“Nə çox lovğalıq etmək lazımdır, nə də ifrat təvazökarlıq”
Teleqraf.com Xalid Kazımlı ilə müsahibəni təqdim edir:
– Xalid bəy, 50 yaşınız oldu. Mənim üçün maraqlıdır, siz bir yazı adamı kimi yubileyin mahiyyətini necə başa düşürsünüz? Yaş ötür, həyat yavaş-yavaş arxada qalır, adamlarsa buna görə sizi təbrik edir...
– Adamı yaşının ötməsinə, qocalmasına görə yox, bu yaşa sağ-salamat çata bilməyinə görə təbrik edirlər. Adam bu yaşa çatanda dönüb geriyə baxır və həyatını necə yaşadığını analiz edir. Əsas qorxu bu olur: Görəsən, boşuna yaşamamışam ki?! Görəndə ki, dostları, qədrini bilənlər çoxdur, yubilyar istər-istəməz fərəhlənir. Daha pis də ola bilərdi. Məsələn, adam 50 yaşına çatır və bunu heç kim bilmir, beş adam təbrik etmir. Şükürlər ki, yubiley yaşımın olmasını yüzlərlə real və virtual dostum fərq etdi.
– Rafiq Tağı deyirdi ki, yubileylərin bir sərçənin ad günü qədər də əhəmiyyəti yoxdur. Bəs siz nə deyərdiniz?
– Rafiq Tağı gözəl yazıçımız idi, xüsusi münasibətlərimiz vardı və əksər fikirlərində haqlıydı. Bu fikrində də həqiqət ola bilər, amma belə fikirlər ömrünü sərçə kimi yaşayanlara, daim dən dalınca qaçanlara aid ola bilər. Bir yazıçı, jurnalist gözünün nurunu insanları bilgiləndirməyə, maarifləndirməyə sərf edirsə, özündən sonra ədəbi irs qoyub gedirsə, onun həyatı, əlbəttə ki, sərçə ömründən fərqlidir. Hansısa ziyalının, yaradıcı adamın 40-50 ildən bir qeyd olunan xoş gününü ona çox görmək olmaz...
– Bəzən adamlar yaşını gizlətməyə çalışır, hətta soruşan olanda özünü üç-dörd il cavan təqdim edir. Sizdə belə hisslər var?
– Yox, düzü, məndə belə şey olmayıb. Bunu faydasız və boş bir iş hesab edirəm. Hansı yaşdasansa, o yaşdasan, yalan deyəndə, yaxud gerçək yaşın barədə sualdan diplomatikcəsinə yayınanda nə olur axı, cavanlaşırsan? Xeyr. Bu cür adamlarda yüngül də olsa kompleks var, elə bilirlər, yaşlarının çoxluğuna görə həyatdan təcrid oluna bilərlər.
– Bəs sizə stimul verən, yaşadan nədir?
– Həyatın özü. Bilirsən ki, bu, bir dəfə olan şeydir. Verilib, çalışmalısan ki, adam kimi yaşayasan, ətrafındakılara faydalı olasan. Fərəhli hadisələr də adamı ruhlandırır.
– Səmimiyyətinizə inanıram, ona görə bu sualı verirəm. Cəmiyyətin sizi daha çox jurnalist kimi tanımağını istərdiniz, yoxsa yazıçı kimi?
– Əslində, yazıçı kimi tanınmağı daha çox istərdim. Ancaq jurnalistikaya da ciddi və qarşısıalınmaz sevgim var. İzləmisinizsə, getdiyim yerlərdən yazılar yazdığımı görmüş olarsınız. Düzdür, bu yazıları da bədii ədəbiyyat kateqoriyasına daxil etmək olar, amma həm də jurnalistikadır. Orası da var ki, XX əsrin ən yaxşı yazıçıları sırasında jurnalistlər ön sıradadır. Yazıçılıq və jurrnalistlik ət-dırnaq kimi şeydir, bir-birindən ayrılmaz, heç ayırmaq da lazım deyil.
– Neçə romanınız çap olunub? Mən bir romanınızı oxumuşam, ona görə soruşuram. Başqası varmı?
– Bir satirik romanım çap olunub, biri elektron şəkildəydi, pozulub, heyf olub. Amma 30-a yaxın hekayəmdən ibarət bir kitabım da çıxıb. Bundan başqa üç roman da tərcümə eləmişəm.
– 50 yaşlı bir yazıçı üçün sizə elə gəlmir ki, yaradıcılığınız kəmiyyət etibarilə bir az geridə qalıb?
– Elə gəlir. Az yazmışam. Əvəzində həmişə zarafatla deyirəm ki, Lenindən çox siyasi-publisistik məqalə, Mirzə Cəlildən çox felyeton yazmışam. Bu işin maddiyat tərəfi də var. Jurnalistikadan qazandığım qədər ədəbiyyatdan qazansam, bəlkə də, yaradıcılıqda bir balans yaranardı. Fəqət reallıq belədir ki, köşə yazanda qonorar alıram, bədii kitab çap etdirəndə isə öz kitabımı pulla alıb oxucularıma bağışlayıram... Deyəsən, əksər yazıçılar mənim kimidir.
– Kəmiyyətcə az yazmısınız, bəs sizcə, əsərləriniz keyfiyyətcə necədir, ümumiyyətlə, keyfiyyətin necəliyini necə müəyyən edirsiniz?
– Yazıçının öz mətninin keyfiyyətinə dair söz deməsi şorsatanın şorunu tərifləməsi kimi bir şey olar. Buna qiyməti başqaları verməlidir, özü də bir müddətdən sonra. Elə yazıçılar var ki, əsl qiymətlərini 50-100 ildən sonra alırlar. Yəni yazılmış bir əsər zamanın sınağından, dəyirmanından diri çıxdısa, yaşayır, çıxmadısa, maklaturadır. Ümidim var ki, uzun illərdən sonra yazdıqlarım kiminsə əlinə düşsə, oxusa, deyəcək ki, pis yazmayıb.
– Maraqlıdır, “pis yazmayıb” sözü sizə bəs edirmi? Yəni başqa iddianız yoxdur ki?
– İddialı olmaqla deyil ki. Ona qalsa, hamı iddialı ola bilər, amma xalqın gözü tərəzidir, hamıya əvvəl-axır bir qiymət verir. Realist olmaq lazımdır, insan gərək öz imkanlarını çox şişirtməsin. Nə çox lovğalıq etmək lazımdır, nə də ifrat təvazökarlıq.
– Xalid bəy, tez-tez övladınızla şəkliniz sosial şəbəkədə qarşıma çıxır. Mənim üçün maraqlıdır, bir ata kimi deyə bilərsinizmi, necə bir övlad böyütmək arzusundasınız?
– Söhbət oğlumdan, sosial şəbəkədəki ləqəbiylə desək, Yaquarımdan gedirsə, qızlarım kimi, o da mənim qürur qaynağımdır. Mən, əslində, istəyirəm ki, o da jurnalist olsun. Özünün də həvəsi var. Üstəlik, musiqi istedadı var, gitara çalır, meodiyalar uydurur, bəstəçi ola bilər. Bir şeyə əminəm ki, hansı sənətin sahibi olsa da, mərdüməzar adam olmayacaq, cəmiyyətə faydalı, xeyirxah insan olacaq. Oğlum olduğu üçün demirəm, mərifətli uşaqdır. Öz kollektivində və məhəllədə sevilir. Bircə minusu var ki, gerçəkdən də yaquar kimi hara gəldi dırmaşır. Hiperaktiv uşaqdır. Qızlarımın isə biri riyaziyyatçı, o biri hüquqşünas olacaq.
– Allah saxlasın.
– Təşəkkürlər, bəy.
– Şəkillərdə gördüm, deyəsən, doğum gününüzü “Yeni Musavat”ın redaksiyasındaca qeyd elədiniz...
– Redaksiyada qeyd etdik, bir başqa yerdə də qeyd edəcəyik.
– Rauf bəy sizə nə hədiyyə elədi?
– Rauf bəyin mənə hədiyyələrini sadalasam... (gülür) Hər halda, çox məmnun qaldım. Əslində, heç bir hədiyyə etməsə də, bundan inciyən, bunu söz edən deyiləm. Bir isti yazısı kifayət edərdi. Amma şef yazıyla kifayətlənmədi, hələ davam edir. Növbədənkənar məzuniyyətə və bir Avropa səyahətinə göndərilmək layihəsi də var. Hərçənd bu məzuniyyət ezamiyyət kimi bir şey olacaq. Jurnalistik axı, hara getsək, gərək yazaq.
– Deyirsiniz ki, bu məzuniyyət ezamiyyət kimi bir şey olacaq. Hiss olunur ki, əməlli-başlı yorulmusunuz. Hətta deyərdim ki, bezmisiniz. Başqa xilas yolu görmürsünüz?
– Nə bezməsi, bəy? Mən gündə üç köşə, reportaj, yeddi xəbər yaza bilən adamam. Başqa və daha gəlirli işim olsa da, jurnalistikadan vaz keçə bilmərəm. Sənə bir sirr açım: Yazmaq mənim hobbimdir. Bəlkə də, ölkədə yeganə adamam ki, hobbimlə pul qazanıram. (gülür)
Kəramət Böyükçöl