“Düşünmürəm ki, Ərdoğan iqtidarı İŞİD adlı terror qurumu ilə böyük konfrontasiyaya getsin. Bu ehtimal azdır. Sadəcə, Türkiyə hökuməti Ankara terroru üzərində qurulan emosiyaları nəzərə alaraq müəyyən tədbirlər görəcək. Türkiyə ordusu və təyyarələri İŞİD-lə bağlı proseslərə aktiv cəlb olunmayıb. Həm də məsələyə dini baxımdan da yanaşa bilərik. Bu mövzu bir qədər mürəkkəbdir. Hökumətin bu istiqamətdə hansı addımlar atacağı yaxın günlərdə bəlli olacaq. İndi daha çox Türkiyədə olan İŞİD hücrələrinin məhv edilməsi siyasəti izləniləcək, nəinki Suriya və İraqda onların mövqelərinə hava zərbələri endirmək. gediləcək”.
Bunu Teleqraf.com-a müsahibəsində konfliktoloq Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik:
- Elxan bəy, Türkiyədə seçkilərdən sonra yaranan nəticəni necə şərh edirsiniz?
- Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının parlament seçkilərini udmasını gözləmirdim. Bu partiya 7 iyun seçkiləri ilə müqayisədə səslərini 9 faiz çoxaldıb, bununla da təkpartiyalı hökumət qurmaq imkanı əldə edib. Bu, heç bir rasional fikrə və yanaşmaya uyğun gəlmir. Əslində, hadisələrin gedişindən aydın olurdu ki, müxalif partiyaların-Millətçi Hərəkat Partiyasının və Xalqların Demokratik Partiyasının səsləri azalacaq. Xüsusilə, MHP-nin daha az səs alacağı gözlənilirdi. Çünki MHP başqanı Dövlət Baxçalının sərgilədiyi mövqe, heç bir rasional yanaşmaya uyğun gəlməyən davranışı buna xidmət edirdi. MHP-nin səsləri azalanda onun seçicilərinin səs verəcəyi ikinci ünvan AKP olur. Çünki AKP iqtidarı tərəfindən PKK-nın bazalarının bombalanması MHP seçicilərinin istəklərinə uyğun gəlirdi və arzuladıqları durum idi. Bu baxımdan Ərdoğanın qazandığı səslərin çoxu MHP-dən gəlib. Digər tərəfdən, PKK-nın bombalanması, HDP-nin qaralanması, televiziyalarda yer ayrılmaması, üstəlik qanlı terrordan sonra HDP-nin 7 iyun qabağı olduğu kimi seçki kampaniyası apara bilməməsi onların səslərinin azalmasına səbəb oldu. Təbii ki, onların da səslərinin müəyyən hissəsi AKP-yə axdı. Digər tərəfdən, ölkədə yaradılan xaos və təhlükəli vəziyyət düşüncəli, öz iş yerini, sabaha güvənliyini düşünən seçiciləri AKP-yə səs verməyə məcbur etdi. Çünki seçici gördü ki, başqa partiyaya səs versə, yenidən koalisiya söz-söhbətlərinə səbəb olacaq. Bu da iqtisadiyyata ciddi zərbə vuracaq. Bu baxımdan seçici onları istəyib-istəməməsindən asılı olmayaraq AKP-yə səs verdi. Həm də, AKP-nin sivil topluma, azad mediaya qarşı hücumları oldu, dövlət resursları AKP-nin təbliğinə istiqamətləndirildi. Əlbəttə, bu həm də seçki öncəsi mühitin AKP-yə uyğun olmasına gətirib çıxarmışdı. Bunlar mühüm faktorlar idi və seçkinin taleyinə təsir etdi. Xaos qorxusu insanların məhz AKP-yə səs verməsini qaçılmaz etdi.
- Cümhuriyyət Xalq Partiyasının nəticələrini və mövqeyini necə qiymətləndirmək olar?
- CHP bu seçkilərdə deputat sayını artırıb. 7 iyundan sonra CHP-nin və rəhbərliyinin ortaya qoyduğu mövqe, Kamal Qılıncdaroğlunun davranışı və bəyanatları onun böyük dövlət adamı olması təsirini bağışladı. Dövləti idarə etmək üçün CHP-nin sanballı bir qüvvə olduğu açıq-aydın görünürdü. Ancaq CHP Türkiyədə Atatürkçü və müasir sola yaxın qüvvələrin birləşməsidir. Lakin dindar qüvvələr və cənab Ərdoğanın son 13 ildə təsiri altında olduğu elektorat heç də CHP-yə səs verməzdi. Yeri gəlmişkən, kürdlərin kompakt yaşadığı bölgədə digər kürd partiyası-Hüdaparın seçkiyə getməməsi faktı var. Bu da, təbii ki, dindar kürdlərin AKP-yə səs verməsini qaçılmaz etdi. Həmçinin Səadət Partiyası ilə Demokratik Birlik Partiyasının ayrılması baş verdi və bunun nəticəsində də səslərin bəlli hissəsi AKP-yə getdi. Çünki bu partiyaların elektoratı həm də AKP-yə yaxın kəsim idi. CHP 7 iyun seçkilərindən öncə ciddi kampaniya aparmışdı və seçki platformasında böyük layihələrlə ortaya çıxmışdı. 1 noyabr seçkiləri zamanı AKP bu faktordan yararlandı, CHP-nin layihələrinin tezislərini dəyişərək müəyyən layihələrlə çıxış etdi. Bəli, CHP parlamentdə öz yerini saxladı və hətta 2 millət vəkilini artırdı. Amma hər şey MHP və HDP-nin mövqeyindən asılı oldu. MHP başqanın davranışları sonda AKP-nin səslərini artırması ilə müşayiət olundu. AKP isə yerlərdə hər bir vasitə ilə seçiciləri ələ aldı və seçkini götürdü.
- Demək istəyirsiniz ki, türk seçicisi daha çox partiyaların ideologiyası və platformasına deyil, ölkədə sabitliyin yaranmasına səs verdi, bu məqsədlə AKP-ni dəstəklədi?
- Əlbəttə, bu, yuxarıda dediklərimin bir hissəsidir və indiki məqamda böyük rol oynadı. Sadəcə, indiki dönəmdə AKP-nin özünün də ciddi elektoratı var. Üstəlik də xaos yaranmışdı, terror hadisələri baş verirdi və buna qarşılıq olaraq PKK bazalarına bombardman da həyata keçirilirdi. Ankara qətliamından sonra insanlarda sabaha can güvənliyi və iş yerlərinin itirilməməsi məsələsi ortaya çıxdı. Seçici düşündü ki, əgər yenidən koalisiya məsələsi ortaya çıxarsa, insanların can güvənliyi qeyri-müəyyən hala düşə bilər. Odur ki, stabilliyə səs verdilər.
- Seçkilərdən sonra ortaya fərqli bir Türkiyə çıxacaq, yoxsa indiki durum və mənzərə davam edəcək?
- Çox fərqli bir Türkiyə ortaya çıxacaq. Artıq Türkiyə cəmiyyəti bölünmüş cəmiyyətdir. Yəni vahid cəmiyyətdən deyil, biz üz-üzə dayanan qüvvələrdən danışa bilərik. Bir tərəfdən AKP və onun başında Ərdoğan durur. Digər tərəfdə isə ziyalı təbəqə, sənət aləmi, universitetlər, Atatürkçü düşüncəli insanlar dayanır. Bu da, şübhəsiz ki, ölkə əhalisinin yarısı deməkdir. Zənnimcə, Ərdoğan indiyə qədər apardığı siyasəti davam etdirəcəksə, ölkə yenidən qeyri-stabilliyə sürüklənəcək.
- Sizcə, vəziyyətdən çıxış yolu nədir?
- Cənab Ərdoğan seçkilərdən sonra bütün qüvvələri qucaqlamalıdır. Lakin onun bütün qüvvələri qucaqlamağı şübhəlidir. Çünki indiyə qədər mövqeyini, digər siyasi qüvvələrə baxışını ortaya qoyub. Bundan sonra da, Ərdoğan başqanlıq sistemini ortaya qoyacaqsa, bu zaman vəziyyətin qeyri-stabilliyə doğru gedəcəyi ehtimalı var. Həm də çözüm sürəci də əhəmiyyət kəsb edir. Əminəm ki, yaxın günlərdə AKP hökuməti çözüm sürəci prosesinə yenidən başlayacaq. Çünki Ərdoğanın arzusu yerinə yetirilib və artıq onun PKK-nı bombalamağa ehtiyacı yoxdur. Bu baxımdan çözüm sürəcini bərpa edəcək və onu irəli aparacaq. Təbii ki, çözüm sürəci əvvəlkindən bir qədər fərqli olacaq və fərqli formada da aparılacaq. Amma əsas məsələ cəmiyyəti qucaqlamaq siyasətinin aparılıb-aparılmayacağı ilə bağlıdır.
- Deyirsiniz ki, seçkidən sonra PKK ilə münasibətlərdə sakitlik əldə ediləcək. Bəs İŞİD adlı qurumla münasibətlər necə olacaq?
- Düşünmürəm ki, Ərdoğan iqtidarı İŞİD adlı terror qurumu ilə böyük konfrontasiyaya getsin. Bu ehtimal azdır. Sadəcə, Türkiyə hökuməti Ankara terroru üzərində qurulan emosiyaları nəzərə alaraq müəyyən tədbirlər görəcək. Türkiyə ordusu və təyyarələri İŞİD-lə bağlı proseslərə aktiv cəlb olunmayıb. Həm də məsələyə dini baxımdan da yanaşa bilərik. Bu mövzu bir qədər mürəkkəbdir. Hökumətin bu istiqamətdə hansı addımlar atacağı yaxın günlərdə bəlli olacaq. İndi daha çox Türkiyədə olan İŞİD hücrələrinin məhv edilməsi siyasəti izləniləcək, nəinki Suriya və İraqda onların mövqelərinə hava zərbələri endirmək. gediləcək.
- AKP iqtidarı referenduma gedəcəkmi?
- Qənaətimcə, Ərdoğan buna gedəcək. Əgər HDP 1 faiz az səs toplasaydı, AKP referendumsuz konstitusiyanı dəyişəcəkdi və öz liderinin maraqları bununla da təmin olunacaqdı. Amma indi bunu həyata keçirmək üçün referenduma getmək lazım gəlir. Əgər referendum məsələsi, başqanlıq sisteminə keçid ortaya gəlsə, bu, stabilliyə təhlükə ola bilər. Bir var AKP və parlament seçkiləri, bir də var şəxsə görə sistemin dəyişdirilməsi. Məncə, əhalinin böyük əksəriyyəti başqanlıq sisteminin əleyhinədir. Rəy sorğularına görə, əhalinin yüzdə altmışı buna qarşıdır. Düzdür, artıq Ərdoğan bununla bağlı açıqlama verib və yəqin ki, milləti bu istiqamətə də kökləyəcək. İş ondadır ki, AKP hökumətində də bunu istəməyənlər var. Bu zaman iki hakimiyyətlik yarana bilər. Baxın, Ərdoğan başqanlıq sistemini ortaya qoymaqla baş nazirin və nazirlərin işləyə bilməməsi, bunun şərtlərə uyğun olmadığını vurğulamağa məcburdur. Bu da nazirlərlə və baş nazirlə Ərdoğan arasında problem yarada bilər. Bəli, indi Türkiyənin baş nazirliyində Ərdoğana bağlı şəxslər kifayət qədərdir. Amma istənilən halda onlar da indiki sistemin qalmasında daha çox maraqlıdır. Odur ki, başqanlıq sistemi hökumətin daxilində narazılıq yaradacaq. Nəticədə ikitirəlik iqtisadiyyatın inkişafına deyil, zəifləməsinə gətirib çıxara bilər. Hazırda parlamentdə AKP-nin əldə etdiyi deputat yerləri bu prosesi daha asan və sakit formada aparmağa imkan vermir. Ona görə də Ərdoğan çalışacaq ki, sövdələşməyə getsin. Bu sövdələşmə HDP ilə ola bilər. Amma HDP başqanlıq sisteminin qarşısını alan partiyadır. Bu mənada məsələlərin necə olacağını yaxın aylarda müşahidə edəcəyik.
Nemət