Teleqraf.com Tural Abbaslı ilə müsahibəni təqdim edir.

– Tural bəy, bu barədə qocaman siyasətçilərlə çox danışmışıq. İstəyirəm eyni suala sizə də cavab verərsiniz...
– Buyurun.

– Görəsən, niyə şair təbiətli insanlara o qədər də ciddi baxmırlar? Düzdü, bir yerdə yeyib-içirlər, deyib-gülürlər, amma həlledici məqamlar ki var, düşünürlər ki, burda şairlərə yer yoxdur. Yoxsa, mən səhv düşünürəm.
– Hər kəs tərəfindən belə qəbul olunmasa da, dediyinizdə həqiqət payı yüksəkdir. Həm də yəqin hər xalqda şairlərə yanaşma fərqlidir. Bizdə belə yanaşılmasının səbəbi yəqin ki, şairlərin daha həssas və emosional şəxslər kimi qəbul olunmasından irəli gəlir. Bizim cəmiyyət isə siyasətçiləri daha soyuqqanlı və praqmatik kimi görməyi arzu edir. Bir sözlə desək, şairlər göy adamlarıdır, siyasətçilərsə yerdə olmalıdır. (gülür)

– Yaxşı, başqa bir məsələ. Sizcə, bizim ədəbiyyat niyə dünyada ciddi qəbul olunmur? Ümumiyyətlə, bizi dünyada niyə tanımırlar? Lap Mirzə Cəlili deyirəm, Sabirdən danışıram. Sizin fikrinizsə görə, bunları dünya niyə tanımadı? Görəsən, səbəb nə oldu? Və yaxud, ola bilərmi ki, bundan sonra tanısınlar? Bu şeylər məni çox düşündürür.
– Əvvəlcə “biz” deyəndə kimi nəzədə tutduğunuzu müəyyənləşdirmək lazımdır. Əgər bu zaman ziyalılarımızı nəzərdə tutursunuzsa, sizinlə tam razıyam. Ancaq burada tanımırlar demək yox, tanıda bilmirik demək uyğundur. Çünki dünyanın bizi tanıması kimi bir məcburiyyəti yoxdur. Heç kimin buna həvəsi də yoxdur zatən.

– Bəlkə, ölkəmizin ərazisi balacadır, ona görə ola bilər?
– Yox, burada biz kiçik dövlətik arqumentini də qəbul etmirəm.

– Niyə?
– Çünki təqdimatdan çox şey asılıdır. Sizi əmin edirəm ki, uyğun PR və təqdimat edə bilsək, ən istedadsız adamımızı belə dünyaya Eynşteyn kimi qəbul etdirə bilərik.

– Tural bəy, heç dəfələrlə oxuduğunuz kitab olub?
– Yox, dəfələrlə oxuduğum kitab yoxdur. Bir kitabı iki dəfədən artıq oxumamışam.

– Bəs iki dəfə oxuduğunuz kitab hansıdır?
– S.Sveyqin J.Fuşenin həyat və fəaliyyəti barədəki kitabını iki dəfə oxumuşam. Ancaq İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” hekayəsini dəfələrlə oxumuşam. Bu əsər mənə çox təsir edib və bu kiçik hekayəni cildlərlə yazılmış bəzi əsərlərdən güclü hesab edirəm.

– Bəzən deyirlər ki, mən son qəpiyimi çörəyə yox, kitaba verirəm. Bu cür insanların səmimiyyətinə inanırsınızmı? Sizcə, mümkündür ki, son qəpiyini kitaba verəsən? Yoxsa, insanlar yalan danışır.
– Bu deyimi mən hərfi mənada qəbul etmirəm. Sadəcə olaraq kitaba münasibətlərini belə bənzətmə ilə göstərirlər. Ancaq mən inanmıram ki, kimsə ailəsində ac övladı ola-ola son qəpiyini çörəyə yox, kitaba versin. Həm burada sadə bir həqiqəti də unutmaq lazım deyil ki, insan bioloji varlıqdır və ilk növbədə yaşamını davam etdirə biləcək addımlar atmalıdır.

– Tural bəy, sizcə, biz niyə keçmişə bu qədər ürəkdən bağlıyıq? Tarixi şüur niyə canımızdan getmir? Heç bu barədə fikirləşmisiniz?
– Əslində mən sizdən fərqli olaraq bizim keçmişlə yaşadığımızı düşünmürəm.

– Nə üçün?
– Əgər belə olsaydı, indi biz tam fərqli bir cəmiyyət olardıq. Biz heç gələcəklə də yaşamırıq. Çünki gələcəyə ümidimiz qırılıb, inamımız qalmayıb. Məncə, biz arada bir yerdə azmışıq və bu da ən pisidir. Bunun modelisə mənim üçün belədir ki, keçmişindəki uğurlardan ruhlanıb gələcəyə addımlamaq lazımdır. Onu da unutmaq lazım deyil ki, buradakı incə balansı tutmaq çox önəmlidir.

– Maraqlıdır, heç sevdiyiniz qıza şeir yazmısınız?
– Maraqlı sualdır. (gülür) Əvvəla, onu qeyd edim ki, çox istəsəm də şeir yazmaq istedadım yoxdur. Sevgi etirafı üçün yox, amma bəzən fikirlərimi nəzmlə yazmaq istəmişəm. Ancaq çox quru və ruhsuz alınıb deyə daha cəhd etməmişəm. Sevgiyə gəldikdə isə ümumiyyətlə heç kimə şeir oxumamışam. Bəlkə də yanlışdı bu, bunu qəbul edirəm. Gələcəkdə belə şeir oxumalı olsam, məndən istedadlı şairlərin əsərlərindən istifadə edərəm yəqin. Sənin duyğularını başqası səndən daha gözəl ifadə edibsə özünün də buna cəhd etməyinə ehtiyac yoxdur. Əzbərlə və oxu. Təbii ki, səmimiyyət önəmlidir.

– Adətən, yaşlı insanlar muğamı çox tərifləyir, muğamla nəfəs alırlar, onun sehrindən uzun müddət ayrıla bilmirlər. Sizsə gəncsiniz, bəs sizin muğamla aranız necədir?
– Deyilənə görə, muğamı 40-dan sonra daha yaxşı anlayırsan. Ancaq mənim tanıdığım bəzi gənclər də muğamı həqiqətən sevirlər. Muğama münasibətim normaldır. Mən daha çox saz havalarını və roku sevirəm. Bilmirəm bəlkə gələcəkdə muğamı daha çox sevəcəm. Burada məncə, zövq məsələsi önəmlidir. Zövqlər barədə isə mübahisə etmək düz deyil.

– Bəs gənclərə nə məsləhət görürsünüz, onlar hansı musiqilərə, hansı muğənnilərə qulaq assınlar?
–Bu sualınıza qismən cavab verdim. Təkrar edim ki, bu zövq məsələsidir. Kim nəyi sevirsə, özünü hansı musiqidə tapırsa və hansını özünün daxili aləminə yaxın hesab edirsə onu da dinləsin. Əsas odur ki, səmimi olsun və öz seçimini etsin. Kütlənin seçiminə boyun əyib, dəbə görə hərəkət etməsin. Yəni həyatında rol oynamasın, sadəcə olaraq həyatını yaşasın.

– Tural bəy, bir illik uzaq bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərdiniz?
– Bu kitabları iki qismə bölmək lazımdır, artıq oxuduqlarımdan və oxumaq istədiklərimdən. Yəqin ki, İ.Şıxlının, Lev Tolstoyun, Sveyqin, Hüqonun, Balzakın oxumadığım əsərlərini götürərdim ilk növbədə.

– Heç Vaqif Bayatlı Odərin şeirlərini oxumusunuz? Yoxsa, tanımırsınız.
– Təbii ki, Vaqif Bayatlı Odəri tanıyıram. Bəli, şeirlərini də oxumuşam. Əsasən virtual arenada qarşıma çıxdıqca oxumuşam.

– O, necə şairdir?
– Vaqif Bayatlı Odərin şeirlərini səmimi hesab edirəm və məncə, onun necə şair olmasına artıq xalq qiymət verib. Belə şairə qiymət vermək mənə düşməz. Zatən ictimai-siyasi məsələlərdə mövqe sərgiləyən tək tük şairlərdəndir. Elə tək buna görə də Vaqif bəyə minnətdar olmalıyıq, məncə.

– Bəy, necə bilirsiniz, hansısa ictimai-siyasi xadimə nöqsan tutmaq olar ki, niyə ədəbiyyat oxumursunuz, incəsənətlə maraqlanmırsınız?
– Azərbaycanda bu mümkün deyil. (gülür) Məncə, bizdə siyasilər kifayət qədər ədəbiyyat aşiqləridir. Və hətta bəzən bu ədəbiyyat sevgisi soyuqqanlı qərarların verilməsinə mane olur. Düşünürəm ki, siyasətçilərimiz şeir oxuduqları qədər siyasətlə məşğul olsaydılar, indi biz ağ günə çıxardıq. Hər şey qədərində gözəldir.

– Sizin fikirinizə görə, ədəbiyyatın əsas missiyası nə olmalıdır? Ədəbiyyat cəmiyyətdə hansı missiyanı yerinə yetirməlidir? Yoxsa, ədəbiyyatın qarşısına hər hansı vəzifə, tələb qoymaq düzgün deyil.
– Bu sualınızın cavabını özünüz verdiniz. Mən də düşünürəm ki, ədəbiyyatın qarşısına hansısa məqsədlər qoymaqla onun əhatə dairəsini çərçivələmək, məhdudlaşdırmaq düz deyil. Bunu bəzi siyasi quruluşlar zamanında etdi və ortalığa “iki sevgilinin ağır işdən sonra ağac kölgəsində görüşüb, manqalarının bu gün neçə kiloqram pambıq yığdıqları və əməyin nə qədər gözəl olması barədə danışması” kimi çox iyrənc nümunələr çıxdı. Yəni ədəbiyyat da bir növ zövq məsələsidir. Kim nədən istəyi yazsın, əgər o yazılanın bir nəfər belə oxucusu varsa,bu ədəbiyyat nümunəsinin yaşama haqqı var.

– Yaxşı, dünya ədəbiyyatını bir insana bənzətsək, Azərbaycan ədəbiyyatı o insanın harası sayıla bilər? Əlləri, gözü, burnu, qulağı, dırnağı, ağzı, dişi...
– Məncə, son zamanlar yığılmış mirvari suyu səbəbindən zəif görməyə başlayan gözə bənzətmək olar. Bu, mənim subyektiv fikrimdir və hamının qəbul etməsi kimi bir məcburiyyət yoxdur.

– Necə fikirləşirsiniz, Mikayıl Müşfiq doğrudan, yaxşı şairdir, yoxsa, nakam ölümü insanlarda ona qarşı bu qədər sevgi yaradıb?
– Mikayıl Müşfiq həqiqətən dahi şairdir. Mən düşünmürəm ki, ona olan sevgi onun nakam ölümü ilə bağlı olsun. Məsələn bəzi gənclər Müşfiqin həyatı, siyasi fəaliyyəti və mübarizəsi barədə heç nə bilmir, ancaq onu çox sevirlər. Müşfiq sözün həqiqi mənasında “sevgi şairidir”. Ümumiyyətlə, Müşfiq həyatı və yaradıcılığı ilə bütün şairlərə nümunə ola biləcək biridir. Bayaq verdiyiniz suala əlavə cavab kimi deyim ki, hansısa xanıma şeir oxumalı olsam, Müşfiqdən oxumağı üstün tutaram.

– Bəs sizin hansı mövzuda şeirlərdən xoşunuz gəlir, sevgi, vətən, müharibə, eşq, Allah...
– Yenə də nələrisə quplaşdırmağa, bölməyə və fərqləndirməyə çalışırsınız. Mən şeirləri belə bölməyin tərafdarı deyiləm. Yaxşı şeir yaxşı seirdir, mövzusu nə olur-olsun. Mənimsə daxili aləmimin həmin vaxta uyğun vəziyyətinə görə hər bir yaxşı şeirdən xoşum gəlir. Şablon da olsa deyim ki, hərəsinin öz yeri var.

– Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
– Adətən, daha çox və rahat kitabı həbsdə oxumaq olur. Sonuncu dəfə inzibatı həbsim zamanı 4 ya 5 kitab oxumuşdum. Ancaq indi isə vaxt nisbətən məhdud olur deyə bir kitabı uzun müddət bitirə bilmirəm. Hal-hazırda iki kitab oxuyuram, yəni ən azından oxumağa çalışıram

– Hansı kitabdır o?
– Stefan Sveyqin “Dünənin dünyası” və Verner Mazerin Adolf Hitlerin həyatı barədəki kitablarını oxuyuram. Ancaq etiraf edim ki, gün ərzində 2-3 səhifə ancaq oxuya bilirəm.

– Bəs filimlərlə münasibətləriniz necədir? Baxırsınız, yoxsa vaxt-imkan olmur?
– Sözün düzü filmlərə də eyni dərəcədə vaxt ayıra bilmirəm. Adətən gün ərzində dostlarla birlikdə oluruq, yəni birlikdə siyasi fəaliyyət göstərdiyim insanlarla. Evə gələndə isə artıq gec olur və bir çox şeylərə vaxt qalmır. Ancaq hansısa filmi xüsusi olaraq izləmək istəyirəmsə çalışıb baxıram.

– Siyasi fəaliyyət dediniz. Maraqlıdır, gənc bir siyasətçi kimi, ədəbiyyatımıza, teatrlarımıza, ümumiyyətlə, mədəniyyətimizə nə arzulayırsınız?
– Bir şey arzulamaq istəyirəm. Xalq olaraq da fərd olaraq da qürur duya biləcəyimiz inkişaf və uğur!

Kəramət Böyükçöl