam dininə qarşı istifadə etsin. Amma məişət səviyyəsində insidentlərin olması gözləniləndir.

- Hazırda Türkiyə və Avropada çoxlu sayda suriyalı qaçqın var, onların içərisində terrorçuların olması istisna deyil. Bu baxımdan yeni terror hadisələri ola bilərmi?
- Qərb ölkələrinin kəşfiyyatının açıqlamalarına diqqət edəndə görürük ki, nəinki belə hallar mümkündür, hətta onlar bu haqda bilirlər. Bunun hansı mənbələrdən gəldiyini bilirlər və qarşısını alacaqlarını elan edirlər. Amma bunun necə olacağını gələcək göstərəcək.

- Terrorun islam dini ilə bağlılığı varmı?
- Bunu demək doğru və ədalətli olmazdı. Bu gün dünyada baş verən terror hadisələrindən ən çox əziyyət çəkən, həyatını itirən məhz islam dünyasıdır. Bu, birmənalıdır. Başqa ölkələrin də nümayəndələri terror aktı zamanı öldürülür. Bu, reallıqdır və həm də vəhşilikdir. Lakin terrordan ən çox əziyyət çəkən müsəlman xalqlarıdır. Fransa prezidenti Olland da açıq bəyan etdi ki, terrordan ən çox müsəlmanlar əziyyət çəkir və hazırda məhz terrorçuların əlindən milyonlarla müsəlman Türkiyə və Avropaya qaçır.

- Nədən problemlərin əksəriyyəti müsəlman ölkələrində baş verir?
- Çox vaxt müsəlman xalqları beynəlxalq arenada çıxış etmirdi, daha çox öz problemləri ilə məşğul olurdu. Bu problemlərini həll edib-etməməsi başqa mövzudur. Ancaq indi vəziyyət dəyişib. İslam artıq beynəlxalq arenaya çıxır. Çoxları da bunu izləyir və bilir ki, bu elə-belə proses deyil. Nisbətən gənc din olan islam siyasi arenada öz yerini tutur. Təbii ki, bu zaman radikal metodlar da ortaya çıxır.

- Paris terrorundan sonra Suriya probleminin həll edilməsi təxirəsalınmaz şəkildə ortaya çıxa bilərmi?
- Baxır həll olunma deyəndə nəyi nəzərdə tuturuq. Təbii ki, həll üçün Suriyada müəyyən proseslər getməlidir. Dünya istəyir ki, Suriyada dialoq başlansın. Suriya müxalifəti ilə rejim arasında təmaslar olsun. Bu, istər-istəməz olmalıdır. Çünki bütün proseslərin sonunda dialoq olur. Lakin hazırda daha ciddi məsələ İŞİD adlı quruma qarşı müharibə nə zaman başlayacaq və onun nəticələri nədən ibarət olacaq.

- Paris terrorundan əvvəl Rusiyaya məxsus mülki təyyarə Misir səmalarında İŞİD tərəfindən partladıldı, yüzlərlə insan qətlə yetirildi. Necə düşünürsünüz, Suriya məsələsində fərqli mövqedən çıxış edən Qərb ilə Rusiya arasında əməkdaşlıq başlayacaqmı?
- Hər halda prezident Olland rəsmən bəyan edib ki, bu günlərdə Rusiyaya səfər edəcək, müzakirələr aparacaq. Moskva səfərindən sonra isə Amerikaya səfər edəcək. Onun sözlərindən belə çıxır ki, Rusiya və Amerikadan birləşərək islam dövlətinə qarşı birgə fəaliyyət göstərmələri istəniləcək.

- Bu, mümkündürmü?
- Nəinki mümkündür, hətta proses başlayıb. Belə hal tarixdə bir dəfə başlayıb. Prezident Putinin məşhur bir fikri oldu. O dedi ki, biz bir zamanlar Almaniyaya qarşı yaradılan koalisiya təcrübəsindən istifadə etməliyik. Yəni İŞİD-ə qarşı koalisiya qurulmalıdır. Söhbət yeni koalisiyadan gedir.

- Parisdə baş verən terrordan bir gün sonra dünya liderləri Antalyaya toplaşdı. G-20-nin toplantısında aparılan müzakirələr, qəbul edilən sənədləri nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?
- G-20 sammitinin nəticəsi onun sənədlərində öz əksini tapıb. Bu toplantıda iştirak edən dövlətlər ümumi mövqe nümayiş etdirdilər. Bu mövqe ondan ibarətdir ki, dövlətlər birləşərək yeni terror formalarına qarşı çıxış edəcək. Bu, qəbul edilən bəyannamədə öz əksini tapıb. Hər halda dünya terrorizmi, terroru və onun nəticələrini pisləyir, bunu bəşəriyyətə qarşı cinayət hesab edir.

- Azərbaycan da G-20 sammitində iştirak edirdi. Buna münasibətiniz necədir?
- Azərbaycanın bu sammitə qatılması, orada sözünü deməsi, problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması yaxşı bir addımdır. Bu şansdan maksimum effektiv istifadə olundu. Bu tədbirin özündə iştirakçı olmaq da əhəmiyyətli hadisədir.

Nemət