REAL Hərəkatının Məclis sədri Erkin Qədirli son günlər Azərbaycanın dini cameəsində baş verənlər və İrandakı soydaşlarımızın fəallaşması ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Erkin bəy, bu il Azərbaycanda keçirilən Aşura mərasimlərində siyasi şüarlar səsləndirildi, zorakılığa çağırışlar oldu. Radikal dindarların fəallaşmasından narahat olan vətəndaşlar Baş Prokurorluğa müraciət ediblər. Müraciətdə Taleh Bağırzadənin barəsində hüquqi ölçü götürülməsi xahiş olunur. Sizcə, bu müraciət əsasında prokurorluq hansısa addımlar ata bilərmi?
- Qanunvericilikdə cinayət işinin açılması üçün əsaslar aydın şəkildə göstərilib. Vətəndaş şəxsən üzləşdiyi və ya şahidi olduğu hallarla bağlı hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Əgər şəxs kiminsə cinayət xarakterli əməlinin şahidi olubsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyə borcludur. Cinayəti görüb gizlətmək məsuliyyət yaradır. Əgər cinayət əməli şəxsin özünə qarşı yönəlibsə, onun haqqı var ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsin. Yəni ikinci variantda müraciət etməyə də bilər. Amma cinayətin şahidi olduqda mütləq güc strukturlarına məlumat verilməlidir. İndiki halda adını çəkdiyiniz şəxsin həbsi ilə bağlı deyil, əməlinə qiymət verilməsi üçün prokurorluğa şikayət edilməli idi. Prokurorluq müraciəti araşdımalıdır. Əgər şəxsin hərəkətində, çıxışlarında cinayət xarakterli hallar varsa, uyğun tədbirlər görülə bilər. Açığı, ilk dəfədir ki, şəxsin həbs edilməsilə bağlı belə bir petisiyaya rast gəlirəm.

- Petisiyanın müəllifləri Taleh Bağırzadənin "Sizi qanımızda boğarıq" fikirlərini zorakılığa çağırış kimi qiymətləndirərək Baş Prokurorluğa şikayət ediblər. Sizcə, hər hansı şəxsin və ya radikal dindarın belə bir çağırış xarakterli çıxışlar etməsi nə dərəcə də qanunidir?
- İnsanlar emosianal durumda müxətlif fikirlər səsləndirirlər. Bəzən fikirlərinin mahiyyətinə varmırlar. Bu halda şəxsin niyyəti, məqsədi araşdırılmalıdır. Doğrudanmı, o, zorakılıq etməyə hazırlaşır, yoxsa emosional vəziyyətdə belə bir fikir işlədib? Əgər prokurorluq araşdırma aparacaqsa, bu nüansa diqqət yetirməlidir. Tıxaca düşən sürücülər bəzən bir-birini hədələyirlər. "Səni öldürərəm", "boğaram" və s. deyirlər. Gerçəklikdə isə heç nə etmirlər. Bu halda onlar heç bir hüquqi məsuliyyət daşımırlar. Mən insanların narahatlığını başa düşürəm. Özünü lider sayan insanlar, tanınmış şəxslər çıxışlarında diqqətli olmalıdırlar.

- Cümhuriyyət dəyərlərini təbliğ edən siyasi təşkilatın funksioneri olaraq radikal dindarların fəallaşmasından narahatsızmı? Onları Azərbaycanın gələcəyi üçün təhlükə hesab edirsiz?
- Mənim narahatlığım dindarların sayının artmasında deyil, dünyəvi dəyərləri təbliğ edənlərin zəifləməsi, sıradan çıxmasındadır. 10 il bundan qabaq da dindarlar fəal idi. Amma o zaman siyasi partiyalar, institutlar güclü idi. Televiziyalarda, konfranslarda, ali təhsil ocaqlarında çıxışlarımız olurdu, insanlarla görüşüb ideyalarımızı təbliğ edə bilirdik. İndi müxtəlif səbəblərdən bunları edə bilmirik. Boşalmış meydanın dindarlar tərəfindən tutulması gözlənilən idi. Dindarların fəallaşması, siyasi proseslərə müdaxilə etməsi faktdır. Bu mənada təhlükə var, bunu istisna etmirəm. Amma bunu doğuran səbəblər tapılmalıdır.

- Özünü Rəsulzadə-Elçibəy ideyalarının daşıyıcısı sayan partiyaların xaricdən idarə olunan dindarların müdafiəsinə qalxmasını necə izah etmək olar?
- Yaxşı olardı ki, bu suala həmin partiyaların özləri cavab versinlər. Burada iki məsələ var. Birincisi, əgər həmin partiyalar məsələyə insan konteksindən yanaşırlarsa, bu, anlaşılandır. Yox əgər dini qruplardan güc alıb elektoratını genişləndirmək istəyir, dindarlardan siyasi məqsədləri üçün istifadə edirlərsə, bu, mənim üçün qəbuledilməzdir. 1979-cu ildə İranda dindarlar siyasi partiyalarla birləşib hakimiyyətə gəldilər, sonra dindarlar müttəfiqlik etdikləri siyasi qüvvələri kənarlaşdırıb hakimiyyəti təkbaşına idarə etdilər. Bu günə qədər də İranda dini qüvvələr hakimiyyətdədir və ölkənin hansı durumda olduğunu yaxşı bilirsiz. İrandakı bu duruma görə məsuliyyəti Rza Pəhləvi daşıyır. Ölkəni pis günə qoymuşdi, qanunsuz həbslər, işgəncələr, sahibkarlara, alimlərə təzyiqlər və s. İnsanların yeganə sığınacaq yeri məscidlər idi. Məscidlərdə isə hansı məsələlərin müzakirə oluna biləcəyi bəllidir. Belə olan halda dindarların fəallaşması üçün münbit şərait yaranmışdı və onlar bundan yararlandılar. Yəqin ki, Azərbaycan hakimiyyəti də təhlükəni görür və qabaqlayıcı addımlar atacaq. Elə etmək lazımdır ki, qanundan, konstitusiyadan danışanların sayı, şəriətdən danışanların sayından çox olsun.

- Azərbaycanda radikal dindarların bir qayda olaraq xaricdən idarə olunduğu bildirilir. Xüsusilə, İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə intensiv şəkildə müdaxilə etdiyi qeyd olunur. Sizcə, xarici qüvvələrin öz niyyətlərini ölkəmizdə gerçəkləşdirməsi nə dərəcədə mümkündür?
- Təkcə İran olsaydı nə vardı ki... Mən bura Rusiya, Səudiyyə Ərəbistanı, Qərb, hətta Türkiyəni də əlavə edərdim. Onlar görürlər ki, ölkədə hansı qüvvə güclənir, fəallaşır, başlayırlar onlarla əməkdaşlıq etməyə. Siz müsəlman ölkələrinə fikir verin. Hamısında dindarlar daha çox müdafiə olunur, nəinki dünyəvi dəyərləri təbliğ edənlər və ya millətçilər. Görürlər ki, siyasi səhnədə dindarlardı, başlayırlar onlarla işləməyə. Ona görə də, dünyəvi dəyərləri təbliğ edən siyasi partiyalar güclənməldir. Meydanı dindarlardan almalıyıq. Bunun üçün təşkilatlanmamız, həmrəylik nümayiş etdirməyimiz lazımdır.

- Son günlər İrandakı soydaşlarımız təhqir olunmalarına etiraz olaraq aksiyalar keçirirlər. Maraqlıdır, Azərbaycanda ən xırda məsələyə belə etiraz edən dini kəsim soydaşlarımızın müdafiəsinə qalxmır. Bunu necə izah etmək olar?
- İranda təhqir olunan soydaşlarımızın müdafiəsilə bağlı Azərbaycanda real işlər görülmür, konkret addımlar atılmır. Bir-iki siyasi təşkilatı çıxmaq şərtilə cəmiyyət bütövlükdə susur. Mən hakimiyyəti başa düşürəm. İran ilə münasibətləri pozmaq istəmir. Amma siyasi institutların fəaliyyəti də qənaətbəxş deyil. Güney Azərbaycan mövzusu çox böyük mövzudur. Bizdən asılı olmayaraq İranda soydaşlarımız mübarizələrini aparırlar. Proses gedəcək. Bu, İrandakı siyasi sistemin mahiyyətindən qaynaqlanır. Biz diqqətli və hazır olmalıyıq.

- Politoloq Zərdüşt Əlizadə bildirib ki, İrandakı son proseslərin Azərbaycan ilə heç bir əlaqəsi yoxdur. Siz necə düşünürsüz?
- Tamamilə doğrudur. Soydaşlarımız təhqir olunub və indi də öz haqlarını müdafiə edirlər. Azərbaycandan asılı olmayan proseslər gedir. Problemlər İranın içərisində yaranıb. Müstəqillik, muxtariyyət və ya bütövlük istəyəcəklər, bunu özləri müəyyən edəcək. Bizim bu məsələlərə qarışmağımız düzgün olmazdı.

Ruslan Xəlil