“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə son zamanlar ölkədə qadınlara qarşı cinayət hallarının artmasından narahatlıq ifadə olunub. Teleqraf.com bununla bağlı Mehriban Zeynalova ilə söhbətləşib.

– Mehriban xanım, prezidentə müraciətiniz hansı zərurətdən yarandı?
– Bu il ərzində qadın ölümlərinin kifayət qədər artması müşahidə edilir. Əslində, hər il qadın ölümləri üzrə monitorinqlər aparılır, ortaya real rəqəmlər qoyulur. Əgər 2004-2005-ci illərdə evdə cəmi 15 qadın öldürülmüşdüsə, 2011-2012-ci illərdə bu rəqəm 156-ya çatmışdı. Bu, bir çox hallarda hamilə və ya övladlarının gözü qarşısında öldürülən qadınlar olurdu. 2012-ci ildə atası tərəfindən öldürülən jurnalist xanımın məsələsi hələ də gündəmdədir. Hər dəfə öldürülən qadınlara “namus” damğası vurulur, bu cinayətlərə bəraət qazandırmaq istəyirlər. İddia edirlər ki, həmin qadınlar məhz əxlaqsızlıq, namussuzluq ucbatından öldürülüb. Buna görə də artıq qadınlar dünyaya qız uşağı gətirmək istəmirlər. Yaxud qız uşaqlarını dərsə göndərmək, ictimai həyata buraxmaq istəmirlər. Bütün bunlar təsiredici faktorlardır. Biz baxırıq ki, məişət zorakılığı ilə bağlı qanun 2010-cu ildə qəbul olunmasına baxmayaraq, hələ də kifayət qədər təsir göstərə bilməyib. Əksinə, 2010-cu ildən bu yana qadın qətlləri daha da çoxalıb və gündəmdədir. Hər dəfə mətbuatda bununla bağlı şok başlıqları gördükcə qadın ölümlərinin azalmasını deyil, artmasını müşahidə edirik.

Hər dəfə də qadınlar ittiham olunur, günahlandırılır. Buna görə də qadınlar zorlanır, küçədə döyülür. Əgər əvvəllər qadın ölümləri evdə baş verirdisə, indi küçədə qadının öldürülməsi faktoru artmağa başlayıb. Hesab edirlər ki, istənilən qadını küçədə döymək, öldürmək olar. Bunun da səbəbi qadının “əxlaqsızlığı” olur. Cəmiyyət də qadına vurulan damğaya heç bir reaksiya vermir. Bu baxımdan biz digər qadın təşkilatları ilə birlikdə qərara gəldik ki, artıq bu məsələyə ciddi münasibət bildirilməlidir. 2014-cü ildə məişət zorakılığı ilə milli fəaliyyət planı müzakirə edildi. Bu hadisələrdə polisin rolu yoxdur. Qanunda bu mənada polisə rol verilmir. Halbuki bütün dünyada polis bu məsələləri tənzimləyir, mühafizə orderi tətbiq edir, zorakılıq törədən şəxsi cinayət məsələsinə cəlb edir. Ancaq bizim qanunda polisə belə səlahiyyət verilmir. Buna görə də baş verən cinayətlərin qarşısını almaq olmur. Məsələn, Sumqayıtdan bir qadın gəlib. O, ərindən boşanıb, ancaq hələ də qadının evində yaşayır. Onu təhdid edir ki, sən evi satıb, mənə pul verməlisən. Verməsən, səni ölüm həddinə çatdıracam. Bu barədə polisə müraciət edirik, polis deyir ki, xəsarət halı yoxdursa, biz heç bir addım ata bilmərik.

Vəziyyət o həddə çatıb ki, artıq prezidentin bu barədə göstəriş verməsinə xüsusi ehtiyac var.

– Mehriban xanım, zənnimcə, bu barədə prezidentə müraciətinizdən əvvəl müəyyən təşkilatlara, şəxslərə çağırışlarınız, şəxsi təşəbbüsləriniz olmuşdu. Nəticəsi olmadı?
– Biz bu məsələlərlə bağlı mətbuatda da sözümüzü deyirik, müxtəlif qurumlarla da əməkdaşlıq edirik. Bəzi hallarda hansısa quruma müraciət edəndə uzun müddət gözləməli olursan. Ancaq bu istiqamətdə çevik mexanizm formalaşdırılmalıdır. İcra nümayəndəsi mühafizə orderi tətbiq edə bilməz. Ona görə də artıq ölkənin birinci şəxsinin bu məsələyə birmənalı münasibətinə ehtiyac böyükdür.

– Bəs ilk növbədə, hansı addımların atılması məqsədəuyğun hesab edirsiniz?
– Tez bir zamanda qanunun təkmilləşdirilməsi və fəaliyyət planının həyata keçirilməsi, polisin rolunun artırılması, baş verən cinayətlərdə qadının ittiham olunması yox, onun eşidilməsi, kadr potensialının artırılması, məişət zorakılığına səbəb olan stereotiplərin aradan qaldırılması və sairə. Artıq çox ciddi qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var.

– Sığınacağınızda təzyiqə, zorakılığa məruz qalmış qadınlar var. Onlarla söhbətləşəndə problemin kökünü nədə görürsünüz?
– Təhsilsizlik məsələsi də var, iqtisadi asılılıq məsələsi də, məcburi nikaha girmə də. Məsələ burasındadır ki, bu gün sığınacağımızın özünə heç bir yerdə maliyyə dəstəyi göstərilmir. Hər hansı qadının sığınacağımızda yerləşməsi və uzun müddət qalması üçün tədbirlər həyata keçirməyə maddi imkan yoxdur. Bu mənada dəstəyimiz yoxdur.

– Bəs qadınları zorakılığa məruz qoyan kişilərlə danışığınız olurmu heç? Onların psixoloji durumu nə yerdə olur, özlərini hansı əsaslarla müdafiə edirlər?
– İstənilən halda kişilər öz davranışlarına haqq qazandırırlar. Qadına daha çox əmlak və pul kimi baxırlar. Biz demirik ki, qadınların hamısı idealdır, ola bilsin hansısa konfliktdə onlar haqsızdırlar. Ancaq xidmət paketləri olmalıdır ki, ailələrin dağılması, qadınların öldürülməsi, uşağın ortalıqda qalması məsələsi həll olunsun. Gələcəkdə həmin uşaqlar cinayətkara çevriləcək. Biz bundan narahatıq. Uşağının gözünün qarşısında anası döyülürsə, öldürülürsə, uşaq ya qurbana çevrilir, ya qatilə. Bizi burda narahat edən daha çox uşaqların mənafeyidir.

– Bu problemin həlli üçün hansı dövlət qurumlarının birgə işi faydalı olardı?
– Bu problemin həlli bir qurumdan asılı deyil. Bu məsələdə bütün dövlət qurumları, prokurorluq da, icra orqanları da, nazirliklər də birgə olmalıdır. Məsələn, Sosial Müdafiə Nazirliyinin üzərinə böyük yük düşür. Qadınlar nə qədər ki sosial-iqtisadi cəhətdən asılıdır, o qədər də aciz vəziyyətdə qalacaqlar.

Sevinc