BAKI, 16 sentyabr. TELEQRAF

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib.

Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Bundan əvvəlki iclasda çıxış edən prokuror Hafiz Həsənovin 9 il azadlıqdan məhrum edilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 5 il sınaq müddəti seçiıməklə cəzanın şərti hesab edilməsini təklif etmişdi.

İttihama görə, təqsirləndirilən Hafiz Həsənov rəhbərlik etdiyi QHT-də layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal fondundan ümumilikdə 415 mindən artıq pul vəsaitini qrant alaraq leqallaşdırıb.

O, elan olunan ittihamla bağlı özünü təqsirli bilməyib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.