“İcbari tibbi sığorta uzun illərdir ki, ictimai gündəmdə idi, hökumətin də müzakirə mövzusu idi. Dəfələrlə parlamentdə bu məsələ qaldırılıb. Artıq məsələ reallaşmaq üzrədir. Demək olar ki, fikir ayrılığı yoxdur. Cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta Agentliyinə artıq rəhbər təyin edilib. Yəqin ki, yaxın vaxtlarda agentliyin strukturları da müəyyənləşəcək. Nazirlər Kabinetində bildiyim qədər işçi qrupu pilot layihənin modelini də hazırlayıb. Gələn il biz pilot şəklində bunun tətbiqinə başlayacağıq, növbəti ildə isə ölkə üzrə icbari tibbi sığortanı tətbiq edə bilərik. Bu çox vacib məsələdir”.
Bunu qəzetimizə müsahibəsində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik:
- Musa müəllim, parlament seçkiləri başa çatdı. Seçkilər dövrünü və ondan sonrakı mərhələni necə qiymətləndirirsiniz?
- İstər seçkiqabağı, istər seçki, istərsə də seçkidən sonrakı dövrü Azərbaycan dövlətçiliyinin inkişaf səviyyəsinə uyğun qiymətləndirirəm. Yəni cənab Prezidentin söylədiyi kimi Azərbaycan qarışıq dünyada bir sakitlik, sabitlik və həm də inkişaf adasıdır. Azərbaycan öz yolu ilə gedir. Seçki ölkə həyatında bir mərhələ idi. Bu proses başa çatdı, xalq, dövlət öz fəaliyyətini olduğu kimi davam etdirəcək. Parlament seçkiləri demokratik şəraitdə keçirildi, aşkarlıq qorundu. Hər kəs öz arzusu ilə namizədliyini irəli sürdü, seçici də gəlib istədiyi namizədə səs verdi. Seçkilərin nəticələri bütün monitorinq qrupları tərəfindən müsbət qiymətləndirildi. İstər beynəlxalq, istər yerli müşahidəçilər, eləcə də, exit-poll təşkil edən qurumlar seçkilərin demokratik keçirildiyini bir daha təsdiq etdi. Ən vacibi isə Azərbaycan xalqı seçkilərin nəticələrindən razı qaldı. Bu günlərdə Konstitusiya Məhkəməsi və MSK seçkilərin nəticələrini təsdiqləyəcək və V çağırış parlament öz işinə başlayacaq. MSK-ya şikayətlərin az olması, seçkinin nəticələrinə təsir edəcək qanun pozuntularının olmaması Azərbaycanda dövlətçiliyin inkişafının göstəricisidir. Bu mənada seçkilər demokratiyaya doğru irəli addım kimi qiymətləndirilməlidir. Seçkidən sonrakı dövrə gəldikdə, seçilən deputatlar nəticələrin rəsmi təsdiq edilməsini gözləyirlər. Bundan sonra millət vəkilləri fəaliyyətlərinə başlaya bilərlər.
- Təcrübəli deputat olaraq V çağırış Milli Məclisin tərkibini necə qiymətləndirirsiniz?
- Hələlik nəticələr tam təsdiq edilməyib. Amma exit-pollun nəticələri, MSK-nın açıqladığı ən çox səs toplayan lider namizədlərin göstəriciləri göstərir ki, Milli Məclisin tərkibinin 25 faizində yenilənmə var. Bu da, demokratik ölkələrin təcrübəsinə uyğun göstəricidir. Əgər iqtidarda olan partiya seçkilərdə qalib gəlirsə, bu zaman parlamentin tərkibində ciddi dəyişikliklər olmur. İndiki tərkibdə qadınların təmsilçilik sayı artıb. Yeni seçilən deputatların hamısını tanımıram. Lakin əksəriyyəti cəmiyyətə tanış simalardır. Çünki ictimai-siyasi fəaliyyətdə müsbət imici olan şəxslərdir. Hesab edirəm ki, bu seçkidə yeni seçilən deputatlar əvvəlki deputatlarla birgə Milli Məclisin işini irəli aparmaq üçün öz imkanlarından istifadə edəcəklər. Hər halda bu seçkilərdəki yenilənməni əvvəlki seçkilərdəki yenilənmə ilə müqayisədə pozitiv hesab edirəm. Bundan əvvəlki seçkilərdə daha çox iş adamlarının və dövlət vəzifəsi daşıyan məmurların da Milli Məclisə düşməsini müşahidə edirdik, indi seçilən yeni şəxslər sırasında isə artıq elə şəxslər yoxdur. Əksinə, yeni seçilənlərin hamısı ictimai-siyasi fəaliyyətlə məşğul olan, dövlət vəzifəsi olmayan, iş adamı kimi tanınmayan şəxslərdir. Onlar Milli Məclisdə kifayət qədər məhsuldar işləyə biləcəklər.
- Seçkidən sonra sanki kadr dəyişikliyi gedir, iki nazir vəzifəsindən çıxarılıb. Bu prosesi necə qiymətləndirirsiniz?
- Mən bu prosesi normal qiymətləndirirəm. Cənab Prezidentin bu addımları xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu şəkildə araşdırmalar göstərir ki, cinayət halları baş verib. Bunlar təəssüf doğuran haldır. Cənab Prezident bu insanlara böyük etimad göstərib. Bu etimad isə nəinki doğrulmayıb, əksinə, xəyanət yolu tutulub. Belə hallar mövcud olmamalıdır. Hazırda yoxlamalar gedir. Digər rəhbər şəxslər də bundan nəticə çıxarmalıdırlar. Hər halda yeniliklərin getməsi müsbət halıdır.
- Ötən həftə dini sahədə müəyyən neqativ prosesləri müşahidə etdik, sanki süni olaraq dindar kəsimin siyasiləşdirilməsinə cəhdlər olunur, bəzi dini hərəkatlar siyasi məzmunlu bəyanatlar verirlər. Bu halı necə qiymətləndirmək olar?
- Mən bu məsələlərə çox ehtiyatla yanaşıram. Ümumiyyətlə, din mənəviyyat məsələsi olmalıdır. Din nə siyasət əlində alətə çevrilməli, nə də korporativ qrup maraqlarına xidmət etməlidir. Din insanın ən ali mənəvi duyğularına, bu duyğulardan irəli gələn ibadətə xidmət etməlidir. Dindarlar arasında siyasətə və terrora yönələn radikal qruplaşmalar varsa, deməli, həm də başqa iddialar var. Təəssüflər olsun ki, müasir dünyada islam dinini terrorçu din olaraq tanıtmaq və gözdən salmaq meylləri də hiss edilir. Bu meyllərin də müəyyən dalğası Azərbaycana gəlib çatırsa, bu fakt hamımızı narahat etməlidir. Ümumiyyətlə, din olan yerdə hər hansı təxribat, qanundan kənar hərəkət, qanunsuz çağırış, siyasi və hərbi iddia ortada olmalı deyil. Biz bu sahədə fəallığı və mübarizəmizi artırmalıyıq. Xüsusilə, Qafqaz Müsəlmanları İdarəsi, Dini Komitə bu kimi işlərdə öz qəti sözlərini deməli, profilaktik tədbirlər görməlidir. Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi bu məsələləri diqqətdə saxlamalıdır. Qeyri hökumət təşkilatları bununla bağlı maarifləndirici rol oynaya bilər. Dini radikalizmə qarşı ciddi mübarizə aparılmalıdır. Bu həm təbliğat və maarifləndirmə yolu ilə olmalı, həm də qanunun tələb etdiyi formada ciddi ölçülər götürülməlidir. O cümlədən də, inzibati və cinayət məsuliyyətinə cəlb olunma halları baş verməlidir ki, radikallaşmanın qarşısını alaq. Xüsusilə, nəzərə alsaq ki, bizdən şimalda Dağıstan, Çeçenistanda geniş yayılıb, cənubda İran və Ərəb ölkələrində müəyyən təmayüllər baş qaldırır və təşkilatlanır. Bu kimi təsirlərdən qorunmaq üçün biz hərtərəfli işlər görməliyik. Bu məsələni özbaşına buraxmaq olmaz. Çox təhlükəli məsələdir. Bütövlükdə harmoniyanı pozacaq qüvvədir ki, onun təşkilatlanmasına imkan vermək olmaz. Bu qüvvələrin xeyrinə dəstək bəyanatı verən şəxslər varsa, onlar Azərbaycan dövlətini istəməyən şəxslərdir və dövlətçiliyə düşmən münasibət göstərənlərdir. İnsan haqları bütövlükdə cəmiyyətin haqqıdır. Həmçinin insan haqları hər bir dövlətin müvafiq qanunları ilə təsdiq olunmalıdır. İnsan haqları gedib İŞİD adlı quruma qoşulmaq, hansısa terror qrupu yaratmaq, öz dövlətinin qanunlarını pozmaq, dini radikal qrupun qaydalarını üstün tutmaq deyil. Bunu hər bir insan başa düşməlidir. Belə adamların qarşısında cəmiyyət öz müqavimətini ortaya qoymalıdır. Xüsusilə də, dövlətin aidiyyəti qurumları sözünü deməlidir.
- 2016-cı ildən İcbari Tibbi Sığorta haqqında qanunun tətbiq ediləcəyi haqqında xəbərlər ortaya çıxdı. Daha sonra bəlli oldu ki, bu qanunun tətbiqi üçün öncə bir rayonda pilot layihə həyata keçiriləcək. Sanki icbari tibbi sığortanın tətbiqi məsələsin qeyri müəyyənlik var…
- Təbii ki, pilot layihə olmalıdır. Bunsuz mümkün də deyil. İnşallah, gələn il icbari tibbi sığorta pilot layihə şəklində tətbiq olunar. Bilirsiniz ki, icbari tibbi sığorta uzun illərdir ki, ictimai gündəmdə idi, hökumətin də müzakirə mövzusu idi. Dəfələrlə parlamentdə bu məsələ qaldırılıb. Artıq məsələ reallaşmaq üzrədir. Demək olar ki, fikir ayrılığı yoxdur. Cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta Agentliyinə artıq rəhbər təyin edilib. Yəqin ki, yaxın vaxtlarda agentliyin strukturları da müəyyənləşəcək. Nazirlər Kabinetində bildiyim qədər işçi qrupu pilot layihənin modelini də hazırlayıb. Gələn il biz pilot şəklində bunun tətbiqinə başlayacağıq, növbəti ildə isə ölkə üzrə icbari tibbi sığortanı tətbiq edə bilərik. Bu çox vacib məsələdir. Səhiyyənin maliyyələşdirilməsinin müasir üsulunun seçilməsin, həkim-xəstə, işçi-işəgötürən, keyfiyyətli tibbi xidmətin göstərilməsi və sağlam rəqabət şəraitində tibb klinikalarının öz fəaliyyətinin qurması baxımından vacib addımdır. Ümid edirəm ki, proses uğurla başa çatacaq. Biz artıq neçə illərdir ki, dünyadakı müsbət və mənfi təcrübəni öyrənmişik. Azərbaycanın bu işləri həyatı keçirmək üçün tibbi sahədə maddi texniki bazası, hüquqi baza, kadr ehtiyatı var. Maliyyə dəstəyinin mənbələri də müəyyəndir.
Nemət