“Türkiyə haqqında fikirlərim pozitivdir, gələcəyi yaxşı olacaq. Türkiyə daxili dinamikası hesabına bu ağrı-acını üzərindən ata biləcək. Amma bu, yaxın günlərin məsələsi olmayacaq. Hökumət qurulsa da, Ərdoğan Anayasanı dəyişmək üçün addımlar atmalıdır ki, buna etiraz edən partiyaları razı sala bilsin. Bu məsələlər də uzanacaq və ağrılı olacaq. Anayasanın ilk 4-5 maddəsinə toxunmaq lazım deyil. Əgər onlara toxunulacaqsa, bu maddələr dəyişəcəksə, artıq dövlət quruluşu dəyişə bilər. Yəni Anayasanı dəyişdirib parlamentli respublika üsul-idarəsindən çıxa bilərlər”.
Bunu qəzetimizə müsahibəsində professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:
- Bir neçə gündür, Təbriz, Ərdəbil və Urmiyada mitinqlər keçirilir, minlərlə türk İranın dövlət kanalında təhqir olunmalarına etiraz edir. Yaranan vəziyyəti necə şərh edirsiniz?
- İranda dəfələrlə belə hadisələr olub. 2006-cı ildə Azərbaycan türklərini hansısa bir jurnal tarakana bənzətdi. Minlərlə insan o zaman da küçələrə çıxaraq etirazını bildirdi. Əslində, İranda özəl kanal yoxdur, hamısı hökumətin nəzarəti altındadır. Son narazılığa səbəb olan verilişin getdiyi televiziya kanalı birbaşa dini liderə yaxındır. Həmin verilişdə etikadan kənar fikirlər ifadə edilib. Tamaşa göstəriblər ki, guya fars uşaqlar dişlərini fırça ilə təmizləyirlər, türk uşaqların ağzından isə iy gəldiyi üçün tualet fırçası ilə dişlərini yumalıdırlar və s. Bu, biabırçılıq, həyasızlıqdır. Millət də etiraz edib. Aksiya əvvəlcə Urmiyada başlayıb, sonra Təbriz, Ərdəbil ayağa qalxıb. Artıq xalq bu təhqirlərə dözə bilmir. Axı milləti nə qədər təhqir etmək olar? 30 milyonluq bir xalqa məktəb açmır, ana dilində oxumağını təmin etmirlər. Bütün bunlar azmış kimi qəzet və televiziyalar da aşağılayıcı münasibət ifadə edirlər. Əlbəttə, bu da xalqı boğaza yığır, ayağa qaldırır, xüsusilə, gəncləri küçələrə çıxarır.
- Son məlumata görə, verilişdə Azərbaycan türklərini təhqir edənlər cəzalandırılıb. Sizcə, bu təsadüfi ola bilərdimi?
- Lap bu hadisəni törədənləri, verilişi hazırlayanları tutub assınlar. Axı bununla məsələ həll olunmur. 90 il əvvəl başlayan proses indi də davam edir. Şah rejimi vaxtında da belə idi, indi molla hakimiyyəti dövründə də eynidir. Aşağılayıcı münasibət var. Bu, təsadüfi hal deyil. 2006-cı ildə də buna oxşar hal baş verdi, nəticədə 1 milyon insan küçələrə axışdı. Ancaq bu o zaman dərs olmadı. Yenə azərbaycanlıları təhqir etdilər. İndi də bildiyim qədər böyük şəhərlərdə ara qarışıb, mürəkkəb durum var, insanlar təhqir olunmalarına etiraz edirlər.
- Prosesin sonunu necə görürsünüz?
- Güney Azərbaycanda milli azadlıq hərəkatı ovqatı gənclər arasında yüksəkdir. Keçmişdə milli azadlıq hərəkatının başında duran insanların əksəriyyəti kommunistlər, solçular olub. Onların da çoxu Avropaya getdi. İndi gənc nəsil yetişib. Daha çox millətçi gənclərdir, dünyada gedən proseslərdən məlumatlıdır. Bir sözlə, 30 milyonluq xalqı təmsil edirlər. Təbii ki, onlar bu cür təhqirlərə dözmürlər. Lakin onların siyasi təşkilatları yoxdur. Odur ki, aksiya 3-4 gün davam etsə də, səngiyəcək. Sonda da bu gənclərin xeyli hissəsi həbs olunacaq. Beləcə, ara sakitləşəcək. Orada hadisələri, hərəkətləri düzgün göstərə bilən, taktika və strategiyanı quran siyasi təşkilatlar yoxdur. Xaricdə müəyyən qədər təşkilatlar, partiyalar var. Lakin onlar da düşündüyümüz qədər də güclü deyillər. Odur ki, mən bir çox gənclərin güdaza verilməsinin tərəfdarı deyiləm. Amma bütün hallarda təhqirə qarşı təpki lazım idi.
- Yəni müşahidə etdiyimiz siyasi proses deyil, sadəcə olaraq xalqın təhqir olunmasına etirazıdır...
- Təxminən vəziyyət o cürdür. Amma orada siyasi baxımdan yetkin gənclər də var. Həbsdə yatan çoxlu sayda gənclər var, onların içərisində hazırda azadlıqda olanları da az deyil. Məsələn, meydanda 1918-ci ildə Azərbaycanda qurulan cümhuriyyətin bayrağını deyil, ondan əvvəl Türk-İslam Ordusunun Azərbaycana gəldiyi zaman işlənən, qırmızı ay ulduzlu bayrağı qaldırıblar. Məncə, bunun simvolik tərəfi var və siyasi baxımdan yetkinliyi göstərir. Sadəcə orada siyasi təşkilatlar yoxdur. Hər halda soydaşlarımız təhqir olunmasına sərt reaksiya göstərib və bu, anlaşılandır.
- Türkiyədə seçkilər başa çatıb, mənzərə ortadadır. Bu durumu necə qiymətləndirirsiniz?
- Ərdoğan çox bacarıqlı addım atdı. 7 iyun seçkisinin nəticəsində təkpartiyalı hökumət qura bilməyəcəklərini nəzərə alaraq erkən seçkilərə getdilər. 1 noyabr seçkisində çoxunun gözləmədiyi nəticələr ortaya çıxdı. Bir çox mütəxəssislər düşünürdülər ki, Ədalət və İnkişaf Partiyasının səsi bir qədər də azalacaq. Ancaq bu proqnozların 90 faizi özünü doğrultmadı. Odur ki, gözlənilməz şəkildə Ədalət və İnkişaf Partiyası yüksək səs aldı, təkbaşına hökumət qurmaq şansı əldə etdi. Sözsüz ki, bu partiya ilə bərabər Ərdoğanın başarısı idi. Təbii ki, hökuməti quracaqlar və növbəti mərhələdə də Anayasanı dəyişəcəklər. Bu da, normal haldır. Çünki Anayasa hərbi çevrilişdən sonra yazılıb və orada demokratik ab-havanın sıxışdırılması var. Lakin buna baxmayaraq, Türkiyə azad və demokratik ölkədir. İnsanlar seçkiyə gedib istədiyi namizədə səs verə bilir, seçkidə halallıq gözlənilir. Müxalifətin mətbuata çıxışı var, fikirlərini deyə bilirlər. Türkiyə demokratiya məsələsində bəzi Avropa ölkələrindən də üstündür. Atatürkün qurduğu cümhuriyyət 90 ildir ki, davam edir, demokratiya get-gedə artır. Son seçki də demokratiyanın nəticəsi idi. Bu baxımdan Türkiyənin qorxusu yoxdur. Amma narahatlıq Türkiyə ətrafında gedən oyunlardır. Suriyada müharibə var, vəziyyət ağırdır. Üstəlik Suriya və İraqda milyonlarla türkmən yaşayır, vəziyyətləri ağırdır. Həm də, Suriyada vəziyyət kəskinləşdikcə insanlar Türkiyəyə gəlir. Artıq Türkiyədə milyonlarla suriyalı qaçqın var. Buna xərclənən maliyyəni hesablayanda Türkiyənin ağır duruma düşə biləcəyi meydana çıxır.
- Son seçkilərdə millətçilər səslərinin 50 faizini itirib. Demək olarmı ki, millətçi partiya artıq siyasi proseslərə təsir imkanlarını itirir, sıradan çıxır?
- Türkiyənin sistemi demokratik sistemdir, lakin partiya sistemində demokratik ənənələr bir qədər zəifdir.
- Nəyi nəzərdə tutursunuz?
- Türkiyədəki partiyalar ideologiyalardan daha çox liderlər ətrafında formalaşıb. Lider zəif olanda partiya səs ala bilmir. Lider güclü olanda partiyalar səs ala bilir. İkincisi, partiyanın seçkiyə gedəcək namizədlərini liderlər özləri müəyyən edir, siyahı tutur. Yanaşma da belədir ki, filankəs millət vəkili ola bilər, behmənkəs ola bilməz. Bu da, ədalətli yanaşma deyil. Partiyaların daxilində şərait olmalıdır, gənclər yetişməlidir, daha hazırlıqlı və çevik gənclərə yer verilməlidir. Yəni püxtələşmiş gənclər partiyanın başına gələ bilməlidir, partiyanı idarə edənlər zaman-zaman dəyişməlidir. CHP səslərini itirməyib, lakin bu problem MHP ilə yanaşı CHP-də də var. Partiya liderlərini zamanla dəyişmək, yetişənləri irəli çəkmək lazımdır. Türkiyədə partiyaların bu problemləri var və bu xəstəlik bizə də keçib. Bizim partiyalar da ideologiyalar üzərində deyil, liderlər əsasında formalaşıb. Bu mənada ABŞ-da olan partiyalarla Türkiyədə olan partiyaları müqayisə etmək olmaz.
- Bir neçə ay əvvəl demişdiniz ki, Türkiyə bir oyunun içərisindədir və burdan çıxmaq şansı yoxdur. İndi seçki başa çatır, monolit bir hökumət qurulacaq. Sizcə, Türkiyə bu oyunun içərisində çıxa biləcəkmi?
- Əvvəlki fikrimdə qalıram. Türkiyənin bir oyunun içərisində olduğunu deyəndə bu ölkənin daxilini nəzərdə tutmurdum. Türkiyənin ətrafında və başında oynanılan oyunu nəzərdə tuturdum. Bu oyunun uzantıları da Türkiyənin içərisinə yeriyir. Düzdür, bunu çox açıb-ağartmırlar. Söhbət ondan gedir ki, əvvəl PKK ilə dağlarda vuruşurdular. Amma bu gün güney-doğuda döyüşlər az qala şəhərlərin içərisində gedir. Bir neçə şəhərdə insanlara bayıra çıxmağa yasaq qoyulur ki, PKK-ya bağlı şəxsləri təmizləsinlər. Mən aylar əvvəl bu məsələdən bəhs etmişdim. Bu da, özünü doğrultdu. Əvvəl döyüşlər dağda gedirdi, indi isə şəhərlərdə belə durumlar yaranır. Məncə, bu faktor da xalqı ayıltdı və bir partiyaya səs verdilər ki, duruma məsuliyyəti də bir partiya daşısın. Çünki belə məqamlarda koalisiya hökumətləri effektiv olmur.
- Türkiyənin bundan sonrakı durumu ilə bağlı proqnozunuz necədir?
- Türkiyə haqqında fikirlərim pozitivdir, gələcəyi yaxşı olacaq. Türkiyə daxili dinamikası hesabına bu ağrı-acını üzərindən ata biləcək. Amma bu, yaxın günlərin məsələsi olmayacaq. Hökumət qurulsa da, Ərdoğan Anayasanı dəyişmək üçün addımlar atmalıdır ki, buna etiraz edən partiyaları razı sala bilsin. Bu məsələlər də uzanacaq və ağrılı olacaq. Anayasanın ilk 4-5 maddəsinə toxunmaq lazım deyil. Əgər onlara toxunulacaqsa, bu maddələr dəyişəcəksə, artıq dövlət quruluşu dəyişə bilər. Yəni Anayasanı dəyişdirib parlamentli respublika üsul-idarəsindən çıxa bilərlər. Bu, artıq dövlətin xeyrinə işləməz. Çünki demokratik dəyərlərdən getdikcə imtina oluna bilər. Başqanlıq sisteminə keçiddən sonra monolitlik yaranacağını da indidən birmənalı demək olmaz. Hər halda bu iç qarşıdurmalara gətirib çıxara bilər. İkincisi də, Türkiyə sanki mühasirədədir və bu həndəvərdə də yanğın gedir, ölkələr yanır. Bu yanğın hər an Türkiyənin içinə keçə bilər. Bu səbəbdən Türkiyənin taleyi sarıdan məndə bir qədər nigaranlıq yaranır. Türkiyə bu oyunlara cəlb edilib. Lakin hər an ehtiyatlı olmaq lazımdır. Çünki Türkiyə bizim özümüzdür. Biz eyni millətik, onların taleyi bizim üçün çox önəmlidir. Bizim uğurlarımız da onların uğurudur.
Nemət